Azərbaycanda heç vaxt hicab problemi olmayıb!

Təhsil sistemindən dindar yetişdirilməsi üçün istifadə edilməməlidir!..

Hicaba qoyulan qadağa demokratiyanın məhdudlaşdırılması demək deyil…

Hicab məsələsi birdən-birə ölkə gündəminə dırmaşdı və dərhal da heç bir olmamış kimi hər şey müvəqqəti səssizliyə büründü. Hicabın dartışıldığı və mitinqlərin başladığı vaxtdan çox keçmədi ki, dindarların tuthatutu başladı. Bununla da məsələyə fərqli baxışlar meydana çıxdı. Bu problemi xüsusi qabardanlar da oldu, yan keçmək istəyənlər də. Amma bütün hallarda ortada artıq bir gerçək var və Azərbaycan cəmiyyəti bu gerçəklə üz-üzədir – Hicab! Bəziləri ona «Çadra», bir başqaları sadəcə «Baş örtüyü», biriləri isə «Hicab» desə də…

«Xural» «Oxu» qəzeti ilə birlikdə mövzunu masaya yatırdı və «Xural»ın redaksiyasında başbilənləri topladıq. Qüdrət Həsənquliyevdən Fazil Mustafaya kimi bir çoxlarını müzakirəçilər qismində görmək istəsək də, onlarla əlaqə yarada bilmədik. Son günlər din və hicab haqqında ən çox danışan və ciddi açıqlamalar verən BAXCP sədrini tapmaq bizim üçün müşkül oldu. BQP sədri isə nədənsə telefonlarımızı götürmədi. Amma yenə kalitəli bir masa təşkil etdik və mövzunu müzakirəyə çıxardıq.

İsti, hətta qaynar bir masa alındı. Pənah Hüseyn az qala dava salacaqdı, Seymur Baycan prinsipial və təmkinli halı ilə dediyini dedi, Elşad Miri çıxışçıların sözlərini kəsdi, Əvəz Zeynallı ilə Pənah Hüseyn əsəbi tonlarla qarşıdurmaya qədər getdilər…

Hər şeyə siz qərar verəcəksiniz, Əziz Oxucu!

Doğrudan da «Baş örtüyü dövlətçiliyə təhlükədirmi?» Qərarı insanların özü verəcək…

Əvvəli ötən saylarımızda

Yuxarı siniflərdə niyə dərs keçirilmir?!

Əhməd Oruc
«Azadlıq» partiyasının sədri:

