Azərbaycanda köklü iqtisadi islahatlara ehtiyac var – Fizuli Məmmədovun yazısı

İş dünyasının başarılı ismi Azərbaycan iqtisadiyyatı üçün yüksəliş modeli təklif edir

Aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni hökumət qurulub, nazirlər və idarə rəhbərliyi vəzifələrinə bir çox gənc və enerjili kadrlar təyin edilib. Bu, yeni Nazirlər Kabinetinin iri iqtisadi islahatların keçirilməsi ilə məşğul olacağına, prosesin əhalinin sosial-iqtisadi vəziyyətinin xeyli yaxşılaşdırılmasına gətirib çıxaracağına böyük ümidlər yaradır. Bütün hallarda yeni hökumət vətəndaşlarda həyat şəraitinin yaxşılaşması ilə bağlı ümidlər doğurur, eyni zamanda iqtisadiyyatın inkişafı üçün yeni perspektivlər açır. Ancaq Azərbaycanın durumu elədir ki, ciddi iqtisadi yüksəlişə kosmetik deyil, yalnız və yalnız köklü islahatlarla çatmaq mümkün ola bilər.

İqtisadi islahatlar zamanı biz digər ölkələrdə uğurla həyata keçirilən iqtisadi modelləri kor-koranə təkrarlamamalı, xalqımızın çoxəsrlik həyat tərzi, mənəvi və mədəni irsini nəzərə alaraq öz iqtisadi inkişaf modelimizi yaratmalı , dünyanın, ilk sırada da yüksək inkişafa çatmış Qərb ölkələrinin təcrübəsindən istifadə etməliyik.

İrimiqyaslı iqtisadi islahatların keçirilməsinə ciddi ehtiyac Azərbaycanın iqtisadi strukturunun əsaslı şəkildə dəyişmək ehtiyacından yaranır. İndiki Azərbaycan iqtisadiyyatı neft sənayesinə əsaslanaraq və istinad edilərək yaradılıb. Lakin, “qara qızıl” erası tədricən sona yaxınlaşır. Neftin yerini getdikcə ekoloji cəhətdən təmiz və ucuz enerji növləri – külək və günəş enerjisi tutmaqdadır. Gözlənilir ki, külək və günəş enerjilərinin maya dəyəri çox sürətlə aşağı düşəcək və yaxın gələcəkdə onları neft və qazla müqayisədə daha da rəqabət qabiliyyətli edəcək. Ekspertlərin söylədiklərinə görə, artıq 20-30 ildən sonra neft və qaz bugünkü gündə odun və kömür kimi arxaik, köhnəlmiş yanacaq növünə çevriləcək. Bu isə o deməkdir ki, tezliklə neftin qiymətləri yenidən kəskin şəkildə aşağı düşə bilər və neftə olan yüksək qiymətlər həmişəlik keçmişdə qala bilər. Bu səbəbdən, əgər Azərbaycan qısa müddət ərzində öz iqtisadiyyatını yenidən qurmasa və neftdən asılılığından azad olmasa, o halda ölkə büdcəsinin gəlirlərində yenidən problemlər yarana bilər.

Bu gün neftin qiymətinin bir barelə görə 75 dollara qədər qalxması, əsasən, dünyadakı geosiyasi gərginliklə bağlıdır. ABŞ və onun Yaxın Şərq müttəfiqlərinin ən iri neft ixracını həyata keçirən İranla müharibə təhlükəsi, dünyanın neftli regionları olan Yaxın Şərq, Liviya və Nigeriyada, həmçinin, Venesuelada neft hasilatının kəskin azalması səbəbindən hərbi münaqişənin eskalasiyası, gərginləşməsi mümkündür. Əgər bu ölkələrdə vəziyyət sabitləşərsə, o zaman neft hasilatı kəskin artmağa başlayacaq, bu da neft qiymətlərinin yenidən kəskin şəkildə aşağı yuvarlanmasına səbəb olacaq. Ona görə də, neftə olan indiki yüksək qiymətlər Azərbaycan hökumətini arxayın etməməli, əksinə, iqtisadi islahatların keçirilməsi sürətləndirilməlidir. Əks halda, ölkəmiz yenidən neft şoku ilə üzləşə bilər. Bu gün Azərbaycan üçün vaxt – puldur, vaxt itirmək – pul itirmək deməkdir.

