Azərbaycanda kimə “bəstəkar” deməli?

Firudin Allahverdi

Kompozitor, musiqişünas

Azərbaycan musiqisində kimin kim olduğunu ayırd etməyə nə mane olur?

 Azərbaycan musiqisindəki terminoloji problem bu aydınlaşmaya imkan vermir

Uzun illərdən bəridir ki, televiziya-radio kanallarında, qəzet-jurnallarda, studiyalarda və ümumiyyətlə, musiqi ilə peşəkar, ya da qeyri-peşəkarcasına məşğul olan insanların real, yaxud virtual görüşdükləri əksər məclislərdə bir sualın cavabı axtarılır. 

Bu – hələ də cavabını  axtaran sual belə səslənir – kimə bəstəkar deməli?

Bu sual bəzən səmimi maraq, bəzən kiməsə həqarət, bəzən isə sadəcə spekulyasiya naminə verilir. Bəzən müxtəlif, bəzən eyni üslublarda yazan musiqiçilər bir-birilərini əsil bəstəkar olmamaqda qınayırlar.

Bəs kimə bəstəkar deməli?

Azərbaycanın musiqi tarixinə nəzər salsaq, bu tarixi iki mühüm hissəyə bölməliyik: 1908-ci ilə qədər və ondan sonrakı dövr. Qeyd etdiyimiz ili musiqimiz üçün mühüm edən hadisə – Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasıdır. Bu – (əslində qismən) nota alınmış Azərbaycan musiqisinin ilk ictimai nümayişi idi (Bu arada qeyd edək ki, musiqi üçün nota alınma – ədəbiyyat üçün yazıya köçürülmə qədər mühümdür).

“Bəstəkarlıq” necə yarandı?

Bu tarixə qədər Azərbaycanda dominant musiqi janrı – şərq klassik şifahi-professional musiqi janrı, qısaca desək – muğam idi. Muğam – öz ilkin mahiyyətinə görə konkret melodik struktur – melodiya, ya da monodiya deyil, tonallıq, lad, səsdüzümü deməkdir. Məsələn, “Segah” əslində ifa olunan konkret melodiya yox, o melodiyanın əsasında dayanan səsdüzümüdür. Beləliklə, Segah (farsca “3-cü pərdə”) – əsas səsdüzümünün üçüncü pərdəsindən başlayan ardıcıllıq, yaxud düzümündə istinad nöqtəsi kimi 3-cü tonu götürmək deməkdir.
İndi ifa olunan muğamların hamısı, əksəriyyətinin adları unudulmuş musiqiçilərin bəstələridir. Bu musiqiçilər – muğam ladları üzərində musiqi yazan, daha dəqiq desək, bəstələyənlər – bəstəkar adlanırdılar. Elə indinin özündə də İranda, Türkiyədə, Özbəkistanda və bizimkinə oxşar mədəniyyətlərə malik ölkələrdə muğamlar üzərində musiqi yazanlara bəstəkar deyilir.
Təəssüf ki, bizim ölkəmizdə bu sənət öz professional anlamında artıq unudulub. Bunun çox böyük səbəbləri var, bu daha geniş bir yazının mövzusudur. Qısaca onu deyim ki, bütün sahələrdə olduğu kimi, şərq professional musiqisində də deqredasiya, şərqin siyasi qürubu ilə paralel baş verdi. Əvvəlcə Ərəb Xilafətinin, sonra isə Səfəvi və Osmanlı xanədanlarının çöküşü ilə, bu ərazilərdə yaranmış incəsənət nümunələri də öz təbii inkişafından qaldılar. Sonralar İran və Türkiyə, həmçinin bir çox ərəb ölkələrində nisbi siyasi qalxınışlar zamanı onlara özəl incəsənət janrlarında cüzi inkişaf hiss edilsə də (təbii ki, söhbət lokal-marginal inkişafdan gedir), Azərbaycanda bunun baş verməməsinin əsas səbəbi bu kiçik Güney Qafqaz ölkəsinin tam başqa bir mədəni dəyərləri rəhbər tutmuş ölkəyə – Rusiya İmperiyası, sonra isə SSRİ-yə ilhaqı oldu.
Xülasə, indi heç kim klassik anlamda muğam (məqam) musiqisi yazmır. Bu gün sözün əsil mənasında bəstəkar – yoxdur. Halbuki bu dərsi Milli Konservatoriyada keçmək olar. Tədris vəsaiti də çox axtarmaq lazım deyil; Ü.Hacıbəyovun “Azərbaycan Xalq Musiqisinin Əsasları” risaləsində hər bir lad üzərində musiqi yazmaq nümunələri və bunun qaydaları göstərilib. Doğrudur, müəllifin bütün musiqi nümunələri (improvizə şəkilli muğamdan fərqli olaraq) konkret metrə, ölçüyə malikdir, amma buna baxmayaraq, əsas prinsiplər barədə geniş məlumat almaq olar.
Beləliklə, “BƏSTƏKAR” – sırf Şərq musiqisinə aid termindir. “BƏSTƏKAR” – şərq musiqisini; onun sistemini, tarixini, forma və məzmununu yaxşı mənimsəmiş və musiqinin bu növündə bəstə yaradan adama deyilir.

