Azad Gənclik Təşkilatının qurultayı oldu

Ülvi Həsənli

18.02.2012

Ülvi Həsənli yenidən sədr seçildi

Bu gün Azad Gənclik Təşkilatının İ qurultayı keçirilib. Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında baş tutan qurultayda, təşkilat üzvləri ilə yanaşı siyasi partiyaların liderləri, jurnalistlər və ictimaət nümayəndələri də iştirak edib. Qurultayda Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, VHP sədri Sabir Rüstəmxanlı, politoloq Ərəstun Oruclu və digərləri təbrik nitqi ilə çıxış edib.
Öncə Təşkilatın sədri Ülvi Həsənli illik hesabat verdi: “5 tələbə qərara aldıq ki, bir təşkilat yaradaq. Çünki Azərbaycanda sosial, siyasi, ictimai vəziyyət çox pisdir. Bunun üçün gənclər nəsə etməlidirlər. Düşünürdük ki, Azərbaycanın gələcəyini gənclər müəyyənləşdirməlidir. Bizim ilkin fəaliyyətimiz kitaboxuma ilə bağlı oldu.
Ötən il Gənclərin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb və biz də bu komitədə fəaliyyət göstəririk. Azərbaycadakı siysi və istimai təşkilatlarla birgə fəaliyyətimiz davam edir. Müxtəlif aksiyalar təşkil edirik. Şəhidlərlə, gənc siyasi məhbuslarla bağlı müxtəlif aksiyalarda iştirak edirik.

Biz təşkilatı yaradanda heç ağlımıza gəlməzdi ki, belə qısa müddət ərzində Azərbaycan ictimai, siyasi sektorunda tanınacağıq və bu qədər gənc ətrafımızda toplanacaq. Bu bir illik fəaliyyət dövründə biz tək olmadıq. Yazarlar, jurnalistlər, siyasi partiyalardan dostlarımız bizə kömək oldular“.

VHP sədri Sabir Rüstəmxanlı gənclər təşkilatlarının yaranmasının sevindirici hal olduğunu bildirdi: “Dövlətin və bu torpağın sahibi sizlərsiniz. Bir dəstə adam nə qədər çalışsa da, öz övladlarını gərəkli vəzifələrdə yerləşdirsələr də, Azərbaycanın sağlam gəncliyi var və bu millətin gələcəyi də sizin əlinizdədir”.
Müsavat başqanı İsa Qəmbər çıxışında qeyd etdi ki, gənclərin gördüyü və görəcəyi işlər demokratik düşərgənin istəklərinə uyğundur. “Son zamanlar fəallıq xeyli artıb. Bu gözəldir ki, İctimai Palatanın daxilində və ətrafında əməkdaşlıq yaranıb. Mən əminəm ki, Azərbaycan belə gəncləri varsa, biz tezliklə demokratik cəmiyyət quracağıq. Hesab edirəm ki, bu gənclər bizdən çox-çox irəli gediblər və bizim edə bilmədiklərimizi, yarımçıq qoyduğumuzu bu gənclər həyata keçirəcək. Sizə bu birliyiniz, fədakar mübarizənizdə uğurlar arzu edirəm”.

AXCP sədri Əli Kərimli dedi ki, azad gəncliyin arasında olmaq çox xoş bir duyğudur. “Şadam ki, bir il ərzində belə bir təşkilat qurmusunuz. Düşünürəm ki, Azərbaycandakı zidiyyətlər öz kuliminasiya nöqtəsinə çatmaqdadır. İlluziyalar dağılır, Azərbaycan hakimiyyətinin mahiyyətini hamı bilir, artıq insanlar dəyişikliklərə köklənib. Siz bu ərəfədə fəaliyyətə başlamısınız və çox vaxtınız qalmayıb ki, təşkilati işlərinizi görüb o böyük dəyişikliyə özünüzü hazırlayasınız. Zamanın qədrini bilmək, hər gündən istifadə etmək lazımdır. Bu gün gənclərin fəal olması olduqca fərqlidir”.
Politoloq Ərəstün Oruclu, Nida Vətəndaş Hərəkatı adından Rəşadət Axundov, Müsavat gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP-çi gənclərdən Samir Əsədli, “Bulistan” grupunun üzvü Orxan Ata, Müsbət Dəyişiklik gənclər təşkilatından Rəşad Həsənov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev çıxış edərək Azad Gənclik Təşkilatını qurultayı münasibətilə təbrik etdilər.
Daha sonra təşkilata sədr seçkiləri keçirildi. Namizədlər Ülvi Həsənli, Orxan Abdulla, Ziya Zamanlı və Təbriz Önər arasında gedən mübarizənin qalibi Ülvi Həsənli oldu.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq, qurultay nümayəndələri ilə yanaşı içtimai rəyi öyrənmək üçün qonaqlar arasında da səsvermə keçirildi. İctimai rəyin nəticələrinə görə Ülvi Həsənli 66.7 faiz – 24 səslə qalib oldu.
Seçkilərin müşahidəsini aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirdi ki, qurultay nümayəndəsindən əlli nəfər mandat alaraq seçkidə iştirak edib. On iki qalıq bülleten kəsilərək ləğv edilib. Keçmiş sədr Ülvi Həsənli otuz altı səs qazanaraq bir il müddətinə Azad Gənclik Təşkilatının sədri seçilib.
Sonda İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirildi. İdarə Heyətinə yeddi yerə on nəfər namizəd, NTK-a üç yerə üç namizəd irəli sürüldü. Yeddi nəfər idarə heyətinə, üç nəfər isə NTK-a seçildi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button