“Azad seçki keçiriləcəyini təsəvvür etmək çətindir”

124.07.2013

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş diplomat Riçard Kozlariç “Amerikanın səsi” radiosuna müsahibəsində oktyabrda keçiriləcək prezident seçkisindən danışıb: “Bu prezident seçkisi olduqca mühümdür, ələlxüsus ona görə ki, səsvermə təzadlar fonunda baş verir.

Bir tərəfdən neft bumu ölkədə qeyri-adi iqtisadi irəliləyişə təkan verib, Bakının siması dəyişib. Bu mənim gördüyüm şəhər deyil. İqtisadi inkişafın izləri açıq şəkildə özünü büruzə verir və bu resurslar hökumətə siyasi düzənə təsir göstərmək üçün imkan yaradıb. O biri tərəfdən siyasi proseslərdə geriləmə o həddə çatıb ki, mənim üçün oktyabrda azad və ədalətli seçki keçiriləcəyini təsəvvür etmək çətindir. Müstəqil mediaya qoyulan məhdudiyyətlər, jurnalistlərin və siyasi xadimlərin həbsləri… Məsələn, İsa Qəmbər bir neçə ay öncə Bakıdan kənara səfər edərkən hücuma məruz qalmışdı. Bütün bunlar göstərir ki, müxalifət seçkidə İlham Əliyevlə azad və ədalətli qaydada rəqabət aparmaq imkanından məhrumdur. Odur ki, mən çox narahatam. Müstəqilliyini qazandıqdan 20 il sonra Azərbaycan gərək daha demokratik istiqamətdə hərəkət etmək mövqeyində olaydı. Amma belə deyil”.

Milli Şuranın təsis olunması və Rüstəm İbrahimbəyovun namizədliyinə toxunan diplomat deyib: “Müxalifətin vahid namizədlə çıxış etməsi tərəqqi əlamətidir. Amma bilinmir ki, Rüstəm İbrahimbəyov Bakıya qayıda biləcək, yaxud hökumət ona və ya başqa namizədə seçkidə iştirak imkanı yaradacaq. Mənim instinktim pessimist olmaqdır. Müxalifətin bir araya gəlməsi yaxşı şeydir. Amma əgər bu birlik öz məqsədinə nail olsa və vahid namizəd seçkiyə qatıla bilsə, bu, tərəqqi olardı. Amma bunun baş verəcəyinə pessimistəm”.

Siyasi fəalların, xüsusən gənclərin həbsindən söz açan sabiq səfir bunları qeyd edib: “Hökumət öz gücünə bu qədər arxayındırsa və həqiqətən də özü dediyi səviyyədə populyardırsa, onda niyə gənclərin siyasi və sosial situasiya barədə fikirlərini ifadə etməsindən narahat olur? Mən bunun motivlərini anlaya bilmirəm. Bəlkə bu, köhnədən qalan instinktdir. Mən Bakıda səfir işləyəndə prezident Heydər Əliyev idi. O dövrdə də həbsdə siyasi məhbuslar var idi. Amma bugünkü miqyasda və səviyyədə deyildi. Axı yaşları və nüfuzları baxımından bu adamlar rejimə necə təhlükə ola bilərlər? Bundan yalnız bir nəticə çıxarmaq olar: hökumət bütün Azərbaycan boyu ənənəvi və qeyri-ənənəvi müxalifətə mesaj göndərmək istəyir ki, o, qanun aliliyinə, insan haqlarına və müstəqil mediaya əsaslanan normal demokratik prosesə icazə verməyəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button