Azərbaycan ziyalilar forumunun bəyanati

19.03.2012 

“Azadlıq” radiostansiyasının əməkdaşı Xədicə İsmayılovaya qarşı hiddətdoğurucu hərəkətlər onu göstərdi ki, Azərbaycanda heç kim özünü şəxsi həyatına müdaxilədən müdafiə olunmuş hesab edə bilməz, şəxsiyyətin toxunulmazlığı, təhlükəsizliyi mövcud deyil. Sivil cəmiyyəti diktaturaların istənilən formalarından fərqləndirən bu təməl vətəndaş dəyərlərinin zəmanətçisi hər yerdə hüquqi dövlətdir. Lakin nə respublikanın hüquq-mühafizə orqanları, nə də KİV-in fəaliyyətinə cavabdeh olan dövlət orqanları X.İsmayılovanın naməlum şəxslərin təhdidlərinə və kobud şantajına məruz qalması barədə xəbərdarlıqlarına lazımi münasibət göstərmədilər.

Bütün aydınlığı ilə görünür ki, X.İsmayılovanın təqibi onun peşəkar fəaliyyəti ilə bağlıdır. O, son zamanlar, siyasi hakimiyyətdə korrupsiya və sui-istifadəyə, ölkə iqtisadiyyatının mühüm sahələrində bir sıra iri holdinqin ali hakimiyyət nümayəndələrinə məxsusluğuna dair dəhşətli faktları üzə çıxaran ardıcıl dərin, dəlillərə əsaslanan jurnalist tədqiqatları aparmışdır.

X.İsmayılovaya qarşı məkrli hərəkətin mənası yalnız siyasi-hüquqi məzmunu və nəticələri ilə məhdudlaşmır. Bu – milli mənliyə vurulmuş sillədir. Bu – şərəf məsələsidir. Kimliyindən asılı olmayaraq qadının ləyaqətinin alçaldılmasına imkan verən bir ölkə, habelə öz vətəndaşını qorumağa qadir olmayan hökumət hörmətə layiq deyildir. Çünki Azərbaycan ailəsinin çoxəsrlik mənəvi dəyərləri bir anda ayaqlar altına atılmışdır.

Cəzasızlığın hökm sürməsi bundan sonra hansı eybəcər təzahürlər doğuracağını təsəvvür eləmək çətin deyil, çünkü indinin özündə belə insanlar bir-biri ilə telefonla açıq şəkildə danışmaqdan qorxur və hətta doğmaları ilə siyasi söhbətlərdən yayınırlar. ABŞ Konqresinin xarici siyasət üzrə informasiya xidmətinin dünyaca tanınan radiostansiyasının əməkdaşının şəxsi həyatına təcavüz, narazılığın istənilən formasının təzahürləri ilə bağlı repressiv tədbirlərin güclənməsi fonunda, ölkənin bütün düşünən vətəndaşlarına qarşı xəbərdarlıq və şantaj kimi anlaşıla bilər.

Söhbət ancaq bütün vətəndaş birliyinin – beynəlxalq təşkilatların, jurnalistlərin, hüquq müdafiəçilərin, ictimai xadimlərin tam əsasla tələb elədiyi satisfaksiyadan – tənqid olunan şəxsin izzəti və şərəfini qorumaq üçün cavabdan getmir. İnsanlar hiddətlənib, onlar narahatdır və anlayırlar ki, əgər siyasi hakimiyyətdən kimsə X.İsmayılovaya ilə bağlı işi ört-basdır etməyə cəhd göstərərsə, Azərbaycan “uotorqeyt”i qara damğa kimi respublikanın imicini ləkələyəcək, Azərbaycanın beynəlxalq əlaqələr sisteminə arzu olunmaz mənfi təsirə səbəb olacak.
Tanınmış jurnalist qadına qarşı iyrənc, əxlaqsız hərəkətlərlə bağlı ikinci dərəcəli rəsmi şəxslərin açıqlamaları cəmiyyəti qane etmədi. Cəmiyyətdə belə bir qənqət möhkəmlənir ki, başlanmış istintaqın imitasiyası, böyük ehtimalla, nəticəsiz qalacaqdır. Çünki müstəqil jurnalistlərə münasibət kifayət qədər məlumdur: onları fiziki cəhətdən yox edir, azadlıqdan məhrum edir, ləkələyir, zorakılığa məruz qoyurlar.

Bununla bağlı qeyd etməyi vacib bilirik: əgər hüquq-mühafizə orqanları cinayətkarları müəyyənləşdirməyə qabil deyillərsə, onda bu hakimiyyətin gücsüzlü və həmçinin məsuliyyətsizli deməkdir. Yox, əgər siyasi hakimiyyətin özü təxribat qurbanıdırsa, lakin bu təxribatın təşkilatçıları və icraçılarını müəyyənləşdirməkdə acizdirsə, deməli, o, özü xoşluqla, yaxud könülsüz şəkildə bu çirkin siyasi oyuna şərait yaradır. Əgər hakim qruplaşmalardan hər hansı birinin, bu və ya digər dərəcədə baş verənlərə aidiyyəti varsa, o zaman simanı xilas etmənin yalnız bir mədəni üsulu var – istefa.

Azərbaycan Ziyalılar Forumu bir daha bəyan edir ki, istənilən halda, siyasi məsuliyyət hakimiyyətin üzərinə düşür və cəmiyyət ondan aydın və birmənalı mövqe tələb etmək haqqına malikdir.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button