Azərbaycanın xəstə səhiyyəsi

Səhiyyəsi xəstə olan cəmiyyətin özü də xəstədir…

Azərbaycan cəmiyyətini bir orqanizm kimi təsəvvür etsək, onun sağlam olmasını da iddia etməliyik. Sağlam cəmiyyət üçün isə tələb olunan əsas şeylərdən biri də sağlam səhiyyədir. Belə səhiyyəmiz varmı?

Ölkəmizin səhiyyə sistemindəki vəziyyətlə tanış olmağa yüngül səviyyədə maraq göstərdim. İlk öncə fərqli ixtisasa və vəzifələrə malik olan həkimlərlə, müxtəlif dərəcəli tibbi müalicələr almış insanlarla görüşüb fikirlərini öyrəndim. Sən demə, fil qulağında yatırmışıq. Elə dəhşətli faktlar və fikirlərlə rastlaşdım ki, heç cür inana bilmirəm ki, hansısa bir ölkədə belə faktlarla rastlaşa bilərik. Deyilənlərə görə, Bakıda və rayonlarda elə apteklər var ki, giriş qapısında “Burada ucuz və saxta olmayan (original) dərmanlar satılır” lövhələri asılıb. Bu, o deməkdir ki, ölkəmizdə saxta dərmanlar da satılır. Bu saxta dərmanlar gizli sexlərdə istehsal olunub qablaşdırılır. Hətta bir neçə il əvvəl telekanallarda bu barədə məlumatlar da getdi. Heç kim də cəzalandırılmadı. Məmurların cəzalandırması həmişə olduğu kimi yenə də rüşvət alıb buraxmaqla bitdi.

Ölkəyə dərman preparatlarının gətirilməsinə, gətirilmişlərin satışına dövlət nəzarəti yox dərəcəsindədir. Əgər belə olmasaydı, müxtəlif apteklərdə satılan dərmanların qiyməti bir-birindən fərqli olmazdı. Bir aptekdə 5 manata satılan dərman digər aptekdə 25 manata, bir rayonda 10 manata satılan dərman başqa rayonda 100 manata satıla bilər. Yaxud dərman saxtadırsa, təbii qiyməti 100 manata olsa belə 5 manata da satıla bilər. Nə çoxdur çörək almağa pulu olmayan xəstələr. Heç olmasa təsəlli tapacaqlar ki, həkimin təyin etdiyi dərmanı ala bildilər.

Azərbaycanın heç bir dövlət məmuru, onların ailə üzvləri ölkələrində müalicə olunmurlar. Ən pis halda onlar ya Türkiyəyə, ya da Avropa ölkələrinin birində müalicə olunmağa qaçırlar. Çünki ölkələrinin səhiyyə sistemindəki vəziyyətlə məndən də yaxşı tanışdırlar.

Bəlkə də dünyanın az saylı ölkələrindən biriyik ki, vətəndaşlarımiz tibbi sığorta imkanlarından məhrumdurlar. Atalar “min dərd varsa, min bir də dərmanı var”deyiblər. Deməli, dərd nə qədər çoxdursa, ondan xilas olma yolları daha çoxdur. Məhs buna gorədir ki, müasir dövrün insanları pensiya yaşlarına qədər aldıqları əmək haqqının bir hissəsini vergi adı ilə dövlətə ödəyirlər ki, təkcə qocalanda yox, hən də xəstələnəndə pulsuz və ya güzəştli müalicə oluna bilsinlər. Bu proses bir qədər dəyişiklik və əlavələrlə “tibbi sığorta” adlanır. Sövetlər dönəmində vətəndaşlardan vergilər tutulsa da, ölkədə səhiyyə sistemi pulsuz olduğundan, əlavə tibbi sığortaya ehtiyac duyulmurdu, özəl səhiyyə müəssisələri də yox idi. Sovetlər Birliyi dağılan kimi ölkəyə dərman gətirilməsinə dotasiyalar aradan qaldırıldı və səhiyyə sistemində pulsuz müalicələr ləğv edildi, hətta dərmanların satışına dövlər nəzarətindən belə məhrum olduq. Məhz belə bir zamanda dövlət “tibbi sığorta” anlayışını gündəmə gətirməli və vətəndaşlardan vergi kimi aldığı vəsaitlərlə onların sağlamlıqlarını qorumalı idi. Bu proses postsovet məkanının bütün ölkələrində öz həllini tapıb. Təəssüf ki, sovetlərin dağılmasından 20 il ötsə də, biz inteqrasiya etdiyimiz Avropanın XVIII əsri səviyyəsində yaşamaqda davam edirik. Yaranmış bu vəziyyətdən istifadə edən pullu “elitarlar” və xarici şirkətlər özəl klinikalar, tibb mərkəzləri açmaqda sanki yarışa giriblər. Belə müalicə müəssisələrində yaxşı pul qazanmaq mümkündür. Xəstəxanalarımızda acınacaqlı vəziyyət hökm sürdüyündən heç kim buralarda yataraq müalicə olunmaq istəmir. Hətta 100-150 nəfərlik elə rayon xəstəxanalarımız var ki, bircə xəstəsi belə yoxdur. Buralarda müasir tibbi avadanlıqlar yox dərəcəsindədir. Müalicələr həkimlər tərəfindən fərdi şəkildə aparılır, nəticədə yanlış müalicələrdən ölənlərin sayı çoxalır və belə müalicələr edən həkimləri tapmaq belə mümkün olmur.