– Misir Mərdanovun çıxışına qədərki dövrdə hicabla bağlı Azərbaycanda elə bir ciddi problem var idi ki? 1000-1200 nəfər şagirdi olan məktəblərdə 3-5 nəfər hicabla məktəbə gedən var idi. Açığını deyim ki, bu məsələ onda da həmin hicablı şagird və müəllimlərdən başqa heç bir yerdə qeyd olunmurdu. Hamı onlara hörmətlə yanaşırdı ki, bu adamın da inandığı budur. İndi bu məsələ dərinləşdikcə dərinləşir. İstər buna Konstitusion, istərsə də dini nöqteyi nəzərdən baxılsın… Elşad Miri bayaq gözəl dedi ki, modellərdən birini seçmək mümkündür məktəblərə alternativ olaraq… Mən də o fikirlə razılaşıram ki, problemi uzun müddət müzakirə etməkdənsə, ona hər hansı qəbul olunmuş bir modellə sərbəstlik vermək lazımdır. Əgər bir nəfərin hicabla sinfə və ya auditoriyaya daxil olması digər şagird və tələbələri qıcıqlandırmırsa, bu məsələnin üzərində xüsusilə dayanmağa nə ehtiyac var? Azərbaycan təhsilinin özündə o qədər böyük, köklü problemlər var ki, təhsilimiz o qədər ağır vəziyyətdədir ki… Faktiki olaraq Azərbaycan təhsili tapmaca sistemi olan test üsuluna keçməklə fundamental təhsil sistemini aradan çıxarıb. Orta məktəblərin yuxarı siniflərində dərs keçirilmir, şagirdlər repititor yanına gedirlər. Artıq 20 ilə yaxındır ki, bu qayda davam edir. Misir Mərdanovun vaxtında elə fənn dərslikləri var ki, azı 8-10 dəfə dəyişdirilib. Belə ciddi problemlər var ortada. O problemlərlə müqayisədə hicab məsələsini problem hesab etmirəm və düşünürəm ki, bunu müzakirələr yolu ilə də qaydasına qoymaq olar. Sadəcə, bu məsələyə sırf dini prizmadan yanaşmaq olmaz. O zaman cəmiyyət tamamilə yanlış istiqamətə yönləndirilə bilər. Demək olmaz ki, Qurani-Kərimə görə mütləq şəkildə qaldınlarımız, qızlarımızı qapanmalıdırlar. Belə münasibət olduğu halda təbii ki, kəskin etirazlar, təzyiqlər də hiss olunacaq. Əxlaqi-mənəvi məsələlərin də sırf qanunlar çərçivəsində tənzimlənməsini doğru hesab etmirəm. Beynəlxalq konvensiyalarda insan haqları və digər məsələlərlə bağlı elə məsələlər var ki, bizim mentalitetimizə tamamilə ziddir. Tutaq ki, Azərbaycan BMT-nin, Avropa Şurasının, AŞPA-nın üzvüdürsə, onların qəbul etdikəri konvensiyalarda elə məsələlər var ki, mən o məsələlərdə Azərbaycan cəmiyyəti olaraq prinsipcə bütün normalarının qəbul olunmasının tərəfdarı olmamışam və indi də tərəfdarı deyiləm. Yəni onu demək istəyirəm ki, üç prinsip üzrə – müasirlik, dünyəvilik və islamın vəhdətdə olması prisniplərinin hər birinə ifrata varmadan yanaşılarsa daha doğru olar,

Bütün problemlərin səbəbi onların müzakirə olunmamasıdır…

Əvəz Zeynallı:
– Azərbaycandakı bütün problemlərin əsas baş vermə səbəbi onların müzakirə olunmamasıdır. Müzakirəni bəzən çərçivəsində apara bilməməyimiz də onun yarımçıq saxlanılmasına səbəb olur. Yəni televiziyalardan soruşanda ki, nə üçün canlı yayın müzakirələri yoxdur, deyirlər ki, biz hələ o səviyyəyə çatmamışıq ki, canlı yayında müzakirə aparaq. Çünki müzakirələr başlayan kimi bir-birimizə stəkan atmağa başlayırıq. Mən bu günlərdə eşitdim ki, hicablı qızlar başıaçıq qızlara bir neçə dəfə «kafir» deyib təhqir ediblər. Və yaxud da açıq qızların hicablı qızlara bir az xor baxdıqları zaman olub. Belə şeylər olur… Azərbaycanda müzakirələri o həddə aparmaq lazımdır ki, insanlar bir-birilərinə o səviyyədə baxmasınlar. Mən Ankarada təhsil almışam və orada dəfələrlə şahidi olmuşam ki, açıq qızla qapalı qızların çox isti münasibətləri, sirdaşlıqları olub. Əl-ələ, qol-qola gəziblər. Yəni inanc məsələsinin onların şəxsi azadlıqlarına təsiri olmayıb. Bu, bir inanc məsələsidir – bir xanım bağlanıbsa bağlansın, digəri bunu etmək istəmirsə etməsin. Cəmiyyətdə bir-birinin üzərinə basqı olmasının özü düzgün hal deyil. Qarşılıqlı hörmət lazım və vacibdir.

