“Azadlığa çıxsam da bəzi dairələrin mənə qarşı hirsi hələ də soyumayıb”

evezim20.04.2015

“Hökumət əvvəlki “Xural”ın çıxmasını istəmir”
“Həbsdə olduğum müddətdə cərimələrim üstünə faizlər gəlib”

Bir müddət öncə əfv sərəncamı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Əvəz Zeynallının hüquqi müstəvidə problemleri hələ də bitmək bilmir. Belə ki, məhkəmə hökmü və hətta onun həbsdə olduğu müddətdə verilmiş məhkəmə qərarlarından kəsilmiş cərimələr gündəmdədi və baş redaktordan bu cərimələrin ödənilməsi tələb olunur. Bu arada, “Xural” qəzetinin məhkəmə qərarından müsadirə olunmuş əmlakının da geriyə qaytarılması ilə bağlı anlaşılmaz olaylar yaşandı.

Bütün bu məsələlərə onun münasibətini öz dilindən eşitmək, həmçinin son vaxtlarda Azərbaycana da birbaşa dəxli olan bir sıra ictimai-siyasi poseslərə Əvəz Zeynallının münasibətini öyrənə bilmək üçün, Moderator.az saytı və “Hürriyyət” qəzeti olaraq sabiq vicdan məhbusuna bəzi suallarla müraciət etdik.

-Əvəz bəy, nə var-nə yox?

-Sağ olun, indi Azərbaycanda və cəmiyyətin tam əksəriyyətində var olanlar bizdə də var, yox olanlar da eləcə, amma yox olanlar var olandan çoxdu və görünəni odur ki, bu tendensiya hələ uzun zaman davam edəcək.

Azadlığa çıxdığınız artıq dörd ay olur və məncə, artıq adaptasiya dövrü keçməliydi, baxmayaraq ki, adaptasiyalıq halımız və günümüz də yoxdu. Bununla belə, görünəni odur ki, aylar ötsə də, Əvəz Zeynallının sistemli bir fəaliyyəti yoxdu. Niyə yoxdu ki ?

-Əslində mən adaptasiya dövrü deyə bir şey hiss eləmirəm. Çünki biz cəmiyyətimizi içindən də, çölündən də tanıyırıq, elə eyni cəmiyyətdi. Amma təbii ki, arada bizim ümumi proseslərdən təcrid olunduğumuz üç illik bir zaman kəsimi oldu və bu səbəbdən kəsilən münasibətlər, görüşə bilmədiyimiz adamlar var. O baxımdan, bəlkə də bu dörd aya adaptasiya dövrü də demək olar. Amma yox, məncə son illərdə siyasi və vicdan məhbusları kimi tanınan və həbsdən çıxanların işərisində ən çox işləyəni elə mənəm. Çünki ortada olanların hamısı çıxır, bir çoxları  xaricə səfərə gedirlər, bəziləri mühacirətə üz tutullar, burda qalıb səssis-səmirsiz həyatına davam eliyənlər də var. Lakin fasebookda olsa belə, müəyyən məhkəmə proseslərini izləməklə olsa belə, sosial şəbəkələrdə ictimai-siyasi proseslərlə bağlı polemikalara qoşulmaqla olsa belə, demək olar ki, səhərdən axşamacan işləyirəm. Amma digər məsələlərə gəlincə, mətbuatdan da bildiyiniz kimi mənim həbsimdən öncə müsadirə olunmuş əmlakımızı qaytarmaq istədik, daha doğrusu, özləri dedilər ki, gəlin götürün. Biz də bu çağrışa gedəndə gördük ki, əmlakımız təmizlənib, bir yerə yığılıb və təhvil-təslim üçün hazırlanıb. Amma elə orda da bizə dedilər ki, Ağır Cinayətlər Məhkəməsində verilən hökmə görə 4076 və 450 manat qədərində olan cərimələrimiz indi icraya yönəldilib. Elə bu əsasla da bizim əmlakımızı qaytarmaqdan imtina elədilər. Hələ üstəgəl də, mən həbsdə ola-ola o 4000 manata da 2000 manat faiz gəlib. Bax belə şəraitdə və şərtlərdə də, elə əvvəlki kimi çalışıram.  Amma şərtlər o şərtlər deyil. Yəni, işləyə, fəaliyyət göstərə bilmək üçün, mənim həbs edildiyim 2011-ci ildəki şərtlər indi Azərbaycanda yoxdur. İndi daha ağır, daha sərt, daha amansız şərtlər mövcuddur. Demək olar ki, mətbuatın yayım arealı, ya tam dayandırılıb, ya da bu areal kifayət edəcəyindən də artıq daraldılıb. Bütün müstəqil qəzetlər sıradan çıxıb, ortada olan qəzetlərin də heç birində o müstəqillik qalmayıb, o ruh yoxdu. Yəni, demək olar ki, bizim işləyəcəyimiz yer yoxdu və bu hökumət bizə işləyəcək yer və sahə buraxmayıb. Amma yenə də, hələlik sosial şəbəkələr sistemində nəsə eləməyə çəlışır, iş görür, özümüz də görünürük.

