“Azadlıq Salnaməsi”ndə Meydan hərəkatının cənublu balası (I hissə) Siyamək (VIDEO)

“Azadlıq Salnaməsi”- 2

I hissə

Mən bu adam haqqında heç bir zaman eşitməmişəm. Nə “Meydan” hərəkatı zamanı, nə ondan sonra, nə də çox sonra Siyamək haqqında məlumatım olmayıb.

Onu bu günlərdə tanımışam. 17 noyabr 1988-ci ilin “Meydan” hərəkatının 28 illiyi münasibətilə keçirəcəyimiz Şölənin Təşkilat Komitəsinin yığıncağında. Təbii ki, Nemət Pənahlının təqdimatında. Sonrakı toplantılarda Siyamək iştirak etməsə də, bir-birimizlə irtibatımızı kəsmədik və “Meydan” hərəkatından danışmaq üçün onunla vədələşdik. Çünki onun “Meydan” haqqında deyəcəklərinin olduğunu və çox olduğunu hiss etdim.

dsc06661

“Meydan” hərəkatının 28 illiyi ilə bağlı danışmaq, o dövrdə olanları müzakirə etmək üçün axtardığım özəlliklərə Siyamək tam cavab verirdi. Onunla da başladıq. Bakıdakı evində görüşdük və “Meydan” hərəkatından, yalnız “Meydan” hərəkatından söhbətləşdik. Söhbətimiz zamanı Nemət Pənahlı evdə olsa da, bu, bizə əngəl olmadı, amma bəlkə də Siyaməkin Nemətin ünvanına müsbət yüklü ifadələr işlətməsinə səbəb oldu. Zarafat deyil, illər əvvəlin mehribançılığı hələ də davam edir aralarında. Sən demə, Siyamək “Meydan” hərəkatına Məhəmməd Hatəmi Tantəkinin vasitəçiliyi ilə gəlsə də, Nemətin yanında olub. Meydan dağıdılana qədər.

dsc06655

“Azadlıq Salnaməsi”nin 2-ci buraxılışında “Meydan” hərəkatından və Meydanda baş verənlərdən danışdıq. Siyamək həm sıravi üzvü olub Meydanın, həm də təxminən “qara qutusu”. Hər şey onun gözlərinin qarşısında baş verib. Ona görə də danışacaqları şeylər maraqlı idi.

Həqiqətən də çox maraqlı danışdı Siyamək. Özünün maraqlı taleyindən, İrandan Bakıya necə və niyə gəlməyindən, burada rəhmətlik Məhəmməd Hatəmi ilə tanışlığından, Nemət Pənahlı ilə necə dost olmaslndan və s. və i. O qədər də səmimi adamdır ki, adamın dediklərinə adamın şübhə edəsi gəlmir.

Mənim üçün hər zaman “Meydan” hərəkatı zamanı yığılan pulların aqibəti maraqlı olub. Siyaməklə o hadisədən də danışdıq. Meydanda yığılan pullar barədə Nemət Pənahlı ilə də, Ənvər Əliyevlə də danışdıq. Qorxunc şeylər ortaya çıxır. Millətin boyun-boğazından kəsdiyi pulların aqibəti tam bir müəmma… Təxminən yığılan 12-13 milyon manatdan xəbər yox! Bu pullar haradadır, kimlər götürüb, kimsə bir şey bilmir…

dsc06666

Siyaməkin əsl adı Rəhbəri Nasir olub. Burada özünə yenidən Siyamək adı götürüb və bütün mənalı həyatını da bu ad altında yaşayıb. İndi onu kimsə öz adı ilə çağırmır. Hamı da Siyamək kimi bilir. O qədər maraqlı taleyi var ki. Bunu onun özü belə ifadə edir: “İranda Sovet hökumətini qurmaq istədiyim üçün tutulub həbsə girdim, Sovet İttifaqında da bu hökuməti yıxmaq istədiyimə görə həbs olundum.”

Bəxtiyar Vahabzadəni tribunaya gətirməyi isə başqa bir aləm. Adam dinlədikcə “Meydan” hərəkatının mahiyyətini də anlayır. Hər şey o qədər mürəkkəb və əslində, həm də o qədər sadədir ki, adam bəzən bir şey kəsdirə də bilmir…

dsc06652

Bu dəfə “Azadlıq Salnaməsi”nin 2-ci qonağı “Rəhbəri Nasir” Siyaməkdir. Siyaməklə Meydan hadisələrinə üçüncü bir baxış təqdim etməyə çalışmışıq. Nə dərəcədə nail olmuşuq, onu tamaşaçı deyəcək.

Danışır Siyamək… “Meydan” hərəkatının “qara qutusu”!..

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button