Azərbaycan devalvasiya müharibəsində uduzur

Azərbaycan devalvasiya müharibəsində uduzur. Manatın ucuzlaşdırılması ixracı artırmadı, əksinə xarici məhsullar Azərbaycan bazarını işğal edir.

Bu gün marketlərdə Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə istehsal olunan məhsullar yerli istehsal olan mallar ilə təxminən eyni qiymətə satılır. Bir çox hallarda isə daha ucuzdurlar.

BİR ÇOX XARİCİ MALLAR YERLİ MALLARDAN UCUZDUR

“Marja”nın marketlərdə apardığı müşahidələr göstərir ki, artıq hər bir mal qrupu üzrə yerli məhsullar sıxışdırılır. Məsələn, çay seqmentində Şiri-Lankada qablaşdırılan 100 qramlıq “Pratumi Tea” çayı 1,45-1,55 manata satıldığı halda, Azərbaycanda qablaşdırılan “Final Pekoe” 1.60 manata, “Beta” 1,65 manata satılır.

Kiloqram ilə satılan un üzrə də vəziyyət eynidir. Azərbaycan istehsalı, çəkisi 2 kiloqram olan “Doymak” unu 2,30 manata, “Bismak” 2,35 manata, “Oman” 2,12 manata satıldığı halda, Rusiyadan idxal olunan 2 kiloqramlıq “Tsar” markalı un 2,10 manata, “Qudvill” unu 2.05 manata alıcılara təklif olunur. Ümumiyyətlə, Rusiyanın “Qudvill” aqro-holdinqi bir çox malları ilə Azərbaycan bazarında təmsil olunur.

Makaron üzrə də xarici istehsal olan malların qiymətləri yerli malların qiymətlərinə yaxınlaşmaqdadır. Məsələn, yerli istehsal olan “Saville” və “Lafarella” makaronları 90 qəpiyə təklif olunduğu halda, Türkiyə istehsalı olan “Ankara” makaronu 95 qəpiyə satılır.

Duru yağ satışında da vəziyyət eynidir. Rusiya istehsalı olan yağların qiymətləri Azərbaycanda qablaşdırılan duru yağların qiymətlərinə yaxınlaşıb.

Meyvə nektarı bazarında yerli markalar olan “Vita1000” və “Jalə” qiymətdə Rusiya markalarına uduzurlar. Məsələn, Rusiya istehsalı olan “Moy” nektarı 1,25 manatdan satılır. Eyni sinifdə olan “Jalə” və “Vita1000” nektarları isə 1,30 manata təklif olunur.

Böyük ehtimalla, yerli istehsalçı “Ayan” şirkəti “Qızıl Quyu” limonadlarını satmaqda çətinlik çəkir. Çünki Gürcüstan və Rusiya istehsalı olan limonadlar yerli limonaddan çox da baha deyil. 0,5 litirlik “Qızıl Quyu” limonatı 82-85 qəpiyə alıcılara təklif olunduğu halda, Gürcüstan istehsalı olan “Zedazeni” 90 qəpiyə, Rusiya istehsalı olan “Slavyanoçka” 87 qəpiyə, “Rublik Kopeykin” 90 qəpiyə satılır.

Qeyri-ərzaq məhsulları üzrə də xarici mallar yerli mallar ilə təxminən eyni qiymətədir. Məsələn, 4 rulonlu “Aura” tuvalet kağızı 2,30 manata satıldığı halda, Türkiyə istehsalı olan “Papia” tuvalet kağızı 2,36 manata, “Silen” tuvalet kağızları isə 1,79 manata satılır.

Siyahını daha da uzatmaq olar. Supermarketlərdə xarici malların çeşidi çox, qiyməti də münasibdir. Üstəlik bir çox xarici mallar yerli mallardan keyfiyyətlidir. Apardığımız müşahidələr göstərir ki, alıcılar da xarici istehsal olan məhsullara üstünlük verirlər.

Ötən il Azərbaycan Mərkəzi Bankı, əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşdüyünü də əsas göstərərək 2 dəfə devalvasiyaya getdi. Hesab olunurdu ki, Manatın ucuzlaşması nəticəsində xarici mallar bahalaşdığından meydan yerli mallara qalacaqdır. Həmçinin, ucuz milli valyutanın Azərbaycan mallarının ixracını artıracağı gözlənilirdi. Amma bunların heç biri baş vermədi. Çünki, rəqiblərimiz də öz valyutalarını ucuzlaşdırmış, onların da ixracı daha sərfəli olmuşdu.

Xarici malların ucuzlaşmasının digər bir səbəbi gömrükdə inhisarçılığın aradan qaldırılmasıdır. İndi qanuni rüsumun ödənilməsilə bir çox malların idxalına icazə verildiyi bildirilir.

“NƏ ÜÇÜN YERLİ MALLAR BU QƏDƏR BAHADIR?”

Digər bir məsələ də araşdırma mövzusu ola bilər: Nə üçün yerli mallar bu qədər bahadır? Görəsən indiyədək yerli istehsalçılar öz vətəndaşlarımızı “soyublar”? Əgər xaricdən daşınan, xeyli yol, gömrük xərcləri ödənilən mallar yerli mallardan ucuzdursa, bir neçə kilometr uzaqlıqdan daşınan və gömrük rüsumu ödənilməyən yerli mallar nə üçün bahadır?

Öz bazarımızda yerli malların xarici mallar tərəfindən sıxışdırılması yaxşı hal deyil. Düzdür, məhsul çeşidinin çox və rəqabətin olması alıcıların xeyrinədir. Yerli istehsalçılarımız xərclərin aşağı salınması üzrəində işləməli, keyfiyyəti daha da artırmalıdırlar. (Marja)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button