Azərbaycan xalqı şəhidlər qarşısında vəfa borcunu verir… Şəhidlər Xiyabanından reportaj – FOTOSESSİYA

Bu gün SSRİ hərbi qüvvələrinin hücumu ilə Bakının qan gölünə döndüyü o məşum gündən, 20 Yanvar faiciəsindən 28 il ötür. Hər il olduğu kimi, bu il də xalqımız qan yaddaşını unutmur, Azərbaycanı müstəqilliyə aparan o qürur gününü Şəhidlər Xiyabanında, şəhidlərin məzarları önündə anır. 

Musavat.com-un hazırda Şəhidlər Xiyabanında olan müxbiri xəbər verir ki, Ümummilli hüzn günü ilə əlaqədar hökumət və dövlət nümayəndələri, siyasi partiyalar, o cümlədən sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edirlər.

Parlament prospekti bu istiqamətdə nəqliyyatın hərəkəti üçünü bağlı olduğundan ziyarətçilər prospekti boyunca Şəhidlər Xiyabanına doğru kütləvi şəkildə hərəkət edirlər. Ziyarətçi sayının çox olması səbəbindən Bakı Polis Qarnizonu da gücləndirilmiş rejimdə çalışır.

Havanın soyuq və küləkli olmasına baxmayaraq, ziyarətçilər arası kəsilmədən Xiyabana axın edir. Onların arasında azyaşlı uşaqlara, yaşlılara, hətta əlillərə də rast gəlmək mümkündür. Bu isə xalqımızın öz qəhrəmanlarına, mübariz övladlarının ruhuna nə sadiq olmasından xəbər verir. Fotolarda əksini tapan mənzərənin verdi mesaj isə budur: “Şəhidlər ölmür və unudulmur”.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi, dinc əhaliyə divan tutuldu, yalnız Bakıda 131 insan qətlə yetirildi, çox sayda insan isə yaralandı və itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Sonradan məlum oldu ki, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə – yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.

Musavat.com Şəhidlər Xiyabanından fotoları təqdim edir.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button