Azərbaycanda yayım mediasının gələcəyi müzakirə edilib

20/09/2012

Sentyabrın 20-də “Park İnn” otelində İnternational Media Support, ATƏT-in Bakı Ofisi və Avropa Birliyinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Azərbaycanda Yayım Mediasının Gələcəyi” adlı milli konfrans keçirib.

 Konfransda ATƏT-in Bakı ofisinin dəstəklədiyi Yayımda dəyişiklik: Azərbaycanın yayım mediasında fikir müxtəlifliyi və plüralizm sahəsində müzakirələrin aparılması”, Avropa Birliyinin maliyyələşdirdiyi“Yeni medianın inkişafı və regionlara yayılmasılayihələri və  IMS-in “Azərbaycan mediasında peşəkarlığın və müstəqilliyin artırılması, informasiya müxtəlifliyinin təmin olunması və cəmiyyətə daha dolğun məlumatın çatdırılması” proqramı çərçivəsində müzakirələr aparılıb.

ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Nikolas Detç bildirib ki, güclü dövlət üçün azad media lazımdır və bu gün yeni media ənənəvi medianı tamamlayır, cəmiyyətin alternativ məlumatla təmin olunmasında mühüm rol oynayır”.

Beynəlxalq Mediaya Dəstək (İMS) təşkilatının proqram rəhbəri Gülnarə Axundova ölkə televiziyalarının fəaliyyətində plüralizmin təmini ilə bağlı ciddi nöqsanların olduğunu deyib. “Vətəndaşlar televiziyalardan tam informasiya ala bilmədikləri üçün alternativ informasiya mənbəyi kimi rəqəmsal mediadan istifadə edirlər”,- deyə Axundova öz çıxışında qeyd edib.

 “ Rəqəmsal yayıma keçid və yayımın müstəqilliyi bir-biri ilə əlaqəli olmalıdır” mövzusunda  əsas çıxışçı, RATİ-nin rəhbəri Emin Hüseynov Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı vətəndaş cəmiyyəti olaraq onlarda çoxlu suallar yarandığını deyib. “2013-cü ildə bütünlüklə rəqəmsal yayıma keçiləcəyi bildirilir, amma biz hansı standartlara keçdiyimizi bilmirik. Bu standartlar telesənayemizə nə verəcək? Biz bilmirik cəmiyyət buna hazırdırmı? Cəmiyyət bilməlidir ki, biz teleməkanı hansı rəqəmsal standartlarla inkişaf etdirəcəyik. B&#6 01;zi ölkələr tezlik resurslarının səmərəli istifadəsi, televiziyaların texniki inkişafı baxımından DVB-T yəni, yerüstü rəqəmsal yayımla bağlı standartların köhnəldiyini bəyan ediblər. Onlar artıq DVB-T2 standartlarına keçməyi qərara alıblar. Təbii ki, bu daha üstün standartlar deməkdir. Istərdik müzakirələr zamanı bu suallara aydınlıq gətirilsin”-deyə Emin Hüseynov bildirib.

Bakı Dövlət Universitetinin professoru, teleaparıcı Qulu Məhərrəmlinin moderatorluğu ilə  keçən 1-ci paneldə yayım üçün  lisenziya:  milli tele-radio yayımında cari vəziyyət, Analoq yayımdan rəqəmsal yayıma keçid  və Yayım mediasında etik davranış kodeksi; televiziya və radio kanalları tərəfindən günahsızlıq prezumpsiyasının pozulması   məsələləri müzakirə olunub.

 Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin rəhbəri İsa Məmmədov hazırda Azərbaycanda yayım və qəbuledicilərlə bağlı milli standartların hazırlandığını bildirib: “Hazırda ölkənin 80 faizini əhatə edən 30 rəqəmsal televiziya stansiyası qurulub. Rəqəmsal yayımın qəbulu üçün aztəminatlı ailələrə 130 min dekoderin pulsuz paylanması gözlənilir”, – Məmmədov əlavə  edib.

