“Azərbaycan ordusunu gücləndirməsi, Qarabağda müharibəyə hazırlıqdır”

vertalyot-tank-doyus

Ermənistan ordusunun döyüş qabiliyyətinin səviyyəsi aşağı düşür.

Rusiya baş nazirinin müavini, hərbi sənayeyə cavabdeh olan Dmitri Roqozinin Bakı səfəri Rusiya mətbuatının və hərbi ekspertlərin diqqətini cəlb edib.

Xural.com  anspress.com-a istinadən xəbər verir ki, Rusiya KİV-i bu səfərə geniş yer ayırıb.

“Kommersant” qəzeti yazır ki, Roqozinin Bakıya səfərinin əsas məqsədi guya Azərbaycanın 2011-ci ildə bağlanmış müqavilələr əsasında sifariş verdiyi silahların bir qisminin pulunu ödəyə bilmədiyinə görə Bakıyla borc danışıqları aparmaq məqsədi daşıyır. Amma rəsmi açıqlamada hərbi-texniki əməkdaşlıq barədə müzakirələrin aparıldığı haqda heç nə deyilməsə də, ekspertlər şübhə etmir ki, bu məsələ də müzakirə olunub. Qeyd olunur ki, ola bilər ki, Azərbaycan Rusiyadan yeni hücum silahları almağa hazırlaşır.

Tərəflərin hərbi-texniki əməkdaşlıq barədə müzakirələr apardıqlarını Roqozinin “Tvitter”dəki qeydi təsdiq edir:

“Bakıda səfərin əsas nəticəsi belədir: tərəflər belə həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiq etdilər”.

Roqozinin Bakı səfərini təhlil edən “Ruskaya planeta” portalı yazır ki, 2010-2014 il dövründə Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma bağlayıb.

Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, “Tor-2ME”), özüyeriyən artilleriya quraşdırmaları (“Msta-S”), ağır oqnemyot sistemləri (“TOS-1A”), yaylım atəşinin (“Smerç”) reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu.

Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər.

Portal Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıq olduğunu qeyd edir:

“Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salıb.

“Global Fire Power” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. “Azərbaycanın ordusunu gücləndirməsi, şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir”.

Portal bu haqda hərbi ekspertlərin sözlərini sitat gətirərək bildirir ki, Ermənistan Azərbaycan silahlı qüvvələrinin təzyiqi qarşısında dayanmayacaq.

Qeyd edək ki, son günlər Rusiyanın yüksək vəzifəli məmurları Azərbaycana tez-tez səfər edir. Məsələn, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.

Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib.

Martın 4-də isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button