Əslidə bu hüquqla bağlı sorunlarınızın nə yerdə oluğnu soruşacaqdım və mən bilən, Sizin hələ bitməyən xeyli sayda məhkəmə prosesləriniz də olmalıdı, eləmi?

-Bəli davam edən məhkəmələrimiz çoxdu.

Siz özünüz də huquqçusunuz və bu müddətdə Sizdən tələb olunan cərimələrin və faizlərin, prezidentin əfv sərəncamından sonra ödəməyə və icraya yönəldilməsini qanuni əsasları varmı, yoxsa yenə də aysberqin görünməyən tərəfləri var ?

-Azərbarcanın qanunlarında çoxlu boşluqlar var və əfv fərmanı ilə bağlı hazırda qüvvədə olan qaydalar da o boşluqlarla zəngindi. Bax elə o boşluqlardan birinin də fəsadlarını mən hal-hazırda yaşayıram. Çox güman ki, bu boşluqlardan birini də biz Konstitusiya Məhkəməsində müdahisələndirəcəyik. Məsələn, indiyə kimi həbs olunan siyasi və vicdan məhbuslarının əfvlə azadlığa buraxılan  hissəsinin heç birindən cərimə tələb olunmayıb. Tutaq ki, indi hamımızın yaxşı tanıdığımız baş redaktorlardan birinin, azadlığa çıxanda, 400 000 manata yaxın vergi borcu var idi və onnan da o borcu heç kim tələb eləmədi. Bunu mənə rəsmi qurumlar da deyiblər ki, əslində prezidentin əfvindən sonra o borclar silinir. Amma burda bir maraqlı məqam var. Bu zaman konkret fərdə aid olan borclar silinmir, amma dövlətin xəzinəsinə ödənməli olan borclar silinir. Bu mənada deyim ki, mənim barəsində danışdığım hər iki borcum dövlətim xəzinəsinə ödənməli borclardı. Hər nə qədər saxta olsa da, sifarişli olsa da, bu borclar, hakim Rmella Allahverdiyevanın çıxardığı hökmdə var. Yəni, normalda bunların hamısı, əfdən sonra silinməlidi. Ancaq indi məlum olur ki, həmim o borclar Nərimanov Rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinin icraçıları tərəfindən icraya yönəldilib. Burda, indi ortaya çıxan durumla yanaşanda belə çıxır ki, prezident mənim əfvimlə bağlı, hökmümdə yer alan ayrı-ayrı borclarla  bağlı ayrıca sərəncamlar verməlidi. İndi bu məsələlər o qədər dolaşdırılıb ki, adam heyrətə gəlir. Təsəvvür edin, mən həbsdə ola-ola hökmə salınmış 4076 manata görə, 2014-cü il noyabrın 3-də Vergi  İdarəsi məni məhkəməyə verib və dərhal da qərar çıxarıblar ki, Əvəz Zeynallı təzədən 2038 manat cərimə olunsun. Yəni guya mən cəriməni vermədiyimə görə bu qədər faiz ödəməliyəm. Və həmin məhkəmə qərarı da, 24 dekabr 2014-cü ildə qüvvəyə minib. Mən də azadlığa həmin ilin 30 dekabrında, yəni həmim qərarın qüvvəyə minməsindən cəmi altı gün sonra çıxmışam. Bu qədər də absurd bir şey olurmu, mən həbsdə ola-ola üzərinə məhkəmə qərarınnan faiz gətirilən borcu necə öləyə bilərdim. Demək belə çıxır ki, Möhtərəm İlham Əliyev bu faizi də götürsək, tək mənim əfv oluna bilməm üçün azı dörd dənə sərəncam verməliymiş . Qanundakı boşluq da bax budu. Amma biz bunu məhkəmələrlə də, hakimlərlə də, vəkillərlə də müzakirə edirik və güman edirəm  ki, dövlət büdcəsinə olan borclarım silinməlidi. Lakin sualın o biri hissəsinə gələrək deyim ki, görünür mən azadlığa çıxandan sonra da, müəyyən dairələrin mənə qarşı olan hirsi, hikkəsi, qəzəbi hələ də soyumayıb. Ona görə də bu məsələni  dərhal gündəmə gətirdilər ki, mənim normal fəaliyyətimi əngəlləyə, işləyə bilmək imkanlarımızı əngəlləyə bilsinlər.

