“…Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”

“Son vaxtlar üzə çıxan faktlar göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi”.
Bu barədə mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimində çıxış edən prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib: “Birinci dəfə sovet dövründə – 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə olub. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi.
Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın o vaxtkı tarixi çox uğurlu idi.
Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha ulu öndərə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı”.
Dövlət başçısı xatırladıb ki, Heydər Əliyevin həyatında bir neçə dövr olub: “Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o, Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var idi. Eyni zamanda Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı getsin.
Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə uğramağa başlamışdı və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. 1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet hakimiyyətində təmsil olunurdu”.
Prezident İ.Əliyev bildirib ki, Heydər Əliyev istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar: “Əfsuslar oşlun ki, o vaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni zamanda son vaxtlar üzə çıxan faktlar da onun göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu, tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı”.
Ölkə başçısı qeyd edib ki, Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdi: “O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi.
Ancaq əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi.
O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il, yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim”.
Prezident deyib ki, əgər Heydər Əliyev Moskvada bir qədər çox qalsaydı, həbs olunacaqdı: “O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı o vaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə – Naxçıvana üz tutdu.
Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.
O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdi. Naxçıvan dövrü də çox zəngin olmuşdu. Bu dövr çox ağır və eyni zamanda çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdı. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi, Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi.
Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü.
Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də ulu öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulub.
Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərildi. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanırdı. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar. 1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdı. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir”.
Prezident İ.Əliyev qeyd edib ki, 1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq: “Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi.
Ancaq uzun illər Kommunist Partiyasının üzvü olan, qanlı yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o, demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçdi. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o, tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdı. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə bu, onun üçün çox ciddi bir seçim idi. Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir.
Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir. Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu strateji seçim 1990-cı illərin ortalarında qəbul edilib və bu gün biz ulu öndərin siyasi xəttinə sadiq qalaraq müsbət meylləri daha da gücləndiririk”.
“Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdı. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir” – deyə İ.Əliyev daha sonra bildirib.
Prezidentin sözlərinə görə, milli-mənəvi dəyərlər birinci şərtdir: “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbd. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur”.
Prezident bildirib ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir: “Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə bağlı dünyada mərkəzlərdən birinə çevrilib. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir. Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi.
Bu gün Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir. Son iki həftə ərzində Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı Bakıda keçirilib. Ondan bir neçə gün sonra Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilib”.
Prezident qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır: “Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə, artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq.
Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu, varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu – heç nə”.
Prezident bildirib ki, Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür: “Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Bizim təsir imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda regional əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir, qarşılıqlı dəstəkdir.
Bizim başqa fikrimiz yoxdur. Ona görə regional inkişaf, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası – bütün bunlar Azərbaycan reallıqlarıdır.
Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var. Biz ölkəmizi gələcəkdə necə inkişaf etdirəcəyik?! Bu barədə bizim bütün proqramlarımız var, bu barədə vaxtaşırı məlumatlar verilir və xalq tərəfindən dəstəklənir”.
Prezident xatırladıb ki, Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək: “Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır”.
Prezident İ.Əliyev qeyd edib ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir: “Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük.
Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir.
Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar, pis olmazdı. Kimisə ittiham etməkdənsə elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər”.
Dövlət başçısı vurğulayıb ki, Azərbayacana qarşı kampaniyalar əslində heç vaxt dayanmayıb: “Sadəcə olaraq önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq.
İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır.
Ona görə bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button