Təhsil nazirliyi pulları yeməsə və təhsilə qoysa, təhsil sistemi düzələr və təbii ki, bu məsələ də həllini tapar…

Nurəddin Abbasoğlu
Müstəqil yazar:

– Mən də müsəlmanam. Amma bir şey var, demokratiyanı ya tam qəbul etmək lazımdır, ya da onun bir faydası olmayacaq. Bayaq Seymur Baycan dedi ki, müsəlmanlar bəşəri kəşflərdən geridə qalıblar. Mən belə hesab etmirəm. İnsanların kəşf etdiyi hər bir şey bəşəriyyətin özünə məxsusdur. Ola bilsin, bəzi şeyləri başqa bir dinin nümayəndələri kəşf etsinlər, digərlərini də müsəlmanlar kəşf etsinlər. Hələ elmin dərinliklərinə getsək, görərik ki, elə çox ixtiraların ilk variantlarını müsəlmanlar kəşf ediblər və digərləri də onlardan bəhrələnərək bu ixtiraları üzə çıxarıblar. Çörçill demiş, «demokratiya yaxşı bir şey» olmasa da, bizim olanımız budur. Onu ya tam qəbul etmək, ya da heç etməmək lazımdır. Yarımçıq qəbul etməyin heç bir mənası yoxdur. Elə yarımçıq qəbul edə-edə Azərbaycan bu günə qalıb. Bizim Konstitusiyamızda vicdan azadlığına aid bəndlər var. Təhsil nazirliyimiz onlara aid olmayan pulları yeməsə və təhsilə qoysa, təhsil sistemi düzələr və təbii ki, bu məsələ də həllini tapar. Mən o fikirlə də razılaşıram ki, 6 yaşlı qız uşağının özünün dərk etmədən başını bağlamaq düzgün deyil. Ağlı kəsəndən sonra o hansı yolu qəbul edəcəksə, o yolla da gedəcək. Cəmiyyəti də o yerə gətirmək lazımdır ki, heç kim bir-birinə xor baxmasın. Burada əqidə məsələsi, əqidə azadlığı var və heç kim ona müdaxilə edib öz fikirlərini diqtə edə bilməz. Biz istəmədiyimiz şeyi bizə necə yedirtmək olar? Özü də bu məsələ hesab edirəm ki, Azərbaycanda çox süni yaradılmış bir məsələdir. Azərbaycanda heç bir vaxt hicab problemi olmayıb. Bu, sadəcə indi süni şəkildə ortaya atılıb. Bunu hansı məqsədlə eləyiblər, zaman göstərəcək. Bilinəcək ki, kim hansı məqsədlə bunu ortaya atıb. Kimlərisə bu məsələ ortaya atılandan sonra günahlandırmaq üçün həyata keçirildi. Antoqonistlik də bir şey deyil. «Mən deyəni eləmirsə, mütləq öldürmək lazımdır» demək də olmaz… Onun əqidəsi imkan verir ki, başını bağlasın, o birinin əqidəsi də imkan verir ki, bağlamasın. Zor və təpki bu məsələdə keçərli deyil.

Təhsil sistemindən dindar yetişdirilməsi üçün istifadə edilməməlidir…

Razi Abasbəyli
Ümid Partiyasının iqtisadi məsələlər üzrə şöbə müdiri:

