Azərbaycan vətəndaş cəmiyyətinin Fransua Ollanda çağırışı

Fransua Ollanda11.05.2014

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət böyük bir qrup Fransa prezidenti  Fransua Ollandın mayın 11-də Bakıya başlayan səfəri ərəfəsində ona müraciət edib. Müraciətdə Azərbaycan rəhbərliyi ilə danışıqlarda ölkədə insan hüquqlarının pozulması məsələsinin qaldırılmasına çağırış səslənir.  Müraciət müəllifləri – vətəndaş cəmiyyətinin 30 tanınmış fəalı Ollanddan xahiş edirlər ki, insan haqları probleminin həllində nəzərəçarpacaq irəliləyiş olmayınca, jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi fəallara qarşı təqiblərə, ifadə, assosiasiya və dinc toplaşma azadlığının pozulmasına son qoyulmayınca    Fransa və Azərbaycan arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində münasibətlərin möhkəmləndirilməsində irəliləyişin mümkün olmayacağını açıq şəkildə bildirsin.  

Xatırladılır ki, Azərbaycan mayın 14-də təsisçilərindən birinin Fransa olduğu Avropa Şurası Nazirlər Komitəsində altı ay müddətinə sədrliyə başlayır.   Odur ki, müraciət müəllifləriAzərbaycanda insan hüquqlarına əməl edilməsinin təşviqində Fransanın daha fəal rolunu gözləyirlər.   Müəlliflər həmçinin xatırladırlar ki, 2013-cü ilin yanvarında  AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməni qəbul etməyib, hakimiyyət vətəndaş cəmiyyətinin ən azı 30 fəalını, jurnalist və hüquq müdafiəçisini həbs edib.  Son vaxtlar isə Azərbaycanda insan hüquqlarına və siyasi islahatlara tərəfdar olanlara qarşı repressiya güclənir. Əsasən jurnalist Rauf Mirqədirovun vətənə xəyanət ittihamı ilə həbs olunması, “Fəxri legion ordeni” kavaleri hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqlər qeyd edilir.   Bundan əlavə, mayın 6-da məhkəmə NİDA gənclər hərəkatının 8 fəalını üzunmüddətli həbs cəzasına məhkum edib.   Bundan əvvəl “Xural” və “Tolışi sado” qəzetlərinin baş redaktorları Əvəz Zeynallı və Hilal Məmmədov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, “Respublika alternativi” vətəndaş hərəkatının lideri İlqar Məmmədov uzunmüddətli həbs olunublar.   Hakimiyyət həbslərlə yanaşı QHT sahəsində qanunvericiliyi sərtləşdirib, kiçik pozuntulara görə iri məbləğdə cərimə müəyyən edib. Bu, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı mətbuatda çirkin kampaniyanın aparılması, həmçinin QHT-lərin nəinki açıq, həm də qapalı yerlərdə tədbirlər keçirməsinə qadağa qoyulması ilə müşayiət edilir.   Müraciət müəlliflərinin fikrincə, Avropa Şurasının üzvü və həmtəsisçisi kimi Fransa Azəbaycanda insan hüquqlarının pozulmasına qarşı mübarizədə, insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycan hökumətinə tövsiyələrin verilməsində məsuliyyət daşıyır.   “Biz sizi və Fransa hökumətini Azərbaycan hakimiyyəti ilə ən yüksək səviyyəli görüşlərdə bu məsələni qaldırmağa, söz, assosiasiya azadlığına qarşı repressiyaları tənqid etməyə, hüquq müdafiəçilərinə təqiblərə son qoyulmasını, həbsdə olanların dərhal azadlığa buraxılmasını tələb etməyə çağırırıq”, – müraciətdə vurğulanır.   Olland Bakıya saat 18:00-a yaxın gəlir. O, Bakıdakı Fransa litseyinə gedəcək, Azərbaycanda fəaliyyət göstərən Fransa işğüzar dairələrinin nümayəndələri ilə görüşəcək.   Mayın 12-də iki ölkə prezidentinin təkbətək, sonra  isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olacaq, sənədlər imzalanaq, həmçinin Fransa-Azərbaycan biznes-forumu keçiriləcək.   Bundan əlavə, Olland Azərbaycan vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələri ilə görüşəcək.   Günün ikinci yarsında Olland Bakıdan Yerevana gedəcək. Regiona turnenin sonunda o, Gürcüstana səfər edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button