“Azadlıq Salnaməsi”ndə Yəhya Daşdələn: “Azərbaycandan mənə 1.000.000 dollar göndərildi”-VİDEO

Məhəmməd Əminin silahdaşı danışdı: “Məhəmməd Əmini prezident kimi dəfn etdilər”

 

Onunla müsahibə o qədər ekspromt alındı ki. Bir neçə ay bundan əvvəl Ankaraya – Beycan Fərzəliyev və Zəminə xanımla müsahibə götürməyə gedəndə cəmi bir gün vaxtımız qalırdı. O bir günə Ankaranı gəzmək və gəzdirmək planım alınmalı idi. Bu dəfə tək deyildim və Məlahət xanımla bir yerdə idik. Mən bütün Ankaranı onunla tanış edə bilməzdim, amma başlıca yerlər vardı ki, mütləq Məlahət xanımı oralara aparmalı idim. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadənin məzarı, digəri Anıt Kabir – Böyük Mustafa Kamal Atatürkün əbədi ziyarətgahı olmalı idi. Təbii ki, bu arada Ankaradakı dostlarla da görüşmək planımız vardı. Onların sırasında Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi və əziz dostumuz Yəhya Daşdələn də vardı.

Sağ olsunlar, tələbə yoldaşım olan Fizuli Həmidov Quşadasından Ankaraya gəlmişdi, Beycan bəyin oğlu, həm də tələbə yoldaşım sayılan İbrahim bəy bizi şəhərdə gəzdirmək və işlərimizi görmək üçün avtomobil ayırmışdı, amma bu möhtəşəm və hər qarışından xatirələr çağlayan şəhəri gəzib-bitirmək mümkün deyildi ki…

Azərbaycan Kültür Dərnəyini ziyarət etdik. Orada illərlə görüşmədiyimiz insanlarla görüşdük. İsa Yaşar Tezəli, Səlçuk Önalı, Mehmet bəyi gördük, dərnəyi ziyarət etdik və şəhərdə önəmli məkanlara baş çəkdik. İşimizi demək olar ki, yekunlaşdırmışdıq. Qalırdı Anıt Kabiri ziyarət, sonra Yəhya Daşdələndən “Azadlıq Salnaməsi”ndə müsahibə almaq və yekun olaraq Məhəmməd Əmin Rəsulzadənin Əsri məzarıstanlığında yerləşən məzarını ziyarət etmək. Bunun üçün isə günün yarısı yetirdi…

Böyük Atatürkü ziyarət edib Yəhya bəyin yanına gələndə hər şey plana uyğun idi. Biz “Kızılay”da “Qalatasaraylılar lokalı”nda görüşürdük və orada da müsahibəmizi edib, uzaqbaşı 1 saata çıxacaq, Məhəmməd Əmini ziyarət edəcək, vaxtımız qalsa Alparslan Türkeşi və Muhsin Yazıçıoğlunu ziyarət edib axşam yeməyində bir dostumuzla görüşəcəkdik. Və bütün bu görüşlərin hamısını da çatdıracaqdıq, “Qalatasaraylılar lokalı”nın başımıza açdığı oyun olmasaydı. Kameralarımızı quraşdıranda burada çəkilişə icazə olmadığını dedilər. Nə illah elədik, kimə dedik, olmaz ki olmaz dedilər. Türklərin və Türkiyənin qatı qaydalarının olduğunu bilirəm, ona görə də bir müddət dilləşəndən sonra çıxdıq. Qoca Ankarada qaldıq küçənin ortasında. Tanıdığım çox yerlər vardı, gedə və çəkilişimizi edə bilərdik. Amma həm vaxtımız dar idi, həm də bunun üçün vaxt lazımdı. Tıxacın və sıxlığın elə yerində və Ankaranın elə məkanında idik ki, normal bir yerə çatmaq üçün 2 saat lazım idi. Amma illah da Yəhya Daşdələni çəkmək planımız vardı. Eləmədik tənbəllik, elə Ankaranın ortasındaca bir kafedə oturduq və çəkilişə başladıq. Allahdan kafeni işlədən bir jurnalist idi və “Cümhuriyyət” qəzetində çalışırdı. Nə olursa olsun Yəhya bəylə çəkilişi etməli, ona illərdir verdiyimiz sözü tutmalı idik. İnşallah, qismət olarsa, daha yaxşısını da çəkərik, təki bu fürsət qaçmasın.

