Azərbaycan mediası “30 iyun – Sevgililər Günü”nü qeyd etdi – Fotolar

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail Rayon Təşkilatında “30 iyun – Sevgililər günü” ilə bağlı tədbir keçirilib.

Xural.com Yenicag.az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 yanvar hadisəsi zamanı şəhid olan İlham Allahverdiyevin və onun ölümünə dözməyib, intihar edən xanımı Fərizə Allahverdiyevanın məzarını ziyarət ediblər.

Birdəqiqəlik sükutla başlayan tədbirdə millət vəkilləri, ziyalılar, müharibə veteranları və bir sıra tanınmış şəxslər çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Şəmistan Əlizamanlı İlham və Fərizənin sevgisindən bəhs edib. O, gənclərin bu sevgidən nümunə götürmələrinin vacibliyindən danışıb.

Daha sonra millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib:

“Zaman keçdikcə biz onların qiymətlərini daha yaxşı verməyi bacaracağıq. Azərbaycan tarixinə nəzər yetirsək, bu sayaq qəhrəmanlar çox olub. İlham və Fərizənin sevgisi dastana çevriləcək. Tarixdə baş verən hadisələrdə daha çox iki şəxsin sevgisi önə çıxır. Bizim mentalitet üçün ailə çox önəmlidir. Hər kişinin arxasında yaxşı bir qadın dayanmalıdır. Onun arxası möhkəm olarsa, o kişi qəhrəman, sayılıb-seçilənlərdən olur. İlhamın arxasında onun sevdiyi qadın dayanmasaydı, bəlkə də o, bu addımı atmazdı. Onların toy günü olan 30 iyun – “Sevgililər günü” kimi rəsmi şəkildə qeyd olunmasa da, insanların arasında sevgi bayramı kimi qeyd olunur. Bununla bağlı işlərin aparılması vacibdir”.

Ramiz Rövşən isə çıxışında şəhidliyin onun düşüncəsində qəhrəmanlıqla müqayisədə daha yüksəkdə dayandığını bildirdi. Şəhidliyi insan fədakarlığının zirvəsi adlandıran sevilən şair qeyd etdi ki, Fərizə İlhamın qara paltarlı qadını olmaq istəmədi. O, bu obrazların ədəbiyyata gətirilməsinin vacibliyini də vurğuladı.

Millət vəkili Aqil Abbas isə çıxışında bir məqama təəssüfləndiyini bildirdi:

“Kaş ki, İlhamla Fərizənin bir övladı olardı. O, bu günü görüb, fərəh hissi keçirəcəkdi”.

Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət isə ailə quran gənclərin mütləq şəkildə İlhamla Fərizənin məzarını ziyarət etməli olduqlarını bildirib. O, özü də 2001-ci ildə ailə qurarkən xanımı ilə şəhidlərin məzarını ziyarət etdiklərini söyləyib. “Ailələrin təməli bu məzarı ziyarət etməklə başlamaladır” deyə, Azər Həsrət qeyd edib.

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raqub Orucovun xanımı Sevinc Alızadə də tədbirdə iştirak edənlər arasında idi. “Murov qartalı”nın xanımının çıxışı olduqca emosional alındı:

“90-cı illərin gəncliyi belə idi. 17 il Raqub Orucovun arxa cəbhə yoldaşı olmuşam. O, şəhidlik zirvəsinə ucaldıqdan sonra da mübarizəmi davam etdirirəm. Təkcə həyat yoldaşımı yox, bütün şəhidlərimizi təbliğ edirəm. Şəhid ailəsi olaraq heç vaxt ögey münasibət görmədim. İllər ötsə də şəhidlərimiz anılacaq. Biz təbliğatımızı könüllü şəkildə aparmaqda davam edirik”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da çıxışında bu tip tədbirlərin vacibliyini qeyd edib:

“İlhamla Fərizənin sevgisi gənclər üçün əsl nümunədir. Bizlər məhz belə sevgi nümunələrini təbliğ etməliyik”.

Millət vəkili Elman Nəsirov isə İlhamla Fərizənin sevgisinə biganə yanaşanların zamanla azaldığını söyləyib:

“Bu sevgi qarşısında baş əymək lazımdır. Biz burada şəhid sevgililərin şəkilini görürük. Bəzən şəkillərdə cütlüklər fərqli istiqamətə baxırlar. Amma bu şəkildən də görünür ki, onların baxdıqları istiqamət birdir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər və bir çox başqa qonaqların da iştirak etdiyi tədbir 30 iyun – Sevgililər gününün rəsmiləşdirilməsi ilə bağlı yekdil çıxışlarla başa çatdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button