Kompozitorlarımız kimlərdir?

Arxiv yazılarını araşdıranlar yaxşı bilirlər ki, XX əsrin ilk yarısında o zamankı adı  ilə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, musiqi yazan məzunlara – kompozitor deyilirdi. Üzeyir Hacıbəyovun və digərlərinin yazılarında tez-tez “kompozitorlarımız”, “gənc kompozitorlar”, “Avropa və rus kompozitorları” ifadələrinə rast gəlirik. Amma sonradan bu termin yanlışlıqla “bəstəkar” termini ilə əvəz olundu (Yəqin ki, bunun əsas səbəbi yuxarıda göstərdiyimiz kimi, “bəstəkarlıq” sənətinin öz ilkin anlamında yaşamaması idi).
KOMPOZİTOR – Qərbi Avropada yaranmış, adına Klassik Musiqi deyilən üslubda musiqi yazan adama deyilir.
Bugünkü Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında tələbələrə nə muğam, nə də mahnı yazmaq öyrədilmir. Orada tələbələr sırf Qərbi Avropa musiqisi öyrənirlər. Mən şəxsən oranı bitirən bir şəxs kimi, təhsil müddətində yazdığım forma və janrları sadalaya bilərəm: Prelüdiya, Variasiyalar, Sonata, Kvartet, Üvertüra, Simfonik Poema və Konsert – gördüyümüz kimi hamısı Avropa musiqi janrlarıdır.
Akademiyada tələbələrə Klassik Qərb Musiqisi (!) öyrədilir. Bu zaman nə haqla onlara bəstəkar deyilməlidir? Bu problemlər möhkəm dəyərlərə malik cəmiyyətlərdə öz həllini çoxdan tapıblar. Məsələn, Türkiyədə “ben klassik batı müziği üzerine çalışıyorum” deyən adamdan heç vaxt şərq musiqisini bilmək, bəstəkarlıq etmək tələb olunmur. O adam “Nehavend”, ya da “Hicaz” makamı ilə maraqlana bilər, amma bunu hökmən bilməyə, ya da o makamlarda nə isə yazmağa borclu deyil. O – kompozitordur. O, simfonik, vokal, ya da kamera musiqisi üzərində işləyir. Onun ixtisası – Qərb musiqisidir. Bizim kimi mikroixtisaslaşma dövrünə hələ gəlib çatmayan cəmiyyətlərdə bunları bilmək və ayırmaq həddən artıq vacibdir.
Beləliklə, klassik Qərb musiqisi yazmaq üzrə ali təhsilə malik adama – KOMPOZİTOR deyilir. Bu termin heç də “voobşe”, “povorot” kimi dilimizdə vətəndaşlıq alan, amma riyakarlıqla yazıda işlətmədiyimiz sözlər kimi rus dilindən gəlməyib. Bu, Avropa terminidir. Bu termini o musiqini yaradan insanlar müəyyən ediblər. Terminləri isə tərcümə etmək düz deyil.

Musiqiçi diplomu kimə lazımdır?

Klassik Şərq və Klassik Qərb musiqi üslublarında yazanlar barədə danışdıq. Bəs pop musiqisi?
Mən bu barədə xırda araşdırma apardım və məlum oldu ki, beynəlxalq təcrübədə bu barədə vahid termin yoxdur. Vahid termin olmaması təəccüblü deyil, çünki Klassik Qərb və Klassik Şərq musiqisindən fərqli olaraq pop musiqisi heç bir ayrıca götürülmüş coğrafi əraziya aid deyil. Məhz bu baxımdan mahnı – ən demokratik janr sayılır. Çünki mahnı yazmaq üçün heç bir xüsusi ali musiqi təhsili almağa ehtiyac yoxdur!
Amma araşdırma zamanı mənə qəribə gələn o oldu ki, hətta ayrıca ölkələrdə belə, bu barədə yekun qərara gəlinməyib. Və dünyanın müxtəlif ölkələrindəki musiqiçilər arasında bu barədə hələ də zaman-zaman polemikalar açılır. Amma yavaş-yavaş ingilis dilli mətbuatda ”Songwriter” söz birləşməsinə tez-tez rast gəlinir. Bunu dilimizə hərfi tərcümə etsək “Mahnı yazan” alınar. Amma gördüyümüz kimi, bu, o qədər də uğurlu tərcüməyə bənzəmir. Bu söz birləşməsinin bizim dildəki analoqu “Mahnı müəllifi” ola bilər. Zatən elə sovet dövründə də mahnı klavirlərinin yuxarı sağ tərəfində müəlliflər “bəstəkar – filankəs; şair – behmankəs” formasında deyil, müvafiq olaraq “musiqisi – …, sözləri – …” şəklində göstərilirdi.

