Azərbaycan yenidən beynəlxalq təzyiq altında

14.03.2013

Əvəz Zeynallı barəsində məhkəmə hökmü beynəlxalq ictimaiyyəti hərəkətə gətirdi

JMK-nın bəyanatından: “Bunlar Azərbaycanı dünyada insan haqlarını pozan ən pis ölkələrlə bir sıraya qoyur”

Azərbaycan yenidən dünya mediasının gündəmindədir və bu dəfə də pis mənada. Son günlər ölkədə baş verənlər yenidən Azərbaycanda mövcud olan avtoritarizmi dünya mediasının müzakirə mövzusuna çevirib.“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sifarişli məhkəmə hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsi müxtəlif xarici media qurumlarının diqqət mərkəzinə düşüb. Həmin materiallardan bəzi çıxarışları təqdim edirik:
“The News International” xəbər portalı Ə.Zeynallının həbsini ölkənin diktatura qaydaları ilə idarə edilməsinin nəticəsi kimi təqdim edib: “Hakimiyyət tənqidçiləri Azərbaycanda müstəqil qəzetin baş redaktorunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini neftlə zəngin olan bu ölkədə insan haqlarının tapdalanması nümunəsi kimi izah edirlər. Cənubi Qafqazda yerləşən, əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan və keçmişdə sovet respublikası olmuş Azərbaycan diktatura qaydasında idarə edilir. Bu idarəçilik fərqli düşüncəni və söz azadlığını boğması səbəbindən tez-tez beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt şəkildə tənqid edilir.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs etdirən deputatın özü də hazırda dələduzluq ittihamı ilə həbsdədir.
Məhkəmənin hökmü elan edildikdən sonra Əvəz Zeynallının tərəfdarları məhkəmə binasının qarşısında “Azadlıq” şüarları səsləndiriblər”.
“BBC News” da Əvəz Zeynallının həbsi barədə xəbərə ölkə rəhbərliyinin insan haqlarını pozması üzündən beynəlxalq ictimaiyyətin qınağına tuş gəlməsi barədə şərhləri əlavə edib. Xəbərdə deyilir: “Əvəz Zeynallı hakim partiyanın üzvündən pul tələb etməkdə ittiham olunur, amma onun özü həbsinin yüksək vəzifəli məmurlarla bağlı yazılarına görə qisas məqsədi daşıdığını bildirir. İnsan haqları qrupları məhkəmənin qərarını pisləyən bəyanatlar veriblər.
Ə.Zeynallının həbsini tələb etmiş deputatın özü də 1 milyon dollar müqabilində parlamentdə deputat yeri satdığına görə həbs edilib.
Prezident İlham Əliyev ifadə azadlığını məhdudlaşdırdığına görə beynəlxalq insan haqları qrupları tərəfindən qınağa tuş gəlir, amma onun hökuməti ölkədə tam ifadə azadlığının və fəal müxalifət mediasının olduğunu deyir. İnsan haqları fəalları bildirirlər ki, Əvəz Zeynallının həbsi jurnalistləri qorxutmaq və prezident seçkilərinə doğru ölkə rəhbərliyinə qarşı tənqidləri susdurmaq üçün hakimiyyətin cəhdlərindən biridir.
Ötən bir neçə ayda Azərbaycanda qeyri-adi dərəcədə çoxlu sayda anti-hakimiyyət etiraz aksiyaları keçirilib və hakim partiya daxilində korrupsiyanın artmasına dair iddialar da çoxalıb.
Jurnalistlər və siyasətçilər cənab Əliyevə müraciət edərək Ə.Zeynallının qəzet yaılarına görə yanlış olaraq mühakimə edildiyini bildirərək onu azad etməyə çağırıblar.
“Xural” qəzetinin başqa bir əməkdaşı cənab Əliyevin hökuməti ilə sıx əlaqələri olan dini lideri tənqid edən yazısının ardından həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi”.
“The Daily Herald” qəzeti də baş redaktorun həbsi ilə bağlı xəbər yayıb və insan haqları qruplarının bu həbsi sifarişli adlandırdıqlarını xatırladıb. Bu media qurumu da Əvəz Zeynallını tutduran keçmiş deputat Gülər Əhmədovanın 1 milyon dollar həcmində fırıldaqçılıq ittihamı ilə həbsdə olduğunu xatırladıb.
Eyni məzmunda material populyar “Business Week” nəşrində də yer alıb. Qəzet Əvəz Zeynallının vəkili Yalçın İmanova istinadən həbsin sifarişli olduğunu yazıb. Bu nəşrdə də Gülər Əhmədovanın “mandat alveri” barədə xəbər yer alıb. “Business Week” nəşrinin yaydığı bu xəbər “Charlotte Obsrver” qəzetində də yer alıb.