İndi necə firirləşirsiniz, bu borcları ödəməkmi, aylara, bəlkə də illərə vara biləcək uzun-uzadı məhkəmə çəkişmələrinə baş vurmaqmı, yoxsa eləcə oturub elə bu borlara görə, yəni məhkəmə qərarlarının irasından imtina maddəsini və bu bəhanə ilə yeni həbsi boylamaqmı?

-Ortada bir borc yoxdu, yəni o zaman biz məhkəmə qaydasında sübut elədik ki, heç bir vergi borcumuz yoxdu. Madam bunların hesabına görə bu borcumuz varsa belə, biz həmimn pulu məhkəmənin gedişində ödəsəydik, mənə bu yönlə verilən maadə cinayət işindən çıxarılmalıydı. Amma biz o borcu ödəmədik, ya da ödəyə bilmədik və mən də buna görə cəza yedim. Bir sözlə, mən bu borca görə cəzanı niyə aldım, təbii ki, borcun qarşılığı olaraq. İndi də cəzam bitib, yəni prezident bu cəzamın qalan hissəsini  əfv edib. Onda belə çıxır ki, prezidentin məni əfv etdiyi 6 ilin ortasında təzədən məni tutmalıdılar? Baxın, indi biz məhkəmələrdə, digər hüquq  idarələrində bu haqda danışırıq və hamısı da şokdadı ki, belə şey necə ola bilər. Yəni prezidentin bəlli sərəncamından sonra da məndən bu borcun qaytarılmasını tələb etmələri, ya prezidentin əvv siyasətinə qarşı çıxmaqdı, ya da bütün bunları düzüb-qoşaraq işləri bu hala getirməyə cəhd edənlər var. Mənim hətta bunu istəsəm belə, yaxın zamanlarda o borcu ödəmək imkanlarım yoxdu, zatən işimizi əlimizdən alıblar, sistemimizi dağıdıblar, düzənimizi pozublar. Belə bir vəziyyətdə o qədər pulu necə ödəyə bilərik axı. Ama bu yöndə bizim qəzetin əmlakının icra idarəsində qalması bir az da məntiqlidir ki, o zaman həmin əmlakın qiyməti 25-30 mim manat civarında olardı, götürüb əvəzləşdirsinlər və bu haqda özlərinə də demişəm. Ama mən belə hesab eliyirəm ki, məsələnin əsas səbəbi bu cərimələr və yaxud da ödənməyən faizlər deyil. Mən sadəcə olaraq həminki “Xural”ı çıxarmağa çalışıram və bu arada da elə mesaj aldım ki, hökumət həmin “Xural”ın çıxmasını istəmir, vəssalam. Mən buna can atmasaydım, hesab edirəm ki, belə şeylər də olmayacaqdı.

-Mesaj hardan və ya kimnən gəlib ki?

-Sizcə, bu yöndə mesajlar bizə hardan və ya kimdən gələ bilər ki. Orası zatən cümlə Azərbaycana bəllidir.

Əvəz bəy, Sizcə bizim əfv olunmağımız, hakim zehniyyətin yanlış etməsinin etirafıydı, yoxsa, “gedin ağıllı olun”, istəsək tutarıq, istəsək buraxarıq anlamına gələn mesaj idi?  

-Əvəz bəy, sizcə bizim əfv olunmağımız, hakim zehniyyətin yanlış etməsinin etirafıydı, yoxsa, “gedin ağıllı olun”, istəsək tutarıq, istəsək buraxarıq anlamına gələn mesaj idi?  