Biz gələcəyə ümidlə baxmalıyıq, çox zəhmət tələb edən və daha çox iş yeri yarada biləcək perspektivli iqtisadi sahələrin inkişafına üstünlük verməli, Azərbaycanın qeyri-xammal ixrac potensialını genişləndirməliyik. Hesab edirəm ki, yüksək texnoloji istehsalat, avtomobil istehsalı, tikinti və hərbi sənaye kompleksi (HSK) Azərbaycan iqtisadiyyatının inkişaf lokomotivləri ola bilər. Ölkəmizdə bütövlükdə bu dörd sahənin inkişafı üçün kifayət qədər potensial vardır.

Əgər qısa müddətdə Azərbaycanda yüksək texnoloji məhsulların istehsalını yoluna qoymaq mümkün olmazsa, ölkəmiz üçün rəqabətə davamlı iqtisadiyyat yaratmaq da çox çətin olacaq.

Bu gün rəqəmli iqtisadiyyat dövrüdür. Bugünkü iqtisadi şəraitdə yaşamaq üçün “ağıllı iqtisadiyyat” yaratmaq və inkişaf etdirmək lazımdır. Əks halda, Azərbaycan dünya iqtisadiyyatından qiraqda və inkişaf etmiş dünyanın əhatə dairəsindən kənarda qalacaq. Ona görə də, yüksək texnologiyalı istehsalın yaradılmasına xüsusi diqqət yetirmək vacibdir.

Sadaladığım digər üç sahə – avtomobil istehsalı, tikinti və hərbi-sənaye kompleksi (HSK) sahələrinin sürətli inkişafı üçün artıq kifayət qədər zəmin vardır. İran, Türkiyə, Rusiya və Belarusun avtomobil istehsalı şirkətləri öz istehsallarını genişləndirmək məqsədi ilə artıq Azərbaycanda birgə müəssisələr yaradıblar. Ölkəmizdə maşınqayırmanın tam silsiləsini yaratmaq mərhələsini təşkil etmək üçün biz bu prosesdən əlverişli istifadə etməli və gələcəkdə dünya avtomobil bazarına Azərbaycanın öz xüsusi brendi ilə çıxmasını təmin etməliyik.

Tikinti sahəsi neft sənayesindən sonra Azərbaycan iqtisadiyyatında öz əhəmiyyətinə və həcminə görə ikinci önəmli sahədir. Ölkədə tikinti bumu davam edir, yollar, körpülər salınır, sosial əhəmiyyətli obyektlər, çoxsaylı yaşayış və xidməti binalar istifadəyə verilir. Bakıda köhnə beşmərtəbəli yaşayış binalarının yerində müasir çoxmərtəbəli hündür binalar tikilir. Bu gün Azərbaycanın hüdudlarından kənarda iş dünyasında təmsil olunan soydaşlarımız Bakıda mənzillər alır, bölgələrdə yeni evlər tikdirlər. Bütün bunlar tikinti sahəsinin sürətli inkişafı üçün ölkəmizdə kifayət qədər potensial olduğunun göstəricisidir.

Hərbi-sənaye kompleksinin inkişafı da Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir. Çünki bu sahənin inkişafı təkcə iqtisadi yox, eyni zamanda ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü məsələsidir. Ərazilərimizin 20%-ni işğal edən Ermənistanla müharibə vəziyyəti davam etməkdədir. Biz ancaq öz hərbi potensialımızı durmadan artıraraq torpaqlarımızı işğaldan azad edə bilərik. Bunun üçün güclü ordu yaratmaqla yanaşı, sistemli şəkildə hərbi sənayeni kompleksini inkişaf etdirmək lazımdır. İsrail dövlətinin təcrübəsi göstərir ki, hərbi sənayenin inkişafı ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də onun ixrac potensialını genişləndirir və ölkəyə böyük gəlir gətirir. İsrail təcrübəsi onu da göstərir ki, ölkə müharibə şəraitində, yaxud qonşu dövlətlərlə düşmənçilik vəziyyətində qalarsa, idxal olunan hərbi məhsullardan asılılıq maksimuma endirilməli, daxildə hərbi sənaye sürətlə inkişaf etdirməlidir.

