Azərbaycan və Ermənistan prezidentləri Qarabağ nizamlanması məsələsində irəliləyişin olduğunu bəyan edirlər

23.01.2012 

Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçi görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul ediblər.

Sənəddə qeyd olunur ki, görüş Rusiya prezidentinin dəvəti ilə baş tutub. İştirakçılar Dağlıq Qarabağ nizamlanmasının gedişini və perspektivlərini müzakirə ediblər.

Üç dövlət başçısı 2008-ci il noyabrın 2-dən başlanan görüşdən bu yana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülən işin böyük həcmini qeyd ediblər.

Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə edilib.

İki prezident ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin (Fransa və ABŞ) vasitəçilik fəaliyyətinə yüksək qiymət veriblər.

Üç ölkənin prezidenti həmsədrlərin ATƏT sədrinin şəxsi nümayəndəsi ilə birgə atəşkəs xətti boyunca araşdırmaların keçirilməsi mexanizmi haqqında hazırladıqları məruzəni dinləyib və bu işin davam etdirilməsini tapşırıblar.

Prezidentlər bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elm və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

***

Medvedev Əliyev və Sarkisyanla ikitərəfli görüşlər keçirib, bundan sonra üçtərəfli məsləhətləşmələr başlayıb

Bu gün günorta Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanması üzrə üçtərəfli görüşü keçirilib.

Buna qədər Medvedev Sarkisyan və Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirib.

Azərbaycan prezidenti ilə görüşdə Medvedev Bakı və Moskva arasında ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparıb, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Biz Qafqazla sıx əlaqəli olan dövlətlərik və Qafqaz regionunda, eyni zamanda dünyanın bizə bitişik digər bölgələrində baş verən heç bir hadisəyə biganə deyilik.

Əlbəttə, Ermənistan prezidentinin iştirakı ilə üçtərəfli görüşümüz çox vacibdir. Son illər çox sayda belə görüşlər olub. Biz müəyyən mənada irəliləyiş əldə etmişik, yəqin ki, müəyyən yerlərdə böyük çətinliklər var, amma hesab edirəm ki, bu dialoq faydalıdır və ümid edirəm ki, bu əlaqələr gələcəkdə də davam etdiriləcək”, deyə Medvedev bildirib.

Buna cavab olaraq Əliyev Medvedevə “Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı üzrə səylərini davam etdirdiyi üçün” təşəkkür edib. “Bir çox görüşlər keçirilib. Siz də qeyd etdiyiniz kimi, ümidverici məqamlar da olub, pessimizm hissini gücləndirən anlar da olub, amma proses davam edir. Və Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik yaradır. Azərbaycan regionda tezliklə sülhün bərqərar olması üçün bu münaqişənin ən qısa zamanda nizamlanmasının tərəfdarıdır”.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button