“Bəstəkar”, “Kompozitor” və “Mahnı yazan”…

Yazının sonunda qısa xülasə olaraq bir daha təkrar etmək istəyirəm:
Necə ki, təyyarə sürənə “pilot”, qatar sürənə “maşinist”, gəmi sürənə “kapitan”, digər yerüstü avtomobil sürənlərə isə sadəcə “sürücü” deyilir, eləcə də:
Klassik Qərb musiqisi (simfonik, kamera və s.) yazan adama – KOMPOZİTOR (məsələn, Mozart);
Klassik Şərq musiqisi (təsnif, şöbə, dəraməd və s.) yazan adama – BƏSTƏKAR (məsələn, Əbdülqadir Marağayi);
Pop və rock musiqi yazan adama isə – MAHNI MÜƏLLİFİ (məsələn, Justin Timberlake) deyilməldir.
Amma nəzərə alsaq ki, Klassik şərq musiqisi yazmaq o qədər də aktual deyil, həmçinin Azərbaycanda yazılan mahnılar da üç aşağı, beş yuxarı müxtəlif muğam ladlarında yazılır, BƏSTƏKAR sözü daha çox mahnı yazanlara yaraşır. Başqa sözlə desək, elə məhz mahnı yazanlara BƏSTƏKAR deyilməlidir. Bakı Musiqi Akademiyasını bitirənlərin məşğul olduqları peşənin adı isə KOMPOZİTORluqdur.
Yuxarıdakılara bir daha əlavə  etmək istəyirəm ki, mahnı janrı ilə məşğul olan musiqiçidən Bakı Musiqi Akademiyasının diplomunu tələb etmək düz deyil! Çünki BMA-da mahnı yazmaq öyrətmirlər.
Əgər orada öyrətmirlərsə, mahnı yazan insanlar da Klassik Qərb musiqisi üslubuna iddia etmirlərsə, o zaman bu “Konservatoriya bitirməyənlər mahnı yazmasın!” şüarının nə mənası qalır?
Yox, əgər yenə də bu şüarı səsləndirməyə davam etməyə qərarlısınızsa, eyni məntiqlə Bakı Musiqi Akademiyasından tələb etməlisiniz ki, bəstəkarlıq (əslində kompozisiya) fakültəsində oxuyanlara mahnı yazmaq dərsi keçsinlər. Bu tələb isə çox gülməli səslənəcək… 

P.S. Fikrimcə problemin qaynağı SSRİ-nin parçalanmasından sonra ölkəmizdə Klassik Qərb musiqisi industriyasının dağılmasıdır. Hər il Bakı Musiqi Akademiyasını ən azı 2 nəfər “Klassik Qərb musiqisi yazmaq” peşəsi üzrə bitirir. Hər biri də iri həcmli simfonik əsərlə. Bu əsərlər heç vaxt səslənmir. Çünki bu cəmiyyətdə o simfoniyaların səslənməsi yalnız həmin gənc müəlliflərə maraqlı və lazımdır. …uzaqbaşı bir də o gənc müəllifin müəlliminə. Buna görə də öz sənətləri ilə bu ölkədə bir iş görə bilməyən kompozitorlar mahnı yazmağa, bəstəkarlıq etməyə başlayırlar. Və nə qədər paradoksal görünsə də… əslində mahnı yazanlar klassik musiqi yazanların deyil, klassik musiqi yazanlar mahnı yazanları şou-biznes bazarından çıxarmağa çalışırlar…

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

 

Əlaqəli məqalələr

5 şərh

  1. qulaqlarımış alımış musiqi bəstələy.nlərə deyilən “bəstəkar” sözülə məzələnməkdənsə əsərlərində bir azərbaycan musiqi cümləsi qurqşdırsaydın qərblilərin qulağı sevinərdi bax gör səni çoxmu dinləyiblər sənə dərs deyənlər az.musiqi dili ilə dünyanı silkələyiblər onların tələbəsi olmağa çalış

  2. Sovet hakimiyyəti dövrü soyadında bəy sözünə görə Üzeyir Hacıbəyov həmişə qorxu çəkib. Rusların dami düşməni sayılan “bəstəçi” və onun törəməsi “bəstəkar” Türk sözləri işlətmək Ü.Hacıbəyova əlavə dərdsər ola bilərdi. O vaxtlar Üzeyirbəyin “kompozitor” sözündən istifadə etməsinə təbii baxmaq lazımdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button