Bu gün Azərbaycanda neft sahəsinin əsas alternativlərindən biri kimi, turizmin inkişafına üstünlük verilir. Amma turizm olduqca dəyişkən sahədir. O, ölkədə təhlükəsizlik, geosiyasi gərginlik və ictimai-siyasi sabitlik problemləri qarşısında çox zəif və acizdir. Biz Türkiyənin kədərli təcrübəsindən görürük ki, əgər qonşu dövlətdə vəziyyət gərginləşərsə, onda xarici turistlərin ölkəyə axını kəskin şəkildə azalır və bir çox turizm obyektləri rentabellikdən məhrum olurlar.

Azərbaycanın turizm obyektləri də eyni problemlə üzləşə bilər, çünki, ABŞ və onun Yaxın Şərq müttəfiqlərinin İranla müharibə təhlükəsi və ya bu İslam Respublikasında hökumət əleyhinə qiyamın olacağı ehtimalı getdikcə artır. Əgər İranla müharibə başlayarsa və bu ölkə iğtişaşlarla əhatə olunarsa, ya da daha pis – vətəndaş müharibəsi başlanarsa, onda İrandan orta hesabla 8-10 milyon azərbaycanlı qaçqın Azərbaycan ərazisinə axışmağa başlaya bilər. Belə qaçqın axını ölkəmizdə turizm sahəsini iflasla üz-üzə qoya bilər. Ona görə də, hansısa iqtisadi sahələrin inkişafının planlaşdırılması zamanı geosiyasi risklərin nəzərə alınması çox vacibdir, çünki, dünyada və xüsusən də, bizə Yaxın və Orta Şərqdə durum çox gərgin, proqnozlaşdırılması mümkünsüz durumdadır.

Bundan başqa, turizm sahəsinin digər mənfi cəhətləri də var. Əvvəla, bu mənəviyyat, əxlaq və mədəniyyət məsələləridir. Xarici turistlərin, ilk növbədə, ərəb ölkələrindən gələnlərin addımbaşı ləyaqətsiz və yaramaz hərəkətləri Azərbaycanda əhalinin narazılığına səbəb olur, cünki, belə davranış bizim xalqımızın mənəvi, əxlaqi və mədəni dəyərlərinə ziddir.

İkincisi, əgər ölkədə ərzaq ehtiyatı turizm sahəsinin tələbatını nəzərə alaraq artmırsa, o zaman turist axını ölkədə istehlak məhsullarının qiymətlərini kəskin artıra bilir. Kənd təsərrüfatında köklü islahatlar nəticəsində kənd yerlərində yüz minlərlə yeni iş yerlərinin yaradılmasına nail olan Türkiyə bu problemi uğurla həll edib. Ancaq, Türkiyədən fərqli olaraq, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yararlı torpaqların sahəsi kifayət qədər deyil. Bizdə əkin sahələri ilə bağlı bir sıra ciddi problemlər mövcuddur. Bir çox rayonlarda əkin sahələrinin azlığı, suvarma sistemlərinin olmaması, quraqlıq, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi bu sahənin inkişafına ciddi əngəllərdir. Unutmayaq ki, bu gün Ermənistanın işğalı altında olan rayonlar ölkənin ən inkişaf etmiş kənd təsərrüfatı rayonları idilər.

Turizm sahəsinin inkişafı tərəfdarları belə hesab edirlər ki, bu sahə yeni iş yerlərinin açılmasına imkan yaradır, kiçik və orta biznesin inkişaf etdirilməsinə səbəb olur. Turizm biznesinin mövsümi xarakter daşıması, həm də bizim regionda get-gedə artan geosiyasi gərginlik turizmin bu müsbət cəhətlərini şübhə altında qoyur. Ona görə də, Azərbaycan iqtisadiyyatında islahatların keçirilməsi zamanı əsas üstünlük o sahələrə verilməlidir ki, onlar xarici amillərdən o qədər də asılı olmasın, bu sahələri istənilən şəraitdə, hətta, müharibə şəraitində belə inkişaf etdirmək mümkün olsun.