-Burda bütün hallarda həm o var, həm də o biri. Amma mən, bütün hallarda İlham Əliyevin əfv fərmanını kölgəyə salmaq istəmirəm və hesab eliyirəm ki, o, sıradan bir dövlət başçısı deyil, bu dövləti idarə eliyir, Heydər Əliyevin oğludur və sair. Prezident bilir ki, 9 il iş verilən adamı 3 ildən, və ya 4 il verilən adamı il yarımdan sonra əfv eləmək niyə və necə mümkündü. Yəni onun ciddi əsasları var ki, bunu eliyə bilir. Heç kim müəyyən mənada ciddi suçu və günahları olan adamları, ən azından belə tezliklə əfv eləməz. Ayrıca da, biz içəridə olanda da gördük ki, bəlli müddəti keçməmiş, Azərbaycan həbsxanalarından məhkəmə qərarı ilə çıxmaq qeyri-mümkündür, o da ki, ola 5-6 il. Ona görə də mən hesab eləmirəm ki, burda məsələyə birtərəfli yanaşma olmalıdı. Eyni zamanda mən dövlətin də geri çəkildiyini düşünmürəm. Mənə elə gəlir ki, biz öz günahsızlığımızı, heç bir suç işləmədiyimizi İlham Əliyevə 3 ilə sübut eləyə bildik. Ayrıca onu da deyim ki, beynəlxalq təşkilatların, medianın, yerli hüquq-müdafiə təşkilatlarının, ölkədəki bir çox siyasi qurumların hanmısının əməyi var bizim azadlığa çıxmağımızda. Biz hamımız onlarla bir yerdə İlham Əliyevin diqqətinə gətirə bildik ki, məsələn, bu adamlar günahsızdır. O ki qaldı, kimi nə vaxt tutmaq istəyib, nə vaxt buraxmaq istəməklərinə bu, günün-günortasında bizi heç bir əsaslı səbəb olmadan, küçənin ortasında qandalayaraq, aparıb öz vətəndaşına 9 il iş verən hakimiyyətdir.

Ona görə də, mənim bu gün də heç bir şübhəm yoxdu ki, Azərbaycan hakimiyyəti istədiyi adamı, istədiyi vaxda və istədiyi yerdə tuta bilər, istədiyi adamı şərləmə gücü var. Azərbaycanda çox böyük bir şərbazlar ordusu yaranıb, 9-10 milyomluq əhalinin təxminən otuz faizini bunlar üzə durmağa öyrədiblər. Biz də bunu artıq uzun illərdi ki, müşahidə etməkdəyik. Bu mənada, bunların əllərinin üstündə əl olmadığını düşünürəm, amma, bu o demək deyil ki, biz mübarizədən imtina eləməliyik, çəkinməliyik. Zatən mübarizədən imtina etmədiyimiz, çəkinmədiyimiz üçün də, bütün medianı, bütün teleefirləri götürüblər.  Bizə isə bir həftəlik qəzetin səhifələrində yazacaq qədər yer buraxmayıblar.

Əvəz bəy, hərçənd ki, uzun zaman keçib, amma siz Türkiyəni görübsünüz, ordakı cəmiyyətə də bələdsiniz. Bu son günlərdə, həftələrdə, tutaq ki, Roma Papasının soyqırımla bağlı çağırışı, ardınca da Avropa Birliyinin daha da irəli gedərək, faktiki olaraq “erməni soyqırımı”nı tanımaq anlamına gələn açıqlamalarla çıxış etməsi, nə ilə bağlıdır?  Tükiyə hakimiyyətinin siyasətimi yanlışdı, yoxsa, elə onların dediyi kimidi və bütün dünya bizə qənim kəsilib, gözləri götürmür, bizə paxıllıq edirlər, bizi əzməyə bəhanə axtarırlar və sair …?

