Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

milli-meclis421.06.2013

İyirmi ildən artıqdır ki, Azərbaycan Respublikası demokratik inkişaf yolunu seçmişdir və hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının möhkəmləndirilməsi üçün geniş miqyaslı işləri ardıcıl davam etdirir. Bu istiqamətdə tədbirləri həyata keçirərkən bizim dövlətimiz bir sıra Avropa qurumları ilə sıx əməkdaşlıq edir. Xüsusən, Avropa İttifaqı və Avropa Parlamenti ilə dinamik əlaqələr mövcuddur. Avropa İttifaqı ilə 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi uğurla həyata keçirilir.

2004-cü ildə Azərbaycan “Avropa qonşuluq siyasəti”nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha da güclənmişdir. 2009-cu ilin may ayından ölkəmiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. Assosiasiya müqaviləsi ilə bağlı danışıqlar davam etdirilir.

Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi təşkil edilmişdir. Bu qurumlar ikitərəfli əməkdaşlıq münasibətlərində qarşıya çıxan məsələlərin konstruktiv məcrada müzakirə edilməsi və mümkün anlaşılmazlıqların aradan qaldırılması üçün yaxşı platforma yaradır.

Belə bir şəraitdə bu il iyunun 13-də Azərbaycanla bağlı məsələnin təcili bir məsələ kimi Avropa Parlamentinin plenar iclasına çıxarılmasının və bu barədə qətnamə qəbul edilməsinin hansı fövqəladə səbəblərdən irəli gəldiyi aydın deyildir. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi bəzi narahatedici məqamlara diqqəti cəlb etməyi lazım bilir.

Əvvəla, Avropa Parlamenti kimi nüfuzlu bir beynəlxalq təşkilatın yoxlanılıb dəqiqləşdirilməmiş məlumatlara əsaslanaraq bütün Azərbaycan hakimiyyətini qınayan, xüsusi məsələləri həddindən artıq sərbəst, daha doğrusu, birtərəfli şəkildə dəyərləndirərək ümumi inkişaf meyli kimi qələmə verən, ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan qərəzli bir sənəd qəbul etməsi dərin təəssüf doğurur. Müəyyən etmək çətin deyildir ki, qətnamədə adları hallandırılan şəxslər konkret cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə həbs edilmişlər, aparılan istintaqın uzadılması işdə yeni halların üzə çıxması ilə bağlı olmuşdur. Hər halda bu məsələlər məhkəmənin səlahiyyətinə daxildir və onların azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılı olacaqdır. İstintaq altında olan bir şəxsin təcili şəkildə və qeyd-şərtsiz azad olunmasının tələb edilməsinin qanunun aliliyinə hörmət prinsipi ilə bir araya sığmadığı hər kəsə aydın olmalıdır.

Ölkədə keçiriləcək prezident seçkilərində namizəd olan hər hansı şəxsin həbsi ilə bağlı iddialara gəlincə, Azərbaycanda prezident seçkiləri hələ təyin edilməmişdir və heç bir namizəd rəsmi qeydiyyatdan keçməmişdir. Hər hansı siyasi qurumun qarşıdakı prezident seçkiləri ilə bağlı qərar və mülahizələri heç kəsə konkret cinayət əməllərinə görə məhkəmə təqibindən immunitet hüququ vermir.

Avropa Parlamentinin qətnaməsində qaldırılan məsələlərdən biri də internet informasiya resurslarında kütləvi nümayiş etdirilən təhqir və böhtana görə Cinayət Məcəlləsində edilən dəyişikliklər barəsindədir. Əlbəttə, bu dəyişikliklər şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasını, ifadə və söz azadlığının sivil həyata keçirilməsini təmin etmək zərurəti ilə bağlıdır və həmin azadlığın hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. Bizim ölkəmizdə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi fəaliyyət göstərir. Digər tərəfdən, Cinayət Məcəlləsinin müvafiq maddələri və onlarda edilən dəyişikliklər diffamasiya haqqında qanunvericiliyin qəbul olunmasına heç bir maneə törətmir.

Azərbaycan xalqı könüllü olaraq demokratik dəyərlərə əsaslanan cəmiyyət quruculuğu yolunu tutmuşdur. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi vardır və bu mexanizm Avropa qurumları ilə əməkdaşlıq şəraitində yaradılmışdır. Ölkədə insan hüquqları və azadlıqları həm qanunvericilik, həm də qanunların icrası səviyyəsində etibarlı müdafiə olunur. Məhz buna görə də Azərbaycanın insan hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə edilməsi qeyri-obyektiv və qərəzli yanaşma kimi qiymətləndirilməlidir.

Təəssüf doğuran məqamlardan biri də budur ki, Avropa Parlamentinin adı çəkilən qətnaməsinin qəbulu təşkilatın Azərbaycanla bağlı siyasətini müəyyən istiqamətə yönəltməyə cəhd göstərən siyasi qüvvələrin olduğunu nümayiş etdirir. Buna sübut kimi, qətnamənin Avropa İttifaqı-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldə biləcək “Cənub dəhlizi” layihəsinə dair tarixi əhəmiyyətli qərarın qəbul edilməsi və Azərbaycan dövlətinin başçısının Brüsselə səfəri ərəfəsində müzakirəyə çıxarılmasını, cəmi 32 nəfərin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan ölkələrin və qurumların istiqamətləndirdiyi deputatların xüsusi fəallıq etməsini göstərmək olar.

Azərbaycan Respublikası müstəqil dövlətdir və Avropa İttifaqı ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdirməyə tərəfdardır. Heç bir qurumun Azərbaycanla öyüd-nəsihət tərzində, “böyük qardaş” mövqeyindən danışmağa haqqı yoxdur.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsini ikitərəfli münasibətlərə vurulan zərbə hesab edərək, konstruktiv əməkdaşlıqdan geriyə çəkilmə kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 21 iyun tarixli iclasında qəbul edilib)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button