– Səsləndirilən fikirlərdən fərqli olaraq belə düşünürəm ki, həqiqətən də məktəblərdə hicabla dərsə gəlmək olmamalıdır. Bu mənim subyektiv fikrimdir. Mirmahmud bəy də bayaq qeyd etdi ki, Azərbaycanda nə dövlət var, nə də dövlətçilik var. Mən bir az bu məsələyə də fərqli yanaşıram. Azərbaycanda dövlət var, amma dövlətçilik yoxdur. Doğrudan da dövlətçilik anlayışı hələ ki, hakimiyyətin elitasında formalaşmayıb və təbii ki, bu hakimiyyətdən biz bundan artığını da gözləmirik. Orta təhsil almaq məsələsində dövlət bir valideyn olaraq vətəndaşını, fərdini yetişdirməlidir. Pis-yaxşı bir mexanizm bu sahədə mövcuddur. Əlbəttə ki, bu mexanizm dindar kimi vətəndaşların formalaşmasına xidmət etməməlidir. Əgər pis-yaxşı təhsil sistemi mövcuddursa, fikrimcə dindar yetişdirilməsi üçün istifadə edilməməlidir. Din birmənalı olaraq dövlətdən ayrıdır. Təbii ki, yarımçıq demokratiya olmaz. Əslində, demokratiya anlayışını müzakirəyə çıxarmaq da məncə yolverilməzdir. Kiminsə məktəbə hicabla gəlməsinə qoyulan qadağa demokratiyanın məhdudlaşdırılması demək deyil. Bu, dövlətin tətbiq etdiyi konkret standartlardır və bu standartlara da vətəndaşlar «məcburi təhsillə bağlı» qanunvericiliyə müvafiq olaraq tabe olmalıdır. İslam dini ilə bağlı mütəxəssislər var ki, öz fikirlərini bildirə bilərlər. Amma mənim anladığım qədərincə, İslam dinində qızların namaz qılması ilə bağlı yaş həddi müəyyənləşib. Oğlanlarda, hətta daha gec namaz qılmaları üçün icazə verilir. Uşaq nə bilir hicab, baş örtüyü nədir? Onlar hansı əsaslara görə o yaşda uşaqların başlarını bağlayıb məktəbə göndərirlər? Bu məsələlərdə mən də dövlətin tərəfindəyəm. Əslində, məktəb yaşında ora hicabla gəlməyin yolverilməz olmasının tərəfdarıyam. Məsələnin başqa tərəfi də var. Etiraz aksiyaları var, dövlətin bu məsələlərə reaksiyaları var, həbslər var. Bu hadisələrə bir qədər xronoloji ardıcıllıqla yanaşanda əslində nə baş verir? Azərbaycanda hicab problemində iki tərəf – xarici qüvvələr tərəfindən idarə olunan bəzi qüvvələr, dini qruplaşmalar və onlarla bu və ya digər formada maraqları toqquşan hakimiyyət çevrələri var. Bu problemi iki qrup yaradır – hakimiyyət, bu və ya digər formada idarə olunan qruplar…

Elşad Miri
«Oxu» qəzetinin təsisçi və baş redaktoru:

– Üzr istəyirəm, sizin camiəniz nədir?

Hicab idarəolunan proses olub…

R.Abasbəyli:

– Mən davam edirəm, zəhmət olmasa sonadək dinləyin. Bu problemi iki tərəf yaradır. Diqqət yetirin, yarım saatın içərisində 5 minə yaxın adam Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirir. Bu, təbii proses deyil, bu, idarə olunan, təşkil edilmiş prosesdir. Bu, maliyyələşdirilmiş, sistemli şəkildə, zaman-zaman üzərində işlənilmiş mexanizmdir. Bu, Azərbaycan iqtidarının yarıtmazlığı, bacarıqsızlığı, səriştəsizliyi, deyildiyi kimi dövlətçiliyin olmamasından irəli gələn situasiyadır. Əslində, iqtidar çevrələrində bəzi qruplaşmalar bunu süni surətdə ortaya ata bilərlər. Oyunun qaydalarını hakimiyyət diqtə edə bilər, lakin bu oyunun qaydalarına müvafiq olaraq etiraz aksiyalarını təşkil edən çevrələr var. Əslində, onları gizləndikləri yuvadan dartıb çıxarmaq üçün ortaya süni şəkildə atılmış bir məsələ idi. Doğrudan da burada qeyd olunduğu kimi, Azərbaycan 17 ildir rəzalət və səfalət içində bu iqtidarın zülmlərinə dözür. Bəyəm İslam bizə bu ədalətsizliyə, bu haqsızlığa, bu rəzalətə qarşı üsyan etməyi əmr etmirmi? Allah bunu bizə əmr etmirmi? Niyə məhz hicab məsələsi ortaya çıxanda 5-6 min nəfər bir yerə toplanıb etiraz aksiyası keçirə bilir? Bəyəm doğrudan da təhsilimizdə problemlər mövcud deyil? Bu problemlərə niyə kompakt şəkildə dindarlarımız etiraz etmədilər? İslama söykənərək, Allahın bizə buyurduğu əmrlərə, tapşırıqlara uyğun olaraq etiraz etmədilər? Yenə də qayıdıram o məsələyə ki, bu, idarəolunan qruplar tərəfindən Azərbaycan dövlətçiliyi üçün hər an təhlükə mənbəyi ola biləcək problemdir və bu problemin cəmiyyətin digər təbəqələrinə sirayət edilməsində hakimiyyətin yarıtmaz siyasətinin olduğunu qeyd etmək istəyirəm. Bu mənada hesab edirəm ki, biz «Ümid» partiyası olaraq çox düzgün qiymətimizi vermişik. Ümumilikdə, cəmiyyətdə bir konsensus əldə edilə bilər. Burada təbii ki, tərəflər müəyyən olunmalıdır. Kiminlə konsensus yaradılacaq – cəmiyyətlə, yoxsa xaric qüvvələr tərəfindən idarə olunan hansısa özünə dindar qruplaşma deyən təbəqə ilə? Biz konsensusu kiminlə əldə edəcəyik? Küçələrə çıxıb hicabı qəbul etməyənlərə qarşı etiraz edən adamlar idarə olunurlar və hər an Azərbaycan dövləti üçün təhlükədirlər. O baxımdan, ortaya atılmış problemin tərəflərində dayanan nə iqtidarla, nə də idarəolunan qruplarla konsensusun əldə olunmasında hər hansı bir ortaq məxrəcə gəlmək mümkün deyil. Mən xüsusi olaraq bu məqamı xatırlatmaq istəyirəm.

Azərbaycanda din təhlükəsi yoxdur, dinsizlik təhlükəsi var…

Cəmiyyətdə Allahın qoyduğu haqsızlıq, ədalətsizliyə qarşı etiraz etməmək, ona qarşı çıxmamaq təhlükəsi var. Çox təəssüf ki, bu hadisəni islamla bağlayıb ondan süni məqsədləri üçün istifadə etməyə çalışırlar. Bir qədər əvvəl Bakıda məscidlərin qapadılması ilə bağlı problem çıxmışdı. Məscidləri də qapatmaq olmaz, insanların mənəvi haqqını da tapdalamaq olmaz. Amma detallara varanda çox maraqlı məqamların üzərinə çıxırıq. Məscidlərin tikilməsi, maliyyələşməsi, kimlərinsə burada maliyyə qaynaqlarının olması və s…

E.Miri:
– Sadəcə bir əlavə etmək istəyirəm. Hətta televiziyalarda belə 6 yaşlı uşaqların başlarının qapanmasından danışılır. Ümumiyyətlə, uşağı məktəbə 6 yaşından yox, 7 yaşından qoyurlar… O yaşda başın qapanmasına etiraz edənlər, 12-13 yaşda buna etiraz etməyəcəklər? İkincisi, Razi bəy, əgər sizin qızınız 12 yaşında başını örtmək haqda qərar qəbul edərsə və məktəbə getməsi üçün rəsmi şəkildə qadağa qoyularsa, reaksiyanız necə olacaq?
– Mən çalışacağam ki, qızım 12 yaşında başını qapamasın.
– Yəni siz o cür yetişdirməyə çalışacaqsınız?
– Bəli…
– Dindarlar da öz övladlarını özləri kimi yetişdirməyə çalışırlar… Başdan ayağa sizin çıxışınızda ziddiyyətlər var idi. Başqa bir məsələnin üzərinə gəlmək istəyirəm.
– Mən sizin dediyinizi yox, öz dediklərimi təsdiqləyirəm…
– Bayaq qeyd etdiniz ki, hicab məsələsini müdafiə edənlər xaricdən maliyyələşirlər. Bunun müdafiəçilərindən biri də mənəm. Mənim haqqımda nəsə söyləyə bilərsinizmi?
– Söhbət tək sizdən getmir…

Seymur Baycan
Müstəqil yazar:

– Əyninizə kostyum geyinmisiniz, ən sivil adam kimi iki nəfər danışdı, hər ikisinin də sözünü kəsdiniz…

Lüt gəzəsi deyiləm ki?..