-Vallah, gəlin mən bəribaşdan bir şeyi deyim. Azərbaycanda indi qəribə bir rəy mövcüddür ki, Ərdoğan türkiyəni dəyişib, ya da dəyişir, nə bilim Türkiyə də bizim kimi olacaq, orda da diktatura yaradılır, daha nələr. Amma bir şeyi hamı bilməlidi ki, türk milləti, Ərdoğanları, Əcəvitləri, daha kimləri, kimləri, o cümlədən də diktator olmaq istəyən şəxsləri də, səxsiyyətləri də görüb, həm də dəfələrlə. Mən hesab eləmirəm ki, Ərdoğan Türkiyəni dəyişəcək, ya da dəyişə biləcək. Amma eyni zamanda da, Ərdoğan Türkiyəyə, türk millətinə, Türkiyənin milliyətçi qüvvələrinə və fikrinə vurduğu ağır yaraların o qədər ciddi fəsadları var ki, onları aradan qaldırmaq ola bilər bir az çətin olsun. Bu arada, Vatikan məsələsi də heyrətli və gözlənilməyən bir şey deyil. Yəni, Azərbaycanda insanların və qurumların həm rəsmi, həm də qeyri-rəsmi mövqeyini o qədər tez-tez dəyişirlər ki, Azərbaycan xalqı da yəqin bütün düya da elə belədir deyə düşünür. Vatikan 1000 ilin, 2000 ilin Vatikanıdır və yarandığı, qurulduğu gündən bu günə qədər türk millətinin düşmənidir. Vatikan səlib yürüşlərinin memarıdır, Vatikan yaranışından türk millətinin yer üzündədə silinməsi planlarının memarıdır, nə dəyişib ki ? Azərbaycan hakimiyyəti deyil ki, keçən dəfə onu desin, bu  dəfə də bu birini. Bu, Vatikandır və Vatikan heç dəyişmədi və heç dəyişməz ki. Vatikanın sütunları əbədiyyətə qədər türk millətinə nifrət, qəzəb, kin və düşmənçilik üzərində ucaldılacaq. O ayrı bir məsələdir ki, böyük qüvvələr, dünyanı idarə edən gizli hökumətlər, qruplar və qurumlar Vatikanla iş birliyi içərisindədilər. Həmçinin də, türk millətinin içərisindən, rəsmi, ya da qeyri-rəsmi qurumlardan kimləri alırlar, hansı qurumları özlərinə işlədirlər, Türkiyənin öz içərisində, türk milləti arasında hansı işləri görür, hansı fəsadları yayırlar ki, bu da məsələnin başqa bir boyutudur. Amma yenə də deyirəm, 2000 illik Vatikanda heç nə dəyişmədi və bu Vatikanın erməniləri dəstəkləyəcəyindən, hətta ciddi şəkildə müdafiə edəcəyindən savayı kim nə gözləyirdi ki,?.. İşin o tərəfini, bizim Vatikanla əməkdaşlıq edənlərimiz fikirləşməliydilər. Eləcə də, bunu Türkiyənin Vatikanla əməkdalıq edənləri, gedib Roma Papası ilə görüşən Fətullh Gülənlər fikirləşməliydilər. 15-20 ildir ki, Fətullah Gülən Roma papasıynan oturub-duran çox az adamlardan biridi. Və o, həm də Roma papasının açıq dəstəyini alan bir adamdır. Demək istədiyim budur ki, Roma papasının bu addımında qəribə heç nə yoxdur. Sadəcə, mən bircə şeydən rahatam ki, Türkiyədəki türk milləti (mənim bayaqdan bəri türk milləti deyimim Türkiyəyə və bu olkənin xalqına aiddi – Ə.Z. ) nə təslim olmaz, nə türk dövlətçiliyini kimsəyə verməz, nə də Atatürkdən imtina eləməz. Yəni Atatürkün dövləti və Atatürkün əsgərləri, mən belə hesab eləyirəm ki, kifayət qədər güclüdü. Amma burda da zatən poblem Atatürklə bağlıdır. Diqqət eliyin, Roma papasının açıqlaması da, Avropa Birliyinin, Avropanın digər qurumlarının bütün fəaliyyətləri ona yönəlib, Türkiyədə qalan və hələ də yaşayan, ayaqda olan son quruma qarşıdı. Bu saldırıların hamısının hədəfləridə dayanan əsas məsələ də budur. Bəs niyə Vatikan indi dilə gəlib? Çünki indi Türkiyəni ən zəif zamanında yaxalayıblar. Ərdoğan bir tərəfdən,  xaricdəki digər güclər də bir tərəfdən uzun illərə dayanan fəaliyyətləri ilə Türkivəni heydən salıblar və ona görə də, hədəfdə heç Türkiyə hökuməti də deyil, əsas hədəf Atatürkdür. Vatikanla birgə, Türkiyəni sevməyən bütin qüvvələrin bu fəaliyyətlərinin tək məqsədi, indi Türkiyədə var olan dövləti dimdik ayaqda tutan Atatürk sütununu qırmaqdı və özləri də əmindilər və bilirlər ki, əgər, Atatürk sütunu qırılarsa, Türkiyənin özü də qırılar. Ama bir daha deyirəm, türk milləti sağlamdı və mən hesab eliyirəm ki, səksən milyonluq türk milləti bu qüvvələrin də, Vatikanın da hədəfə yetmələrinə imkan verməyəcək. Bu arada bunu da birmənalı bilməmiz lazımdı ki, Allah eləməmiş, Türkiyənin yıxılması Azərbaycanın ümumiyyətlə yox olması deməkdi və buna görə də, Azərbaycanın hakimiyyəti də, xalqı da bu ağır zamanda və ağır savaşda qardaş Türkiyənin yanıda olmalı və faktiki olaraq ölüm-dirim mücadiləsi verməlidir. Əslidə, indi, “BİR MİLLƏT İKİ DÖVLƏT” deyiminin sınaq zamanıdır.

