Azərbaycan siyasətçiləri cəbhədəki vəziyyətlə bağlı nə düşünürlər?

Cəbhədə silahlar susmur

Son günlər cəbhə xəttində baş verənləri Azərbaycan siyasətçiləri necə dəyərləndirirlər?

Müstəqil politoloq Ərəstun Oruclu Azadlıq radiosuna verdiyi müsahibəsində cəbhə xəttində baş verənlər haqda obyektiv məlumat almaq imkanlarının məhdud olmasından gileylənib və bildirib ki, müharibə şəraitində birtərəfli məlumatların ötürülməsi bəlkə də təbiidir:

“Azərbaycanın torpaqları işğal altındadır və ərazisi işğal altında olan dövlət gec ya tez buna müəyyən bir şəkildə hərbi reaksiya verməlidir ki, bu da zaman-zaman verilib”. Ərəstun Oruclunun qənaətinə görə son hadisə həm də ABŞ-Azərbaycan münasibətlərində yaxınlaşmanın müşahidə olunması ilə əlaqədardır:

“Hər kəs yaxşı anlayır ki, Azərbaycanın bölgədəki mövqeyindən – coğrafi mövqeyindən asılı olaraq, onun bu və ya digər dövlətin tərəfində olmasını açıq şəkildə arzulayırlar. Rusiya Azərbaycanı öz təsir dairəsində görmək istəyir. ABŞ və Qərb də Azərbaycanı öz tərəflərində görmək istəyirlər. Çünki Azərbaycandan mühüm kommunikasiya xəttləri keçir və keçəcək. O cümlədən mühüm iqtisadi layihələrdə vardır ki, o Azərbaycan tərəfindən həyata keçiriləcək. Bu da maraqların kəsişdiyi və toqquşduğu bir nöqtədir. Bu baxımdan cəbhədəki hadisələrin Azərbaycanın apardığı beynəlxalq siyasətlə birbaşa əlaqəsi var. İndiki geosiyasi vəziyyət bir müddət əvvəlki vəziyyətdən xeyli fərqlənir. İndi daha həssas məqamdır. Azərbaycan Silahlı Ordusunun bir neçə mövqeyi ələ keçirməsi güman etmək olar ki, sülh danışıqlarını hərəkətə gətirəcək”.

İsa Qəmbərin Facebook səhifəsində yayımladığı fikrinə gəlincə, “bu gün baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, Gerçəklikdir. Bu günkü hadisələr bir daha sübut etdi ki, Azərbaycan istər siyasi, istərsə də hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyə qadir və layiqdir. Yetər ki, Moskvanın Cənubi Qafqaza müdaxiləsi aradan qaldırılsın, Rusiya özünün çoxsaylı problemləri ilə məşğul olsun.
Tanrı Şəhidlərimizin ruhunu şad eləsin!
Tanrı Azərbaycanımızı qorusun!”

Müsavat partiyasının başqanı Arif Hacılı hesab edir ki, “döyüş əməliyyatları davam edəcəksə bu əməliyyatların konkret siyasi hədəfləri göstərilməli, bu istiqamətdə ümummilli təbliğat kampaniyası təşkil edilməlidir.

Təklif edirəm:

1.BMT Təhkükəsizlik Şurasının Qarabağ konflikti ilə bağlı 4 qətnaməsi yerinə yetirilsin.

2. Erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılsın.

3. Minsk Qrupu üzv dövlətləri sülh danışıqlarını davam etdirmək üçün yalnız Türkiyə, Polşa və digər ölkələr də daxil olmaqla tam tərkibdə toplaşsın və.s

Proses bu və bu tipli beynəlxalq hüquq normalarına uyğun olan konkret siyasi tələblərlə davam etdirilməlidir”.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazır:

“Dövlət rəhbərliyi tarixi fürsəti dəyərləndirməyi bacarmalı idi. Azərbaycanın birtərəfli qaydada hərbi əməliyyatları dayandırdığını bəyan etməsi nə qədər düzgün qərardır? Dünyada sülhpərvər görünmək üçün torpaqlarımızın işğal altında qalmasına 23 il dözmək kifayət etməyib? Lazım indi də gəlmədisə, bəs nə zaman gələcək?

Hazırda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə torpaqlarımızın işğaldan azad edilməsi üçün son illərdə heç vaxt olmamış əlverişli şərait formalaşıb:

1. Nüfuzlu dünya mətbuatı qəbul edib, yazdı ki, atəşkəsi ermənilər pozub. Yəni atəşkəsin pozulması məsuliyyətini biz daşımırıq.

2. Maşallah, ordumuzun döyüş əzmi yüksəkdir.

3. Ölkə daxilində Qarabağın işğaldan azad edilməsi məsələsində milli həmrəylik mövcuddur. Ordumuz müxalifət və cəmiyyət tərəfindən birmənalı dəstəyə malikdir.

4. Azərbaycanın Qərblə – dünyanın aparıcı güc mərkəzlərilə münasibətləri məhz indi daha yaxşıdır.

5. Әsas strateji müttəfiqimiz Türkiyə ilə münasibətlərimiz də son 23 ildə ən yüksək səviyyəsindədir. Türkiyədən heç zaman (Rusiya ilə münaqişə səbəbindən) Ermənistanla savaş məsələsində indiki qədər hərbi dəstək almaq imkanımız olmayıb.

6. Ermənistan özünün çətin zamanlarını yaşayır. İqtisadi və daxili siyasi durumları gərgin, Rusiyanın Avrasiya İttifaqına girməkləri səbəbindən Qərblə münasibətləri pisləşmiş vəziyyətdədir.

7. Ermənistanın əsas müttəfiqi olan Rusiya da çətin dövrünü yaşayır. Ukrayna və Suriyada münaqişdə iştirakı və çətin iqtisadi vəziyyəti imkan vermir ki, Rusiya Ermənistana qeyri-məhdud səviyyədə kömək etsin.

8. Pakistanın, Türkmənistanın, Ukrayna və Belarusun hazırkı şəraitdə ölkəmizə açıq dəstək ifadə etməsi də, təkcə xalqımızın özgüvənini artırmır, həm də müharibə şəraitində praktik dəstəyə də zəmin yaradır.

Bu siyahını uzatmaq da olar. Әsas fikir ondan ibarətdir ki, işğal altında olan torpaqları azad etmək üçün bu qədər əlverişli şərait hər zaman olmur…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button