Azərbaycanda ipoteka şərtləri çətinləşdi

Azərbaycanda ipoteka şərtləri çətinləşdi
İpoteka kreditlərinin verilməsi şərtlərində dəyişiklik edilib. 
 
xural.com  “Marja”-ya istinadən xəbər verir ki,  banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20% və 15%-dən 50%-ədək qaldırblar.
Məsələn, “Bank Respublika” adi və güzəştli ipoteka üzrə 50%, “Bank Standard” QSC və “Muğanbank”  adi ipoteka üzrə 40%, “Xalq” Bankı ASC və “AGBank” isə 30% ilkin ödəniş tələb edir.
“Azərbaycan İpoteka Fondu”ndan bildirilib ki, Fondun vəsaitləri ilə ipoteka kreditlərinin verilməsi qanunvericilik ilə tənzimlənir. Qanunvericilik müvəkkil banklara müəyyən səlahiyyətlər verir və yalnız ilkin ödəniş nisbətinin aşağı sərəhdini müəyyənləşdirir. İlkin ödəniş 15-20%-dən də yüksək nisbətlərdə tələb oluna bilər.
 “Azərbaycan İpoteka Fondunun İnternet resurslarında ipoteka kreditləri barədə bütün məlumatlar yerləşdirilib”, – Fonddan bildirilib.
Banklardan verilən məlumata görə, ipoteka kreditləri üzrə 30-50%  ilkin ödəniş 2015-ci ilin əvvəlindən, hətta devalvasiyadan öncə tələb olunur və bununla bank öz risklərini azaltmış olur.
Qeyd edək ki, ilin sonuna qədər daşınmaz əmlakın qiymətinin 15-20% ucuzlaşacağı gözlənilir. Həm manatın yenidən ucuzlaşacağı narahatlıqları, həm də daşınmaz əmlakın qiymətinin aşağı düşəcəyi barədə proqnozlar bankları ehtiyatlı olmağa vadar edir.
QANUNVERİCİLİKDƏ MİNİMUM NİSBƏT GÖSTƏRİLİR
“Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na görə,  kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. Yəni, ilkin ödəniş minimum 15% müəyyən edilir. Banklar bu nisbətdən daha yüksək səviyyədə ilkin ödəniş tələb edə bilərlər.
Məlumat üçün bildirək ki, adi ipoteka maksimal illik 8% dərəcəsilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. İlkin ödəniş minimum 20% (Adi) və 15% (Güzəştli) təşkil edir.

“Bizdəki kreditə ipoteka krediti demək olmaz…”

“İnsan evin qiymətinin, məsələn, 30 faizini əvvəlcədən verə bilirsə, onda niyə gedib ipoteka krediti götürməlidir? Deməli, nağd almağa imkanı var”.

Bunu virtualaz.org -a açıqlamasında Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib.

O.Haqverdiyev bildirir ki, ipoteka kreditləri üçün tələb olunan ilkin ödənişi tamamilə ləğv etmək lazımdır:

“Bizdə verilən kreditə ipoteka krediti demək olmaz, çünki faiz həddən artıq çoxdur. Xarici təcrübədə ipoteka krediti 2 faizlə verilir. Xarici ölkələrdə buna hətta ipoteka krediti yox, sadəcə kredit deyirlər. İlkin ödəniş məbləğinə gəlincə isə mən uzun müddətdir deyirəm ki, bunu tamamilə ləğv etmək lazımdır. İpoteka krediti götürənlər əsasən imkansız adamlardır”.

İpoteka kreditlərinin verilməsində xarici təcrübədən danışan iqtisadçı deyir ki, məsələn, qonşu Türkiyədə ilkin ödəniş tələb olunmur: “Xarici ölkələrdə dövlət özü bank sistemlərinin də köməyi ilə sosial problemi həll etmək istəyir. Ən yaxın qonşumuz Türkiyədə də bizdəki kimi deyil. 2-3 faizlə 25-30 illik kreditlər verilir. Özü də bu işlə Mərkəzi Bank yox, kommersiya bankları məşğul olur. Beləliklə, kommersiya bankı da öz növbəsində 1-2 faiz nəsə qazanır”.

Qanunun tələbinə gəlincə isə O.Haqverdiyev bildirib ki, qanunda ilkin ödəniş faizi 10 faizdən 15 faizə qədərdir, dəqiq məbləği banklar özü müəyyən etməlidir: “Bu məbləğin artırılması isə mümkün görünmür. İmkanı olmayan adam ilkin ödənişi necə verə bilər? Adamlar ipoteka krediti götürəndə hələ əldə etmədiyi evi girov qoyur, çünki onun heç nəyi yoxdur”.

Qeyd edək ki, “Marja”nın yaydığı məlumata görə, banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20 faiz və 15 faizdən 50 faizədək qaldırıb.

Azərbaycan İpoteka Fondundan isə bildirilib ki, qanunvericilik müvəkkil banklara müəyyən səlahiyyətlər verir və yalnız ilkin ödəniş nisbətinin aşağı sərhədini müəyyənləşdirir. İlkin ödəniş 15-20 faizdən də yüksək nisbətlərdə tələb oluna bilər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button