O zaman papadan dərhal sonra Avropa Birliyini də bu cür bir addım atması,  belə deməyə əsas verirmi ki, əslində bu qurumun özü də, Vatikandan yola çıxmış qatarın vaqonlarından biridi?

-Təbii ki, Avropa Birliyinin də, bütün xristian dünyasının da, böyük mənada Amerikanın özünün də, mənəvi iqamətgahı da, düşünən başı-beyni də Vatikandır. Avropa Birliyi Türkiyəni illərdi öz sıralarına qəbul etməməklə, açıq şəkildə ortaya qoyublar ki,  Avropa Birliyinin özü daha çox xristian klubudur, nəinki millətlərin bərabər şəkildə birgə yaşayıb inkişaf edə biləcəyi bir məkan. Mən burada Avropa birliyi ilə Vatikanın durumunu da tam eyniləşdirmirəm. Çünki bütün hallarınnan Avropa Birliyi demokratik bir qurumdur və bəşər tarixinin ən böyük uğurlarından biridir. Amma mövzu Türkiyəyə, türk millətinin üzərinə gəlincə, bu birlikdən qeyri-adi heç nə gözləməyinə dəyməz.

Avropadan söz düşmüşkən, Azərbaycanda keçiriləcək Avropa oyunlarına münasibətiniz necədir, bir az konkret cavab istiyirəm, yəni olarmı-olmazmı ?

-Bizdə indi dollar bu qədər bahalaşıb və ümümi gedişatdan da görsənir ki, bu bahalaşma artan xətlə davam edəcək. Azərbaycan insanlarının yarıdan çoxu müflis durumda, evlərinə çörək aparmaq iqtidarında belə deyillər. İnsanların işlə təminatı sıfırın altında, yaradıcılıq imkanları, rəqabət nmkanları, bazar imkanları yox, bu ölkədə normal işləyən heç bir yer yox, ayaqda olan tək bir qurum da yoxdu. Ozaman biz nə günümüzə səkkiz milyardı Avropa oyunlarına qoymalıyıq? Hələ ondan sonra da İslam oyunları gəlir, hələ bu beynəlxalq forumlar, hələ digər mənasız yerlərə böyük xərcləmələr və sair. Baxın, ABŞ-ın prezidentləri vəzifəni tərk edəndən sonra dövlətə borclu qalırlar. Onlar prezidentlik fəaliyyətindən sonra memuarlar yazırlar, gedib işləyirlər ki, dövlətin borcunu ödəyə bilsinlər. ABŞ prezidentləri Ağ Evdə qonaq qəbul etmələrinin belə pulunu ödəyirlər. Vəziyyət belə ikən Azərbaycan dövlətinin harasına yaraşır ki, bu millətin düşürüldüyü bəlli durumda Avropa oyunları keçirib milyardlarını çölə töksün. Hələ mən mənəvi durumlardan danışmıram, bizim təhsilimiz sıfır, tərcümə ədəbiyyatımız yox, biz dünyanı tanımırıq və sözün həqiqi mənasında, Azərbaycan xalqı hələ də Biləcəridən o tərəfə çıxmayıb. Dubayın, ya da İstambulun bazarlarına gedib alver eləmək çox asandır. Yəni bu dövlət hansı gündədi ki, neftin də ucuzlaşdığı bir zamanda, səkkiz milyard manatını Avropa Yay Oyunları adı ilə faktiki dənizə tökür. Hələ indi də bəlli olur ki, bu nə olimpiada kimi olimpiadadı, nə oyun kimi oyundu, ümumiyyətlə prosesin özü nə oyundu bilinmir. Bu Azərbaycan xalqının gələcəyinə yönəlmiş qəsddi.