Adətən normal və inkişaf etmiş ölkələrdə dövlət büccəsinin 5%-i səhiyyə xidmətlərinə ayrılır. Düzdür, MDB ölkələrinin hələ heç birində bu nəticəyə nail olunmayıb (Pribaltika ölkələri istisna olmaqla). Lakin ildən-ilə bu ölkələr səhiyyəyə ayrılan büdcə xərclərini artırmaqdadırlar. Rusiyada bu rəqəm 2,5 % həddini keçmişdir. Digər MDB ölkələrində də bu rəqəmlər bir-birinə yaxın həddədir. Azərbaycan isə bu cəhətdən acınacaqlı vəziyyətdədir və hələ heç kimin də ağlına gəlmir ki, biz də dünyaya inteqrasiyaya məhkumuq (hərçənd bövlət başçılarımız Avropaya inteqrasiyadan ağız dolusu danışmaq aşiqidirlər). Ölkəmizdə büdcə vəsaitinin yalnız 0,5 %-i səhiyyə xidmətləri üçün ayrılır ki, rüşvətin hökm sürdüyü məmləkətdə bu rəqəm heç nə deməkdir.

Həkimlərin əmək haqları bir həftəlik tələbatlarının ödənilməsinə güclə yetir. Elmlər doktorlarından tutmuş sadə müalicə həkimlərinə qədər, bütün tibb personalının gözü xəstələrinin cibinə dikilib. Xəstəxanalara düşənlər elə ilk fürsətdə oradan qaçmağa çalışırlar. Burada yatacağın təqdirdə bütün dərmanları, hətta çox ucuz sarğı materiallarını, birdəfəlik şprisləri, yodu, spirti belə özün alıb gətirməlisən. Hələ bu azmış kimi yaxın qohumların daim başının üstündə olmalıdırlar ki, sənə gündə üç dəfə yemək bişirib gətirə bilsinlər.

Xaricə müalicəyə getmək imkanı olmayanlar, həkimlərin fərdi “məsləhət-müalicələrinə” üstünlük verirlər. Bu bir qədər ucuz başa gəlir. Burada təkcə həkimə pul vermək və apteklərdən dərman almaqla can qurtarmaq mümkündür. Tibb bacılarının, xəstəxana personalının açıq əllərinə nəsə qoymağa ehtiyac duyulmur. Təxmini diaqnozlar isə əksər hallarda müsbət nəticələr vermir. Müvəqqəti yüngülləşmələr olsa da, sonradan bu “güman-müalicələr” orqanizmdə ağır fəsadlara gətirib çıxarır. Həkimlərsə bu müalicə formasından yaxşı pul qazana bilirlər. Yazdıqları reseptlə onları israrla məsləhət bildikləri apteklərdən dərman almağa göndərirlər. Bu, onlara əlavə vəsait qazandırır. “Firma dərmanları” adlanan və çox baha qiymətə satılan preparatlardan 10-15% gəlir də əldə etmək mümkün olur. Apteklər satdıqları firma dərmanlarına görə həkimlərə aylıq faiz ödəyirlər. Belə dərmanlara daha çox resept yazan həkimlərin daha çox qazanmaq şansları yaranır.

Həkimin bu yolla pul qazanmasını Hippokrat andına və ölkə qanunlarına xəyanət adlandıran həkimlərə az da olsa rast gəlmək mümkündür. Məsələn, Bakıdakı 5 saylı xəstəxanada bir həkimin qapısında belə bir elana rast gəldim: “Dərman-firma işçilərinin içəri girməsi qəti qadağandır”. Bu, o deməkdir ki, bu həkim ona müraciət edən xəstələrə firma-dərman işçilərinin sifariş dərmanlarını yazmaqdan imtina edir.