E.Miri:
– Birincisi, kostyum geyinməyin bura heç bir aidiyyatı yoxdur. Kostyum geyinmək nə müasirlikdən xəbər verir, nə də dindarlıqdan. Düzdürmü? Lüt gəzəsi deyiləm ki? İkincisi, Seymur bəy, sizin də dinlə bağlı maraqlı bəyanatlarınız olub. Gah dediniz ki, müsəlmanlıqdan imtina edib xristianlığı qəbul edirəm, Rafiq Əliyevlə bir yerdə… Sonra da dediniz ki, mən ateistliyi qəbul eləmişəm. Nə müsəlman olmusunuz düz-əməlli, nə də xristian…
– Mən ateist olmamışam. İndi də kiməmsə, heç bu məsələyə dəxli var?

Mirmahmud Mirəlioğlu
Klassik Xalq Cəbhəsi Partiyasının sədri:

– Mənim dəqiq məlumatım var ki, Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edən adamların 80 faizi Azərbaycan hakimiyyətinin adamları olub. Bu, dəqiq məlumatdır.

Heç bir insan digər bir insanın əqidəsinə qarışa bilməz…

Gülyaz Mahmudova
Dindar xanım:

– Mən burada gənclər sektorunun bir nümayəndəsi kimi çıxış edirəm. Mənə konkret olaraq müraciət edildi və nə üçünsə «kafir» sözünə mən açıqlama verməliyəm… Ümumiyyətlə, heç kəsin heç kimi təhqir etməyə ixtiyarı yoxdur. Bu əslində, Qurani Kərimdə deyilən bir sözdür. Qurani Kərimdən çıxan nəticədir ki, heç kəs heç kəsi təhqir edə, kafir adlandıra bilməz. Kimsə kimisə «kafir» adlandırırsa, avtomatik o söz özünə qayıdır və özü kafir olur. Ümumiyyətlə, bayaqdan qulaq asıram və mənə gülməli gəlir. İnsanlar Allahın qoyduğu əmri müzakirə edirlər. Biz bayaqdan dindən danışırıq. Ümumiyyətlə, dindar, din qrupu deyilən bir şey yoxdur, din adamları deyilən bir təbəqə yoxdur. Qurani Kərimin heç bir yerində dindar sözü keçmir. Çünki Qurani Kərim, din Allahın yaratdığı bir sistemdir. Din fərdə göndərilib. Nə Avropaya, nə Asiyaya, nə Yaponiyaya, nə də Azərbaycana ayrı-ayrılıqda göndərilməyib. Din – insanın şüurundan onun qəlbinə Allah tərəfindən endirilən bir şeydir və dini yaşamaq hər fərdin Allahla özü arasında yaratdığı bir mexanizmdir. Heç bir insan digər bir insanın əqidəsinə qarışa bilməz. Azərbaycanda Tanrı ideologiyası var. Hələ insanlar «Tanrı yoxdur, Allah var» düşüncəsinə gəlib çatmalıdırlar ki, Allahı tanısınlar və ondan sonra Allahın əmrləri haqqında bir söz demək hüququ qazansınlar. Heç kəsin ixtiyarı yoxdur ki, onu yaradan Allahın əmrlərinə qarşı çıxıb iddia irəli sürsün. Ola bilsin, sən deyəsən, öz işindir, amma bir başqasının işinə qarışıb bunu deyirsənsə, buna ixtiyarın yoxdur. İslam dövlətə, siyasətə endirilməyib. Əgər elə olsaydı, Peyğəmbər deməzdi ki, «xilafət məndən sonra yalnız 30 ildir, 30 ildən sonra nə sapıqlıq, nə qırğın, nə firqələr yaranacaqsa, özünüz bilərsiniz.» Dinlə idarə olunan yeganə dövlət Xilafət olub. Həzrəti Həsəndə dayanıb, ondan sonra nə baş verib – kim kimi qırıb, hansı hakimiyyət yaranıb, ondan asılı olmayıb. Heç bir dövlət dinlə idarə olunmayıb. Din insanın fərd olaraq yaşadığı azadlığıdır. Allah onu elə yaradıb. Din də mövcud olan sistemin adıdır. Dövlət məsələlərinə gəlincə, birincisi, Azərbaycanın demokratik dövlət olduğunu iddia edirik, düzdürmü? İkincisi, hər birimiz tolerantlığımızı qəbul edirik. Bakı ən kosmopolit şəhərlərdən biridir, bunu hamı bilir. Avropa dəyərlərindən, Azərbaycanın dünya dövlətləri arasında tutduğu yerdən danışırıq. Biz ilk növbədə təhsilimizdə rüşvət olan bir dövlət kimi tanınırıq.