Amma Oqtay Əsədov parlamentin tribinasınnan bəyan elədi ki, bu oyunları istəməyənlər ermənidən də pisdir…

-Vallah bizdə parlamentdi, Oqtay Əsədovdu, nə bilim, Artur Rəsizadədi, prlament üzvlərinin əksəriyyətidi, yəni bu adamlar gərəkdir ki, beynəlxalq siyasətdən, papadan, Vatikandan və sairdən danışmasınlar. Bu bilirsinizmi nəyə bənzəyir, bir dəfə elə parlamentdə biri durub demişdi ki, Jak Şirak qudurub. Bunlar məsələyə o qədər məhəlli baxırlar ki… Amma indi durub O. Əsədovdan soruşsan, heç Vatikanın mənasını biləsi deyil. Yəni bunlar tacir-tüccar yığınıdır, gəliblər bu ölkəni idarə eləyirlər. Vallah yenə də deyirəm ki, gərəkdir ki, bunlar belə məsələlərə heç bir rəy bildirməsinlər. Belə məsələlərə rəy bildirəcək kontingenti olmalıdı Azərbaycanın. O da çox qəribədi ki, Azərbaycanda adına politologiya, siyasətşünaslıq deyilən elmi də o vəziyyətə salıblar ki, ümumiyyətlə, ya hər kəs hər şey haqqında münasibət bildirir, ya da ümumiyyətlə hər məsələnin öz əhli yoxdur. O. Əsədov papaya, Vatikana necə münasibət bildirə bilər? İndi Azərbaycanda dəbdir, müxalif fikirli, sərbəst düşüncəli adamları ermənilərnən müqayisə eliyirlər. Baxın, mən demirəm ki, biz bu olimpiya adlandırılan oyunların qarşısında olmalıyıq, mən demirəm ki, Azərbaycanda beynəlxalq forumlar keçirmək ziyandı. Mən sadəcə onu deyirəm ki, Azərbaycanda bu qədər problemlər varkən, iqtisadiyatımız bu qədər tənəzzül içində çırpınırkən, əhalimizin yarıdan çoxunun ac və səfil olduğu bir durumda, səkkiz milyard dolları boş yerə havaya sovurmaq bizim gələcəyimizə qəsddi. Bizim artıq neft fondunda pulumuz qalmayıb, yoxdur. Yəni Azərbaycan xalqının gələcəyini belə oğurlamaq, bu cür bihudə şeylərə həsr eləmək yanlışdır. Bizim məclis indiki durumu ilə hal əhli deyil. Bunu Elşad Abdullayev çox rahat sübut elədi ki, bu məclisdə ya kimsə kimsənin qohumudur, ya da gedib pullarını verib ordan özlərinə kreslo alıblar. Ona görə də bu məclisin nəyisə müzakirəyə çıxarması, nəyəsə münasibət bildirməsi, nəyəsə irad tutması, hətta nəyisə təqdir etməsi belə, həmişə ironiya doğurur, gülüş hədəfinə çevrilir və ciddi səslənmir. Məlumdur ki, indi bu ölkəni idarə eləyən bir nəfər var , o da hörmətli İlham Əliyevdir və onun nə dediyi olur. Bu səbəbdən də, belə məsələlərin hamısına İlham Əliyevin özünün münasibət bildirməsi gərəkir. Yay Olimpiya Oyunlarına O. Əsədov niyə münasibət bildirir ki? Deyilməli nəsə varsa, onu da İlham Əliyev deməlidi. Çünki yumurta 15 qəpik oldu, İlham Əliyev deyənnən sonra 11 qəpiyə düşdü və dörd ildi ki, yuxarı qalxmır. Deməli, buna da özü münasibət bildirməlidi.

http://moderator.az/index.php?xeber=75483

http://moderator.az/index.php?xeber=75716

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button