“Azərişıq” niyə borc bataqlığına girir?

Nemət Əliyev: «Düşünmürəm ki, həm enerjinin tarifinin artırılmasından əldə olunan maliyyə, həm də alınacaq kredit təyinatı üzrə xərclənsin»

“Azərişıq” ASC və Asiya Inkişaf Bankı (AIB) kredit sazişi imzalayıb. Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.

Sazişi iyulun 22-də “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AIB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar. 5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.

Elektrik enerjisinin tarifinin artırılmasından sonra “Azərişıq” uzunmüddətli borcalamaya gedir. Hazırkı məzənnə ilə “Azərişıq” 400 milyon manat borca girir. Amma bir sıra sullar hələ də açıq qalır. “Azərişığ”ı bu cür borcalamaya getməyə nə vadar edir. Axı bir vaxtlar “Azərişıq”ın funksiyasını yerinə yetirən “Barmek”in imkanları daha məhdud idi. Digər tərəfdən, “Barmek”in dövründə elektrik enerjisinin tarifi daha aşağı idi. Amma bu məqamlar şirkətin fəaliyyətinə çətinlik yaratmırdı. Tam əksinə, şirkət fəaliyyətini genişləndirərək enerji sektoruna daxili imkanları hesabına investisiya da yatırırdı.

İqtisadçı Nemət Əliyevin fikrincə, baş verənlər ölkədə normal idarəçiliyin olmaması səbəbindəndir. N.Əliyevin sözlərinə görə, çox acınacaqlı və düşündürücü vəziyyətdir. Çünki həm elektrik enerjisinin qiyməti artırılır və bu belə izah olunur ki, əlavə vəsait bu sahənin rekanstruksiya edilməsinə, islahatların həyata keçirilməsinə xərclənəcək. Həm də 25 illik borca girirlər: “Eyni zamanda ”Azərenerji”nin də bir sıra borcları büdcə hesabına ödəniləcək. Belə çıxır ki, “Azərenerji”də kök salmış şəxsin bacarıqsızlığının yükünü dövlət və əhali çəkməli olur. Hələ 2007-ci ildə qiymət artımı zamanı işığın qiyməti 3 dəfə artırılmışdı və belə qeyd olunmuşdu ki, əldə olunan vəsait bu sahədə islahatlara xərclənəcək. Bu vəsait bütün enerji sistemini yenidən qurmağa kifayət edərdi. Amma təəssüflər osun ki, bu gün “Azərenerji” qədər maliyyəyə ehtiyacı olan ikinci qurumu təsəvvür etmək çətindir. Belə çıxır ki, vaxtilə əldə olunan maliyyə vəsaitləri təyinatı üzrə xərclənməyib. Bu çox ciddi narahatçılıq yaradır”.

N.Əliyev vurğuladı ki, hələ “Barmek”lə müqayisədə Almaniyanın “Simens” şirkəti daha sərfəli şərtlərlə Azərbaycanın enerji sektoruna investisiya yatırmağı təklif edirdi. Bu təklif Azərbaycan xalqının və dövlətinin maraqlarına daha çox cavab verirdi. Amma təəssüf ki, bunun da qarşısı alındı: “Müxtəlif dövrdə enerji şəbəkəsinin gətirdiyi əsaslandırmalar hamısı cəfəngiyatdır. Çünki bu sahədə müşahidə olunanlarla deyilənlər arasında böyük fərq var. Düşünmürəm ki, həm enerjinin tarifinin artırılmasından əldə olunan maliyyə, həm də alınacaq kredit təyinatı üzrə xərclənsin. Onun altını da Azərbaycan xalqı çəkəcək və günlərin bir günü həmin vəsaitlərin qaytarılması üçün tariflər yenidən qaldırılacaq”.

N.Əliyevin sözlərinə görə, enerji sektorunda ciddi problemlər mövcuddur. Bu sahəyə ayrılan vəsaitlər təyinatından yayındırılır, əhali normal xidmət əldə edə bilmir. “Burada məsuliyyət daşıyan dövlət orqanları işə qarışmalıdır. Xüsusilə Maliyyə Nazirliyi, Hesablama Palatası araşdırma aparmalıdır. Amma biz bunun şahidi olmuruq. Nə Maliyyə Nazirliyi, nə də Hesablama Palatası işə yarayır. Əgər bu qurumlar, saxta yolla parlamenti zəbt edənlər vaxtında gərəkən tədbirləri görseydilər, ölkənin enerji sektoru bu günə qalmazdı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button