Azərbaycan prezidenti Həsən Mirzəyevin vəfatı ilə əlaqədar başsağlığı verib – VİDEO

hesen Mirze25.02.2015
Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev bu gün vəfat edib.

APA-nın məlumatına görə, bununla əlaqədar imzalanmış nekroloqda deyilir:

 H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən H. Mirzəyev 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə o, dərin məsuliyyətlə yanaşaraq, fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirib.

H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti təqdirə layiqdir. H. Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu.

Filologiya üzrə ixtisaslı kadrların hazırlanması işində H. Mirzəyev öz bilik və bacarığını əsirgəməyib. Onun rəhbərliyi altında bir çox tədqiqatçı dissertasiya müdafiə edib. H. Mirzəyevin dilçiliyin aktual məsələləri ilə bağlı müxtəlif elmi simpozium və konfranslardakı çıxışları daim rəğbətlə qarşılanıb.

1990-cı illərin əvvəllərindən etibarən respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı H. Mirzəyev fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib və taleyüklü hadisələrə münasibətdə Azərbaycan xalqının milli mənafelərinə daim sadiq qalıb.

H. Mirzəyevin çoxillik elmi-pedaqoji və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib. O, bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb. Tanınmış pedaqoq, dilçi alim və xeyirxah insan H. Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Elçin Əfəndiyev
Əli Həsənov
Əli Əhmədov
Akif Əlizadə
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Mikayıl Cabbarov
Anar Rzayev
Yusif Məmmədov
Ağamusa Axundov
Tofiq Hacıyev

VİDEO

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button