Yəhya bəy indi belə ixtiyarlayıb, amma o mənim gözlərimdə hər zaman tələbəlik illərimdəki Yəhya Daşdələn olaraq qalır. O zaman Azərbaycan Kültür Dərnəyinin rəhbərlərindən biri idi. Bu növraq Heydər Əliyev Ankaraya gələnə kimi davam etdi və sonra pozuldu. Yəhya bəy Azərbaycan Kültür Dərnəyinin qərarını heçə sayıb Heydər Əliyevlə görüşdü və “Azərbaycan Lobbi Klubu” yaratdı. Bu, bizim də münasibətlərimizə təsir göstərdi. Zaman-zaman tələbələrlə də toqquşmaları olurdu, ancaq Yəhya bəy də digərləri kimi bizi çox istəyirdi. Onlar Azərbaycandan gedən ilk 50 nəfəri göz bəbəyi qədər çox istəyirdilər. Zaman-zaman aramızda ciddi problemlər olsa da.

Bu münasibətlər bizim tələbəlik illərimizdən sonra da davam etdi. Xüsusən, həbsdə olduğum illərdə Yəhya Daşdələn həqiqətən qələmini süngüyə çevirdi və azad olunduğum günə qədər demək olar ki, hər gün yazdı, savaşdı, mübarizə apardı. Türklərdə “bir fincan qəhvəni qırx illik xatirəsi var” sözü əbəs deyilmiş. Mənim bu ixtiyar dostum bax, belə sədaqətli oldu və sona qədər o mövqeyini qoruyub saxladı.

Yəhya Daşdələnlə bu müsahibəmizə sözün bütün mənalarında “atüstü müsahibə” demək olar. Ankaranın ortasında bir çay evində, ətrafda onlarla-yüzlərlə adamın cığ-vığı içində müsahibə götürmək də varmış peşəkar fəaliyyətimizdə. Belə olsa da, çox maraqlı müsahibə alınıb və Yəhya Daşdələn Məhəmməd Əmin Rəsulzadədən, İsmət İnönüdən yaddaqalan xatirələrini paylaşıb.

Yəhya bəylə müsahibədən sonra onu gedəcəyi yerə qədər apardıq və işimiz bitəndə vaxtın da bitdiyini gördük. Yəni planımızın Böyük Atatürk xaric, digər ziyarətlərini gerçəkləşdirə bilmədik. Rəsulzadənin məzarını ziyarət etməyi onun həyatda qalan son tələbəsi ilə müsahibəyə dəyişdik və inşallah, o ziyarətləri bir sonrakı səfərə saxladıq.

Beləliklə, bu dəfə qonağımız Milli Azərbaycan Hərəkatının Ankarada fəaliyyət göstərən çox önəmli simalarından biridir – Yəhya Daşdələndir. Türkiyənin tarixində Atatürkdən sonra müstəsna xidmətləri İsmət İnönünün tələbəsi, Məhəmməd Əmin Rəsulzadənin silah arxadaşı olan Yəhya Daşdələn. Azərbaycan prezidentlərinin hamısını tanıyan, onlarla dostluq münasibəti olan bir dövlət adamı.

“Azadlıq Salnaməsi”ndə onu dinləyirik – Yəhya Daşdələni…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

“Azərbaycan Lobbi Klubu”nun sabiq başqanı Yəhya Daşdələn “Azadlıq Salnaməsi”nə dedi ki:

– Siyasət çox maraqlı bir xəstəlikdir – uşağa, gəncə baxmaz – bir bulaşdımı, davam edər, keçicidir sanki

– 15 yaşından siyasətin içindəyəm, 18 yaşından artıq Qarsda aktiv siyasətlə məşğul olurdum

– Anadan doğulma Cümhuriyyət Xalq Partiyasının üzvüyəm və elə o partiyada da siyasətə başladım

– Atam da, babam da CHP-li idilər, mən də onların yolundan getdim

– Uşaq idim. Bir də baxdım, bir adam gəlib Qarsa, gəzib-dolaşır, sən demə, bu adam Amerikada təhsil alan məşhur CHP-li, CHP-nin baş katibi Qasım Ürək imiş

– Qasım Ürəkə bir köməkçi lazımmış və o, mən oldum, beləcə də siyasətə gəldim

– İsmət İnönü Prezidentlikdən ayrılana qədər onunla bir yerdə işlədim, mən İsmət Paşanın fəhləliyini etdim