Hicab Allahın əmridir…

Əvvəlcə dövlət təhsildəki problemlərini həl etməlidir. Misir Mərdanovun şəxsiyyəti ilə tanış deyiləm, nə istədiyini də bilmirəm. Amma təhsil nazirimizdir. Ümumiyyətlə, heç bir təhsil nazirinin ixtiyarı çatmır desin ki, hicabla məktəbə gəlmək qadağandır. Çünki hicab Allahın əmridir və hər kəs necə istəyirsə geyimini özü seçir. Kim istəyir əmmamədə gəzsin, kim istəyir, idman paltarında – bunun fərqi yoxdur. Hər kəs özünə görə geyinə bilər, buna heç kimin qarışmaq ixtiyarı yoxdur. Yaponlar öz milli geyimlərini bu günə qədər qoruyub saxlayıblar, öz ənənələrini bu gün də davam etdirirlər. Biz də bir vaxtlar milli geyimlərdə gəzirdik, amma bu gün onu edə bilmirik. Ona görə edə bilmirik ki, hər kəs özünə rahat olan geyimi seçmək azadlığından istifadə etsin. Həzrəti Əlinin gözəl bir kəlamı var: «Ey valideynlər, uşaqlarınızı öz yaşayacağınız dövrə görə yox, onların yaşayacağı dövrə görə böyüdün!» İnsanlar sünnətullanı başa düşmürlər deyə, ortaya bu cür problemlər çıxır. Məhəmməd peyğəmbərin gəldiyi toplum, bütpərəst toplum idi, onlar əba, bir çox qəribə geyimlər geyinirdilər. O, geyimə heç nə gətirmədi. Olduğu cəmiyyətin yaşatdığı qaydalarını eynilə saxladı, sadəcə bir neçə əlavə etdi və dedi ki, ey kişilər, üzünüzdə bir qarış tük olsun, demədi, bir metrlik saqqal olsun. İnsanlar da ondan sonra «sünnə» deyəndə, nə üçünsə, saqqal, şalvar, çadra və s. başa düşməyə başladılar. Axı, sünnə bu deyil. Sünnə Allahın qoyduğu qaydalardır. Eynilə Məhəmməd Rəsulallah Allahın dediklərini insanlara çatdırdı. Hər kəs olduğu cəmiyyətə uyğun geyimlər daşıyırsa, o, öz cəmiyyətində eynilə Allahın sünnəsini də yaşatmalıdır. Allah sünnəsində dəyişiklik ola bilməz. Yəni sən əgər bu gün belə yaşayırsansa, yaşa, amma başını örtmək Allahın əmridir.
– Allahın əmridirsə, hamı məcburi örtməlidir?

Örtünməmək insanı iman dışına çıxarmır…

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button