Azərbaycan hakimiyyəti qeyri-azad şəraitdə söz azadlığına zəmanət verir

050200034852Bu gün Bakıda Excelsior otelində ATƏT, İMS, İREX, İRFS və Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” konfransı Azərbaycan hökumətinin KİV və İnternet üzərində nəzarətlə bağlı yeni təşəbbüslərinin daşıdığı ciddi təhlükələri üzə çıxarıb.

Maraqlıdır ki, konfransa dəvət edilmiş Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər hakimiyyət nümayəndələri konfransa məhəl qoymayıblar və eyni zamanda analoji mövzulu alternativ konfrans təşkil ediblər. Həmin tədbirdə Əli Həsənov beynəlxalq və yerli institutların Azərbaycanda KİV azadlığının vəziyyətinin pis olması haqqında qiymətləndirmələri və nəticələri təkzib edib. Əksinə, o iddia edib ki, ölkədə söz azadlığı mövcuddur və dövlət tərəfindən müdafiə olunur.

Hər iki tədbir mayın 3-də qeyd edilən Ümumdünya Mətbuatı Müdafiə gününə həsr olunmuşdu və onların paralel keçirilməsi Prezident Administrasiyasının təşəbbüskarı olduğu “suayrıcını” göstərir.

İRFS rəhbəri Emin Hüseynov bildirib ki, Excelsior-da konfrans əvvəlcədən planlaşdırılmışdı və Əli Həsənov, nə də digər rəsmi nümayəndələr son ana qədər tədbirdə iştirakdan imtina etməyiblər və alternativ konfrans haqqında heç nə deməyiblər.

Turan agentliyi bütün planlaşdırılan tədbirlər haqqında əvvəlcədən xəbər verən Beynəlxalq Media Mərkəzindən bildiriş almayıb, deyə Turan-ın direktoru Mehman Əliyev bildirib.

Bu halda ATƏT səfiri Karay Torgay ayaqüstü hər iki tədbirdə iştirak etmək məcburiyyətində qalıb. O, barışdırıcı tonda Azərbaycan hökumətinə ATƏT üzvlərinin söz azadlığını təmin etmək, habelə fikri ifadə etmək azadlığı hüququna hörmət etmək və bu hüququ dəstəkləmək öhdəliklərini xatırlatmağa çalışıb.

Bu mesaj ABŞ səfiri Riçard Morninqstar tərəfindən dəstəklənib, o, dövlətdə sabitliyin azad mətbuatdan və cəmiyyətdə obyektiv debatlardan keçdiyini qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia etiraf edib ki, Avropada da tənqid çoxlarının xoşuna gəlmir, amma hamı başa düşür ki, azad cəmiyyətin inkişafı üçün baxışların müxtəlifliyi və onların azad şəkildə ifadə olunması zəruridir.

Söz azadlığı və KİV sahəsində Azərbaycan ekspertləri tərəfindən təqdim edilmiş hesabatlar ötən il ərzində vəziyyətin pisləşdiyini göstərib.

Ekspert Ələsgər Məmmədli nümunə kimi “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin həddindən artıq yüksək məhkəmə cərimələrini, jurnalistlərə qarşı psixoloji və fiziki hədələri göstərib.

İlin əvvəllərindən etibarən jurnalistlərə 51 hücum hadisəsi qeydə alınıb və onlardan heç birinin üstü açılmayıb, baxmayaraq ki, bütün cinayətlərin 93%-nin üstü açılır”, deyə o qeyd edib.

Diffamasiya probleminə toxunan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2010-cu ildən heç bir jurnalist rəsmi olaraq peşə fəaliyyətinə görə həbs olunmasa da, 8 jurnalist rüşvət tələb etmə, xuliqanlıq, narkotik saxlama kimi uydurma ittihamlarla həbsdədir.

Cinayət və Mülki məcəllələrə İnternetdə şərəf və ləyaqətə xələl gətirilməsinə görə cəza haqqında Parlamentin qəbul edəcəyi düzəlişlərə xüsusi diqqət yetirilib. Hökumətin bu təşəbbüsü Azərbaycanda söz azadlığının məhv edilməsi üzrə ardıcıl siyasətə dəlalət edir, deyə İRFS direktoru Emin Hüseynov bildirib.

Konfransın sonunda qəbul edilən bəyanatda Azərbaycan hakimiyyəti mətbuat azadlığının pozulmasına son qoymağa və ölkə Konstitusiyası və onun beynəlxalq öhdəliklərinə uyğun olaraq KİV-in tam və azad inkişafı üçün şərait yaratmağa çağırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button