– Məhəmməd Əmin Rəsulzadə dünyanı gəzib-dolaşdı və Ankaraya, Qars cəmiyyətinə gəldi

– Məhəmməd Əmin Rəsulzadə Ankarada təşkilatlananda, dərnəklər yaradanda mən tələbə idim

– Soruşdum ki, qarşısında dimdik dayandığınız bu adam kimdir? Mənə anlatdılar ki, bu adam Azərbaycanın ilk cümhurbaşqanıdır – 60 il əvvəlin söhbətidir

– Dedilər ki, Stalinin dostu olub, Stalin onu aldadıb və o da qaçıb Ankaraya gəlib

– Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Kültür Dərnəyi 1952-ci ildə quruldu və mən də onun qurucu üzvü oldum – hələ də Azərbaycan Kültür Dərnəyinin qurucu üzvü olaraq qalıram

– Məhəmməd Əmin Rəsulzadə Atatürk kimi bir adam idi, natiq idi, onun qurduğu Cümhuriyyəti Lenin yıxdığı üçün alışıb-yanırdı. Elə bil gözlərimin qarşısındadır indi də…

– Məhəmməd Əmin Rəsulzadəni Azərbaycanda və Türkiyədə tək tanıyan, bilən yeganə insan mənəm.

– Çox böyük bir insan idi, daim Azərbaycan üçün savaşırdı

– Türkiyə Cümhuriyyəti Rəsulzadəyə maddi yardım edirdi

– Məhəmməd Əmin Rəsulzadə evində vəfat etdi, Hacıbayram camisində cənazə namazı qılındı, dövlət tədbiri keçirildi və onu Azərbaycanın prezidenti kimi dəfn etdilər

– Məhəmməd Əmin Rəsulzadənin cənazəsini Ankaranın “Dışqapı” səmtindən “Əsri” məzarıstanlığına qədər çiynimizdə daşıdıq, mən cənazənin önündən gedirdim

– Rəsulzadənin məzarına girən iki adamdan biri mən idim

– Siyasəti İsmət Paşadan öyrəndim – məni hər zaman yanında oturdar, siyasət öyrədərdi

– 60 ildir CHP-nin içindəyəm, o partiyanı məndən yaxşı bilən ola bilməz

– Ayaz Mütəllibovu, Əbülfəz Elçibəyi yaxından tanıdım, amma Heydər Əliyevlə yaxın dost olduq. Heç nazirlər, baş nazir Artur Rəsizadə onun yanına girə bilmirdilər, amma mən girirdim

– Adam Sovetdən gəlmə idi, adam boş adam deyildi – Dəmirəli ovcunun içinə almışdı

– Amma Elçibəyin sözü Dəmirələ keçmədi, bir vertolyot istədi, o da vermədi

– İstəsəydim heç olmasa 2-3 dönəm Türkiyədə millət vəkili ola bilərdim, amma istəmədim, çünki bu iş olduqca çirkli bir işdir

– Heydər Əliyev Ankaraya gələndə Azərbaycan Kültür Dərnəyinə gəlmək istədi. Dərnəyin rəhbərliyi bunu istəmədi. Dedim, olmaz, siz nə edirsiniz, Dəmirəl onu təyyarənin ağzında qarşılayır. Ona görə də Azərbaycan Kültür Dərnəyindən ayrıldım…

– Azərbaycan Kültür Dərnəyi görüşməyincə, mən varam dedim

– Heydər Əliyev “niyə yaxşı fəaliyyət göstərmirsən” dedi, “pulum yoxdur” dedim, “mən sənə pul göndərərəm” dedi. Qabil Hüseynli, Ramiz Mehdiyev də orada idilər.

– Heydər Əliyev mənə 1 milyon dollar göndərdi. Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev bu pulun 500.000 dollarını özü götürdü, 500.000 dollarını da İhsan Doğramaçıya verdi. Mənə də heç nə vermədilər və pulsuz qaldığımız üçün dərnək də qura bilmədik.

– Azərbaycana gəlməyi düşünmürəm. Heydər Əliyevin zamanındakı etibarı görmərəm daha…

– Hidayət Orucovla bir məmur məni yeməyə apardılar, yeməkdə az qaldılar bir-birini döysünlər

– Prezidentin köməkçisi Əli Həsənov yaxşı adamdır, ağlı başında adamdır, mənim yaxın adamımdır

– Bu gedişatla Azərbaycan müxalifəti 60 il keçsə də hakimiyyətə gələ bilməz

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button