“Son illər 4 tezliyə müsabiqə elan edilib və bu tezliklər siyasi nəzarətdə olan televiziyalara verilib. Yeni oyunçular bazara buraxılmır. Mövcud televiziyalar isə cəmiyyətin marağını əks etdirmir. Cəmiyyət obyektiv məlumatları daha çox yeni media və sosial şəbəkələrdən alır. Belə olan halda dövlətdən maliyyələşən yayımçılara 60 milyon manat ayrılmasının ictimai faydalılığı nədən ibarətdir”- İREX-in təmsilçisi, media eksperti Ələsgər Məmmədli öz çıxışında  bildirib.

 İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr və monitorinq qrupunun rəhbəri Tahir Məmmədov bildirib ki, İctimai Teleradioda çalışanlar proqramların balanslı, baxımlı, keyfiyyətli olmasını heç də auditoriya, müxtəlif ekspertlər, beynəlxalq təşkilatlar, bu deklarasiyaları yazanlar, eləcə də qanunun tətbiqinə nəzarət edən Yayım Şurasından az istəmir.   İctimai Televiziyanın tənqidi bizi qane edir. Biz təhlil və tənqid olunmağımızı istəyirik. Amma bu, o demək deyil ki, bütün fikirləri -doqma kimi qəbul etməliyik və proqram siyasətimizi ayrı-ayrı fərdlərin subyektiv rəyləri əsasın da tərtib etməliyik”/

“Televiziyalardakı inhisarçı  mühitin dağıdılması vacibdir. Hökumət teleradio məkanını inhisarında saxlayır. Proqramların məzmunu ilə bağlı da rəqabət mühiti yoxdur”, –  deyə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qeyd edib.

 Sosial media üzrə ekspert Əli Novruzovun moderatorluğu ilə keçirilən 2-ci paneldəGoogle TV, Apple TV, Netflix və sair internet televiziyalarının ənənəvi yayım mediasına təsiri, İnternet tele-radio yayımının texniki və qeyri-texniki problemləri  yayımının inkişafında vətəndaş jurnalistikasının rolu və digər məsələlər müzakirə edilib.

 Tədbirdə çıxış edən “Obyektiv tv”-nin Günay İsmayılova bildirib ki, online televiziyası açmaqda məqsədləri insan hüquqları ilə bağlı vətəndaşların dolğun informasiya almalarına şərait yaratmaqdır. “2 il ərzində kanalımız tərəfindən 6000 video yayılıb ki, bunların da yarısı Azərbaycan dilində, yarısı isə ingilis dilində yayılıb. Elə videolarımız var ki, 2 il ərzində 260000 baxış olub. Obyektiv tv eyni zamanda regionlarda QHT- lər, gənc fəallar, hüquq müdafiəçiləri üçün rəqəmsal  media ilə bağlı təlimlər keçirib və regiondan olan şəxslər və təşkilatlarla əməkdaşlıq edir”,- deyə İsmayılova qeyd edib. Sonda o 2 il ərzində Obyektiv televiziyasına maliyyə dəstəyi verən beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən “Yurd” televiziyasının rəhbəri Rüstəm Əliyev qeyd edib ki, “Televiziyanın fəaliyyətinin genişləndirmək üçün internet imkanları daha geniş olmalıdır. Azərbaycanda video yükləmə sürəti az olduğundan hələ ki bununla bağlı problemlər qalır”, deyə Əliyev qeyd edib.

 İREX –in Azərbaycan üzrə Yeni Media Layihəsinin rəhbəri Anjela Nikoara Google TV, Apple TV, Netflix və sair internet televiziyalarının ənənəvi yayım mediasına təsirindən  və yeni medianın inkişafından danışıb.

 “Gənclərin səsi” radiosunun rəhbəri  Azər Nəzərov qeyd edib ki, online media sürətlə inkişaf edir və tamaşaçı kütləsi artır. “Bizim radionun hazırladığı materiallardan televiziya kanallarının istifadə etməsi online medianın inkişafından xəbər verir”.

ATƏT-in Bakı ofisinin nümayəndəsi Vüsal Behbudov müzakirələrin davam etdirilməsini vacib olduğunu deyib, orda bütün telekanalların iştirakını arzulayıb. Seçkiqabağı dövrdə məsələnin aktuallığını nəzərə alaraq ATƏT-in belə layihələrə dəstək verəcəyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button