“Azərbaycana seçki müşahidə missiyası göndərməmək qərarını Avroparlamentin Prezidentlər Konfransı və Koordinasiya qrupu verib”

millət vəkili Elxan Süleymanov

12.07.2013
“Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi məqsədilə bu ilin may ayında Avropa Parlamentinə dəvət məktubu göndərib”.

Bunu APA-ya açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov deyib.


O bildirib ki, Avropa Parlamentinin Prezidentlər Konfransı, Demokratiyaya dəstək və seçki koordinasiya qrupu bu ilin 4 iyulunda keçirilən iclasında 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkiləri müzakirə edib və bir sıra ölkələrə seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar verib: “ Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkə seçilib və yalnız bu ölkələrə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar qəbul edilib. Bu qərara əsasən, Azərbaycana oktyabr ayında keçiriləcək prezident seçkiləri üçün Avropa Parlamentinin rəsmi seçki müşahidə missiyası göndərilməməsi nəzərdə tutulub”. 

 Millət vəkili deyib ki, Avropa Parlamenti bu ilin ikinci yarısında yalnız Gürcüstan, Tacikistan, Nepal və Hondurasa rəsmi seçki müşahidə missiyası göndərəcək: “Məhz bu ölkələrə seçki müşahidə missiyası göndərilməsi ilə bağlı qərar adıçəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi, buna görə də həmin seçkilərlə bağlı Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi ilə əsaslandırılıb. Bu qərar Prezidentlər Konfransının və Koordinasiya qrupunun qərarı olaraq qüvvədədir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button