* * *

2010-cu ilin əvvəllərində televiziya ekranlarında tez-tez elanlar verilməyə başlandı ki, bu il ölkəmizdə tibb islahatlarına başlanır. Sonradan məlum oldu ki, bu islahatlar Sovet Səhiyyə sisteminin 1974-cü ilinə qayıtmaqdan başqa bir şey deyil. Xəstəxanaların kontingenti məhdudlaşdırılır, əksər kənd və qəsəbə xəstəxanaları ləğv edilir. Əsas kimi də o götürülür ki, əhalinin sağlamlıq durumu yaxşı olduğundan xəstəxanalarda yatanların sayı azdır və belə xəstəxanaların ixtisarına dəyər. Əslində isə xəstəxana xərcləri o qədər ağırdır ki, xəstələr həkimlərdən xəstəliklərinə diaqnoz alıb müalicələrini ev şəraitində aparırlar. Bu diskomfort həyat tərzi artıq normal yaşam tərzimizə çevrilib.

Səhiyyəmizə etibar o qədər azalıb ki, xəstələnən vətəndaşlar hər şeydən vacib olan sağlamlıqlarını əcnəbi həkimlərə etibar etməyə başlayıblar.

İranın Azərbaycanla birtərəfli qaydada viza rejimini götürməsindən sonra, bu ölkəyə müalicəyə gedən vətəndaşlarımızın sayı sürətlə artmağa başlayıb. Burada müayinə və müalicələr həm dəqiq aparılır, həm də qiymətləri bizdəkindən 10-15 dəfə aşağıdır, dərmanları saxta deyi. Ərdəbildə, Təbrizdə, Rəştdə, Tehranda klinika və müayinəxanalardakı xəstələrin az qala yarısı Azərbaycandan gələn xəstələrdir.  Hətta vəziyyət o yerə çatıb ki, dil və nabələdlik problemlərini həll etmək üçün İran Astarasının bəzi taksi sürücüləri müalicəyə getən xəstələrimizə klinikaların ünvanlarını verməklə onları istədikləri şəhərə aparıb dil-danışıq problemlərində köməkliklər göstərir və xidmətləri müqabilində haqlarını alırlar.

Bəzən Azərbaycan mətbuatında İranda insan haqlarının pozulması ilə bağlı materiallara tez-tez rast gəlirik. Bəlkə Azərbaycanın səhiyyə sistemində baş verən özbaşınalıqlar insan haqlarının pozulmasına dəlalət etmir? Vətəndaşdan on illərlə vergilər toplayıb əvəzində onu tibbi sığortadan belə məhrum etmək insan haqlarının pozulması demək deyil? Bəlkə İranın səhiyyə sistemindəki peşəkarlıq, xəstələrə qayğı, dövlət tibb müəssisələrinin müasir avadanlıqlarla tam təchiz olunması insan haqlarının qorunmasına dəlalət etmir? İranda bütün vətəndaşların tibbi sığorta ilə təmin olunduqlarının da şahidi olduq. Bu, əsas verir ki, xəstələnənlərin müalicə xərclərinin bir hissəsi sığorta hesabına ödənilsin. Onsuz da bizdəkindən 2-3 dəfə ucuz olan dərmanlar güzəştli şərtlərlə alınır. Azərbaycanda isə vətəndaşların tibbi sığorta ilə təmin olunmasının reallaşması mümkün görünməyən arzu olaraq qalmaqdadır. Digər bölgələrdən xəbərim olmasa da, bilirəm ki, cənub bölgəsinin xəstəxana və poliklinikalarına gedib həkimə müraciət edənlərin sayı indi o qədər azalıb ki, Səhiyyə Nazirliyi bundan xəbər tutsa yəqin ki , həkimləri ixtisara salıb poliklinikaları bağlayar. Adını da qoyar ki, bu bölgədə insanlar xəstələnmirlər, həkimə, xəstəxana müalicələrinə ehtiyac duymurlar.

Sonda bir müqayisəni də aparmaq istərdim. Azərbaycan həkiminin əmək  haqqı, bu haqqı artırmalı olan, Azərbaycan Parlamentində saxta mandatla əyləşənlərinkindən nə az, nə çox düz 15-20 dəfə azdır. Təsəvvür etmək çətin deyil ki, ali təhsilli həkim 100-120 manat məvaciblə rüşvətin baş alıb getdiyi ölkədə Hippokrat andına sədaqətini nümayiş etdirməlidir. Sağlam fərd sağlam ailə, sağlam ailə sağlam cəmiyyət, sağlam cəmiyyət isə sağlam dövlət deməkdir. Bu vahid və bitkin orqanizm kimidir. Azərbaycan cəmiyyətinin sağlamlıq durumu sağlam səhiyyəyə söykənməyibsə, bu cəmiyyəti vahid orqanizmə bənzətmək olmaz. Səhiyyəsi xəstə olan cəmiyyətin özü də xəstədir.

Hüseynağa Məmmədli

Lənkəran şəhəri

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button