Martın 12-də isə ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon tərəfindən imzalanmış bəyanat yayımlanıb. Komitənin bəyanatı faks vasitəsilə İlham Əliyevə göndərilib. Müraciətin surəti həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova, ABŞ-ın Azərbaycandakı səfiri Ricard Morninqstara, ABŞ dövlət katibinin köməkçiləri Uzra Zeya və Filip Qordona, ATƏT-də ABŞ nümayəndəliyinin həmsədri Kristofer Smitə, ATƏT-in xüsusi nümatəndəsi Dunya Miyatoviçə, Avropa Birliyinin xüsusi nümayəndəsi Ketrin Eştona və çoxlu sayda Azərbaycan və beynəlxalq qurum məmurlarına ünvanlanıb.
Müraciətdə deyilir: “Zati-Aliləri! Jurnalistləri Müdafiə Komitəsi diqqətinizə çatdırır ki, Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət pisləşib və by hal hökumərinizin öhdəliklərini təhlükəyə atır, beynəlxalq imicinizi ləkələyir və qarşıdan gələn prezident seçkilərinin şəffaflığını əngəlləyir. Sizi bu tendensiyanı geri çevirmək üçün addımlar atmağa və mətbuatın həbs, hücumlar və siyasiləşmiş cinayət təqibindən qorxmadan azad şəkildə işləməsinə şərait yaratmağa çağırırıq.
Siz və məmurlarınız ölkənizin demoktatik olduğunu dəfələrlə demisiniz və dəfələrlə mətbuata qarşı basqıları pisləmisiniz. Bununla belə bzim Komitənin tədqiqatları bunun əksini göstərir. Bu tədqiqatlar ölkənizdə mətbuat azadlığı üçün mühitin Sizin və məmurlarınızın təsvir etdiyindən əhəmiyyətli dərəcədə pis olduğunu üzə çıxarıb. Hökumət jurnalistlərin həbsini davam etdirir, prokurorlar jurnalistlərə qarşı hücumları təhqiq etmir və məhkəmələr müstəqil media qurumlarına şişirdilmiş həcmdə cərimələr kəsirlər. Həmçinin parlament yerli QHT-lərin beynəlxalq qurumlar tərəfindən maliyyələşməsini və İnternet vasitəsilə ifadə azadlığını məhdudlaşdırmağa çalışır…
Beynəlxalq təzyiqlərə baxmayaraq hakimiyyət korrupsiya və insan haqları pozuntularından yazan jurnalistlərin həbsini davam etdirir. Hazırda Azərbaycanda 9 jurnalist həbsdədir: Əvəz Zeynallı, Hilal Məmmədov, Araz Quliyev, Nicat Əliyev, Vüqar Qonaqov, Zaur Quliyev, Fuad Hüseynov, Fərəməz Allahverdiyev və Tofiq Yaqublu. Bu jurnalistləri həbs etməklə Azərbaycan bu rəqəmə görə regionun ikinci ölkəsinə çevrilib.
Azərbaycan məhkəməsi Zeynallını məhkum etdiyi bir vaxtda başqa bir tanınmış redaktor – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid yazdığı məqaləyə görə məhkəməyə verilib. Q.Zahidə qarşı hücum onun qəzetinə qarşı təqzyiqlərlə eyni vaxta düşüb. Son aylar ərzində bir neçə Azərbaycan məhkəməsi “Azadlıq” qəzetinə ümumilikdə 62 000 manat (təxminən 79 000 ABŞ dolları) həcmində cərimə kəsiblər. Bu barədə Bakıda fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu xəbər verib.
Digər tanınmış müxalifət qəzeti “Yeni Müsavat” da oxşar təqibə məruz qalıb və dövlət polad şirkətinin şikayəti əsasında 1 mlyon manat cərimələnməsi tələb edilir…
Prezident Əliyev, bu hüquqpozmalar ölkənizin beynəlxalq imicini ləkələyir və Azərbaycanı dünyada insan haqlarını pozan ən pis ölkələrlə bir sıraya qoyur. Bu vəziyyət Komitəmizin tədqiqatları nəticəsində üzə çıxıb. Sizi öz səlahiyyətinizdən istifadə edərək həbsdə olan 9 jurnalisti azad etməyə və jurnalistlərə qarşı bütün hücumların araşdırılmasını təmin etəyə çağırırıq. Biz həmçinin təkidlə tələb edirik ki, müstəqil media qurumlarına qarşı siyasi xarakterli cinayət təqibləri dayandırılsın və İnternet və ya yerli mətbuatın işinə məhdudiyyətləri nəzərdə tutan qanunvericilik layihələrinə veto qoyulsun”.

http://bizimyol.info/?sehife=1&xeber=8119

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button