Təəssüf ki, həm Azərbaycanın yerləşdiyi coğrafiya, həm də ölkəmiz üçün müharibə təhlükəsi var. Qarşımızda işğal olunmuş ərazilərimizi azad etmək problemi dayanır. Ermənistan torpaqlarımızı könüllü qaytarmayacaq, deməli, biz yalnız hərbi qüvvələrin köməyi ilə işğalçıları torpaqlarımızdan qovmalıyıq. Ona görə də, bizim iqtisadiyyatımız Ermənistan ilə yeni müharibəyə tam hazır olmalıdır.

Yuxarıda göstərilən bütün risklər və problemlər ondan xəbər verir ki, neft sahəsinin alternativi kimi təkcə turizm və kənd təsərrüfatını deyil, həmçinin, iqtisadiyyatın digər sahələrini də inkişaf etdirmək vacibdir. Bu zaman iqtisadiyyatın bütün sahələrində kiçik və orta sahibkarlığa xüsusi diqqət yetirmək lazımdır, çünki, dünyanın inkişaf etmiş bütün ölkələrində iş yerlərinin xeyli hissəsini məhz bu sahə yaradır. Bu məsələ olduqca vacibdir, çünki, azərbaycanlıların mütləq əksəriyyəti məhz münasib iş tapmadıqlarına görə Vətəni tərk etmək məcburiyyətində qalıblar.

Amma, bu gün kiçik və orta biznesin inkişafına Azərbaycanın, demək olar ki, bütün iqtisadi sahələrində və maliyyə sistemində mövcud olan inhisarçılıq mane olur. İnhisarçılıq biznes mühitində sağlam rəqabət üçün şərait yaratmağa imkan vermir və iqtisadiyyatın rəqabət qabiliyyətliyini azaldır. Bu halla mübarizə iqtisadiyyatın bütün sahələrində çox sərt şəkildə aparılmalıdır. Bu gün Azərbaycan üçün rəqabətə davamlı, özünü təmin edə bilən, xarici amillərin təsirindən asılı olmayan güclü iqtisadiyyat lazımdır; o cümlədən, neftin qiymətinin düşməsi, aparıcı dövlətlər arasında müharibə sanksiyalarının aparılması iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir etməməlidir. Hesab edirəm ki, Azərbaycan bu prinsip üzrə hərəkət etməlidir – “Hər şeyi özün istehsal et”, “Azərbaycan məhsullarını al”.

İmkan vermək olmaz ki, Azərbaycan “üçüncü dünya” ölkələrinin modeli üzrə inkişaf etsin: paytaxt çiçəklənsin, əyalətlər isə öz inkişafından xeyli geridə qalsın. Bunun üçün bölgələrdə cəlbedici iş yerləri yaratmaq lazımdır ki, insanlar öz yerlərindən paytaxta köçməsinlər. Bu problemi təkcə torpaq potensialı çox məhdud olan kənd təsərrüfatını inkişaf etdirməklə deyil, həmçinin, bir sıra iri müəssisələri Bakıdan bölgələrə köçürməklə həll etmək olar. Bundan başqa, Bakını boşaltmaq və işsizlik ucbatından öz doğma yerlərini tərk edən əyalət şəhərləri və kəndlərinin sakinləri üçün iş yerləri yaratmaq lazımdır.

Bakı və onun ətrafı iki milyon insanın yaşayışı üçün nəzərdə tutulub. Amma, bu gün paytaxta Azərbaycanın bütün bölgələrindən axışıb gəlirlər və nəticədə, Bakı və onun ətrafında, təxminən 3,5 milyona yaxın insan yaşayır. Yəni, şəhər həddindən artıq yüklənib, buna görə də yollarda tez-tez tıxaclar yaranır, kommunal xidmət dairələri Bakının problemlərinin həllində çətinliklərlə üzləşirlər.

İstehsal gücünün böyük hissəsini paytaxtdan regionlara köçürməklə, biz, eyni zamanda, Azərbaycanın iki kəskin problemini həll etmiş oluruq – Bakının yükünü azaltmaq, uzaq məsafədə yerləşən rayonlarda iş yerləri açmaqla, onların sürətli inkişafına nail olmaq. İnsanları, xüsusilə də gəncləri geri kənd yerlərinə qaytarmaq və regionların iqtisadi inkişafını sürətləndirmək lazımdır. Azərbaycan kəndini canlandırmaq, dirçəltmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları üçün vergi yükünü azaltmaq, yeni yaradılan kiçik və orta sahibkarlıq subyektləri, ilk növbədə, reqionlarda fəaliyyətə başlayan fərdi sahibkarlar üçün yaxın 3-5 il ərzində vergi tətilləri elan etməyə ehtiyac var.

