“Azadlıq Salnaməsi”ndə Ənvər Əliyev (II-sonuncu hissə): “Hamı üzümə durdu…”-VİDEO

II-sonuncu hissə

 

 

“Azadlıq Salnaməsi”ndə Meydanın ilk aparıcısı və təşkilatçılarından Ənvər Əliyevdir…

   evez-enver1

Meydan hərəkatının 28-ci ildönümü münasibətilə apardığımız çəkilişlərimizin növbətisi Meydan mitinqlərinin ilk təşkilatçılarından Ənvər Əliyevdir. Ənvər Əliyev 1988-ci il Meydanının ilk iki gününün aparıcısı olub. Meydanın “qara qutu”su Siyaməklə və əsas qəhrəmanı Nemət Pənahlı ilə söhbətdən sonra Ənvər Əliyevlə də danışmaq ehtiyacı hiss etdik. Əslində, Meydan hadisəsi mövzu bəhsi olunca, danışdırılası çox adam var, amma hələlik, əlimiz və gücümüz bu adamlara çatdı.

Ənvər Əliyev də maraqlı olaylardan bəhs etdi. Xüsusilə, Meydanın ilk günlərindən maraqlı məlumatlar verdi. 17 noyabr və öncəsindən geniş ictimaiyyətə məlum olmayan faktlardan danışdı. Əsas odur ki, Ənvər bəy həmin günün canlı şahididir və 16 noyabr axşamında baş verənlərin canlı şahidi olub.

dsc06688

Mitinqin planlaşdırılması rəhmətlik Əlisəfanın otağında baş tutub. Orada Qənimət Zahid, Fazil Mustafa, Əlisəfa, Qorxmaz İbrahimli və digərləri olub. Ənvər Əliyevin onlar haqqında xatirəsi xoş deyil. Ənvər bəy iddia edir ki, əvvəlcədən danışdıqlarına baxmayaraq, “Yurd”çular təyin olunan saatda mitinqə çıxmayıblar, yalnız kütləvilik yaranandan sonra sözlərini yerinə yetiriblər. Hətta Fazil Mustafa “sən gəlməsən, çıxa bilməyəcəyik” deyib. Bu da təbii ki, adı çəkilənlərin hamısının cavab haqqını yaradıb. Biz də çalışacağıq, adları çəkilənlər də istəsələr, cavab haqqından istifadə edə bilərlər.

Meydan hərəkatı Ənvər bəyin dediyinə görə, sıradan bir ev-mənzil tələbi ilə başlayıb. Hərəkatın mərkəzi Elmlər Akademiyası olub və oranın 70 çalışanı ev almaq üçün Mərkəzi Komitəyə qədər çıxıblar. Tələblərinin təmini uğrunda SSRİ-yə qafa tutublar və Ənvər Əliyevin dediyinə görə, tələbləri təmin olunan kimi də, digər tələblərlə hədəfi dəyişdiriblər.

dsc06687

Noyabr mitinqlərinin başlama səbəbi haqda da Ənvər Əliyevin maraqlı açıqlamaları var. “Niyə 17 noyabr” sualının məntiqi açıqlamasına şəxsən mən rast gəlməmişəm və bu məntiqi açıqlamanı Ənvər Əliyevdən eşitdim: “Aqanbekyana cavab verilməli idi, onun açıqlamasının ildönümü idi və mitinqi ona görə təyin etmişdik.”

Ənvər Əliyev özü demiş, heç bir təşkilatı olmayan adam olub. Amma həm də hərəkatın tam ortasında yer alıb. İlk dəfə uzunmüddətli mitinqlərin haqqında düşündüyünü və bu məqsədlə mitinqi özünün təyin etdiyini deyir Ənvər bəy. Hətta meydana gətiriləcək milli Azərbaycan bayraqlarını da özünün hazırlatdığını deyir. Mitinq 17 noyabr səhər saat 8.15-ə planlaşdırılır və o saatda da başlayır. Bu saatın da səbəbi var. Universitetə dərslər saat 8.25-də başlayırmış o zaman. Saatı ona görə elə seçiblər ki, tələbələrin dərsə gələn zamanına təsadüf etsin və mitinqin kütləviliyi təmin olunsun.

Hər şey planlaşdırılıb. Adamlara əvvəlcədən özləri ilə pul götürmələri tapşırılıb, odun tədarükü olunub. Hətta Əlisəfagilə odunun yerini belə göstərib Ənvər Əliyev.

dsc06686

Ənvər Əliyevlə Meydanın əsas simaları haqqında da danışdıq. Ən müxtəlif ittihamlar səsləndirdi Ənvər bəy. Meydanda toplanan pullardan da bəhs etdik. Çox sərt cavabları oldu və pulların hara getdiyi haqqında bildiklərini bizimlə bölüşdü…

Bütün bunlarla bərabər, Ənvər Əliyevin hər şeyin planlı olduğu iddiasına kölgə düşürən daha bir ifadəsi oldu: “Vallah, hər şey təsadüf idi!”

Hər halda yaşayan və iştirakçı olan şahidlərin hamısının danışması olduqca mühümdür. İndi yaşayan bu adamların danışdıqları zaman gələcək ki, tərəfsiz və obyektiv tarix araşdırmaçıları tərəfindən misli-bərabəri olmayan mənbə rolunu oynayacaq. Mən əslində, o gələcək tarixçilər üçün çalışıram və bu Salnamədə hamının danışmasını istəyirəm.

Hər kəs dediyinin sahibidir. Biz yalnız danışanları tarixin yaddaşına yazırıq. Ənvər Əliyev də eləcə…

“Azadlıq Salnaməsi”nin 5-ci qonağı Milli Azadlıq Hərəkatının başlamasına səbəb olan 18 günlük Meydan Hərəkatının ilk iki gününün aparıcısı Ənvər Əliyevdir…

evez

Əvəz Zeynallı

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button