Neft bumu və neftə olan yüksək qiymətlər dövründə kənd təsərrüfatının inkişafına az diqqət yetirilib, bu da kənd təsərrüfatı sahələrində acınacaqlı vəziyyətə gətirib çıxarıb. Neft dollarlarının böyük axını nəticəsində manatın məzənnəsinin artımı kənd təsərrüfatının rentabelliyinin kəskin azalmasına səbəb olub. Möhkəm manat kənd təsərrüfatı məhsullarının istehsalını az gəlirli edib, Azərbaycana qonşu İran və Türkiyədən ucuz ərzaq mallarının axınını başladıb. Nəticədə, fermer təsərrüfatları müflisləşərək, kənd yerlərində işsizliyin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Nəticədə bölgələrdə yaşayan insanlar iş tapmaq ümidi ilə ölkədən gedib.

Lakin, neft qiymətlərinin dibə yuvarlanması və manatın ikiqat devalvasiyasından sonra hökumət kənd təsərrüfatını Azərbaycan iqtisadiyyatının inkişafında hərəkətverici qüvvələrdən birinə çevirmək qərarına gəldi. Xüsusən, möhkəm valyuta məzənnəsində ölkənin gəlirlərini artırmaq məqsədilə pambıq istehsalı və ixracını inkişaf etdirmək qərara alınıb. Amma, burada aşkar əyintilərə yol verilir. Pambıqçılığın inkişafı heyvandarlığa ciddi ziyan vurur. Otlaq sahələri fermerlərin əllərindən alınaraq pambıq əkilir. Nəticədə heyvandarlığın yem bazası kəskin azalır və fermerlər quru ot və samanı idxal etməyə məcbur olur, bu da ət və süd istehsalını az gəlirli edir. Məhz ötən yayda ətin kəskin şəkildə bahalaşmasının əsas səbəbi də otlaq sahələrinin azalması ilə bağlıdır.

Torpaq məsələsinin həllində tələsik addımlara yol vermək olmaz. Fermerlərə ayrılmış kənd təsərrüfatı üzrə torpaq sahələrinin istismarının vaxtı üç il müddətinə artırılmalıdır. Bundan başqa, fermerlərə toxum tədarükü, mal-qara və kənd təsərrüfatı texnikasının alınması üçün çox aşağı faizlə güzəştli kreditlər verilməlidir. Kənd təsərrüfatında kiçik və orta fermerləri iflasa gətirib çıxardan iri özəl və dövlət şirkətlərinin nüfuz dairəsi və təzyiqləri ilə mübarizə aparmaq lazımdır. Dövlət, ilk növbədə, kiçik fermer təsərrüfatlarının inkişafını təşviq etməli, həvəsləndirməli, çünki, məhz həmin sahələrdə kənd əhalisinin böyük hissəsi işlə məşğul ola bilər.

Əgər regionlarda sadələşdirilmiş vergi sisteminin tətbiqi və biznesin aparılması üçün cəlbedici şərait yaradılarsa, onda mən əminəm ki, bir çox iş adamları öz biznesini əyalətlərə köçürəcək və ya yenisini yaratmaq istəyində olacaq.

Bundan başqa, dünyanın inkişaf etmiş ölkələrində iqtisadi rifahın əlaməti və ölkədə ictimai-siyasi sabitliyin qarantı, təminatçısı kimi tanınan geniş və davamlı orta təbəqənin yaradılması üçün beş il ərzində kiçik və orta biznesi müxtəlif yoxlamalardan azad etmək vacibdir. Sözdə deyil, əməldə biznesə qarşı inzibati təzyiqi azaltmaq, məmurların qohumları tərəfindən biznesdə dominantlığa yol verməməyə nail olmaq lazımdır. Dövlət məmurları ilə sıx dostluq və qohumluq əlaqələri olan şəraitdə iş adamları varlanır, dövlət məmurlarının havadarlığından məhrum olan iş adamları isə tezliklə müflisləşir və lümpenləşmə yolu ilə gedir. Belə şəraitdə biz sağlam rəqabətli iqtisadiyyat yarada bilmərik və cəmiyyətdə sosial ədaləti təmin edə bilmərik.

Yerli iş adamları üçün bərabər şərtlər və vergi imtiyazları yaratmaqla yanaşı, onları həm də xarici amillərdən – ədalətsiz və haqsız rəqabətdən qorumaq lazımdır. Məsələn, son aylarda İran, Türkiyə və Rusiyanın milli valyutaları əhəmiyyətli dərəcədə devalvasiyaya uğradı. İran rialının məzənnəsi ABŞ valyutası ilə müqayisədə “qara bazarda” 67% aşağı düşdü: ötən ilin sentyabrında 36 000-dən bu il aprelin ortalarında bir ABŞ dollarına 60 000-ə qədər. Son dörd ay ərzində Türkiyə lirəsinin məzənnəsi ABŞ dolları ilə müqayisədə 20%-dən artıq azalıb, Rusiya rublunun məzənnəsi aprelin əvvəlində 10% ucuzlaşıb. Amma, Azərbaycan manatının məzənnəsi son bir il ərzində sabit olaraq qalır. Rusiya, Türkiyə və İran Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Beləliklə, bu ölkələrin milli valyutalarının devalvasiyasından sonra Azərbaycanda daha çox rəqabət qabiliyyətli olub.

Azərbaycan hökuməti yerli istehsalçılarını qonşu ölkələrin milli valyutalarının rəqabətli devalvasiyasından qorumaq üçün təcili tədbirlər görməlidir. Əks halda, Azərbaycanlı istehsalçılar yerli bazardan tamamilə sıxışdırılacaq. Ona görə də, qısa müddət ərzində yerli istehsalçıların müdafiəsi və qorunması üçün effektiv mexanizm işləyib hazırlamaq lazımdır.

ABŞ prezidenti Donald Траmpın proteksionizmi ucbatından dünyanı ticarət müharibələri bürüyür. Bununla yanaşı, müasir ticarət müharibələrində əsas alətlər – milli valyutaların devalvasiyası və ölkəyə idxal edilən məhsullara gömrük rüsumlarının artırılmasıdır. Ona görə də, mən hesab edirəm ki, daxili bazarda yerli malların rəqabət üstünlüyü , eyni zamanda əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün manat devalvasiya edilməməlidir. Əksinə, gömrük və vergi sahələrində tarif siyasətindən istifadə etmək, idxal olunan məhsullara gömrük rüsumlarını artırmaq, Azərbaycan istehsalı olan bütün mallar üçün əlavə dəyər vergisini (ƏDV) yarıya qədər aşağı salmaq vacibdir.

Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Ona görə də, ölkəmiz öz vergi və gömrük siyasətini müstəqil şəkildə olaraq müəyyən etmək hüququna malikdir. Əmtəə istehsalçılarının və istehlak bazarının qorunması üçün Azərbaycan özünün iqtisadi siyasətində proteksionizm göstərməkdən çəkinməməlidir.

Ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi üçün istehsal olunan məhsullar sabit, alıcılıq qabiliyyəti yüksək bazarla təmin edilməli, eyni zamanda, yerli məhsulların idxalı stimullaşdırılmalıdır. Məhz dövlət səviyyəsində qeyri-xammal məhsullarının ixracını dəstəkləmək vacibdir. Çünki, onların istehsalı bir sıra iş yerlərinin yaradılmasına imkan verir. Vurğulamaq istəyirəm ki, ötən əsrin 80-cı illərinin ortalarından Çində başlanan iqtisadi yüksəliş məhz dövlət siyasəti sayəsində qeyri-xammal məhsullarının ixracının stimullaşdırılması nəticəsində baş verib.

İstisna deyil ki, irimiqyaslı iqtisadi islahatların keçirilməsi zamanı müəyyən səhvlər və uğursuzluqlar ola bilər. Bundan qorxmaq lazım deyil. Heç bir işlə məşğul olmayanlar səhv etmir. Təcrübə nöqsan və uğurların cəmidir. Ən əsası – yol verilmiş səhvləri tez görmək, onları vaxtında düzəltmək və qazanılmış uğurları ardıcıl olaraq inkişaf etdirməkdir.

Fizuli Məmmədov,
Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti,
Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button