“Azadlıq Salnaməsi”ndə Möhtəşəm Məhərrəmov Şuşadan danışır (II sonuncu hissə): “Ovaxtkı hakimiyyət olmasaydı, Şuşa getməyəcəkdi”-VİDEO

Keçmiş komandir Şuşadan nələr dedi: “Mikayıl Gözəlova Milli Qəhrəman adı düşür”

Möhtəşəm Məhərrəmov: “Rahim Qazıyev nə təxribat törədib, özü törədib, öz əməli, öz işidir”

Möhtəşəm Məhərrəmov şuşalıdır. Orada doğulub-böyüyüb. Ermənilər Şuşanın başına əngəl olmağa başlayanda o da başqa Vətən oğulları kimi silah götürüb döyüşə qalxıb. 1988-ci ildən – Şuşanın başını duman alandan, 1992-ci ilə kimi – Şuşa təslim olunana qədər onun keşiyində duranlardan olub. İllərdir o hadisələri xatırlayır və hər zaman da yana-yana danışır. İndi Möhtəşəm Məhərrəmov müəllimdir. 258 saylı orta məktəbdə hərbi hazırlıq dərsini tədris edir. Onunla xeyli zamandır “Azadlıq Salnaməsi”ndə danışmaq planımız vardı. Qismət indiyə təsadüf etdi.

Möhtəşəm Məhərrəmov Şuşada baş verənlərdən ağrı ilə danışır. Bir daha və bir daha məlum olur ki, bəzi erməni ilə döyüşdə uduzub Şuşanı itirməmişik, Şuşa bəsirətsiz və uğursuz bir hakimiyyətin qurbanı olub. Bundan əvvəlki müsahibəmizdə Zeynal Məmmədovun danışdıqları da Şuşanı qoruyanlarla Şuşanı vermək istəyənlərin mübarizəsi üzərində qurulmuşdu. Bu, Möhtəşəm Məhərrəmovun danışıqlarında da ortaya çıxır. Möhtəşəm Məhərrəmov açıq şəkildə deyir ki ovaxtkı maymaq hakimiyyət olmasaydı, Şuşa getməyəcəkdi.

Mənim üçün maraqlı olan isə Möhtəşəm Məhərrəmovun Qərbi Azərbaycandan gələn qaçqınlarla bağlı dedikləridir. Adamı dəhşət bürüyür. Belə çıxır ki, hətta dövlət adlanan maymaq bir qurum, hakimiyyət adlanan bacarıqsız bir komanda müdaxilə etməsəymiş belə insanlar özləri torpağı qorumağa müqtədir olublar. Gələn qaçqınlarla yerli camaat birləşib ayağa qalxıblar və Şuşada olan 1.500-2.000 erməni sakitcə, heç bir müdaxilə olmadan şəhəri tərk edib gediblər. Daha bundan başqa nə lazımdır ki? Əlavə olaraq, rəhmətlik Mikayıl Gözəlovun sayəsində Şuşa-Laçın yolunun üzərində yerləşən və Şuşadan Laçına gedənlərə maneə olan bir neçə kənd də təmizlənib. Yəni 1991-1992-ci illərdə, hətta ondan əvvəl də Şuşada erməni problemi öz həllini tapıbmış. Oralarda erməni qalmayıbmış.

Bu, Vəzirov-Mütəllibov hakimiyyətini narahat edir və onlar heç bir səbəb olmadan Qərbi Azərbaycandan gələn qaçqınları şəhərdən çıxarmağa qərar verirlər. Əvvəlcə xoşla, qılıqla camaatı ayırmaq və zəiflətmək, bu olmayınca zorla onları yerlərindən etmək planları işə düşür. Polis yeridilir, 200 yük maşını göndərilir və zorla qaçqınları döyə-döyə, təhqir edə-edə, onları sürüyə-sürüyə Şuşadan çıxarırlar. Beləliklə də, Şuşanın ermənilərə verilməsinin önü açılır. Millətin birliyi və bütünlüyü pozulur. Möhtəşəm Məhərrəmov bu həzin hekayəni elə ürəkağrısı ilə danışır ki, adamın bağrı yarılır…

Möhtəşəm Məhərrəmovun Rahim Qazıyevlə bağlı dedikləri də sensasion sayıla bilər. Bu müsahibədən sonra Rahim Qazıyevlə götürdüyüm müsahibədə Möhtəşəm Məhərrəmova cavab verib Rahim bəy, amma Möhtəşəm Məhərrəmov da dediyini deyib. Onun dediyi rəsmi versiyaya, hakimiyyət maşınının dediklərinə uyğun gəlsə də, zamanın önəmli şahidlərindən biri israrla vəziyyətin başqa cür olduğunu, Rahim Qazıyevin vurulma məsələsinin öz əməli olduğunu bildirir. Hər halda müsahibələr yayınlanandan sonra əlahəzrət Oxucu-Tamaşaçının özünün gəldiyi bir nəticə olacaq və Rahim Qazıyevin verdiyi cavabdan sonra nə edəcəyimizi bir daha qərarlaşdıracağıq. Çünki Möhtəşəm Məhərrəmovun dedikləri Rahim Qazıyevin udacağı türdən açıqlamalar deyil. İndidən bəyan edirəm ki, arzu etsələr, mövzunun davamını debat şəklində davam etdirə bilərik.

Amma məlum olan bir şey var – Şuşa düşmənə verilib. Şuşaya xəyanət olunub. Şuşa boşaldılmaq üçün illərlə Şuşada iş aparılıb. Şuşanı qoruyanların hamısı bir-bir sıradan çıxarılıb, öldürülüb, perikdirilib, pul verilib şəhərdən çıxardılıb, əhalinin arasında ayrı-seçkilik edilib, birlik qəsdən və planlı şəkildə pozulub. Şuşa özümüzünkülər tərəfindən zəiflədilib və qapısı düşmənin üzünə açılıb. Məlum olan həqiqət budur!

İndi isə bu tarixi söhbəti – Möhtəşəm Məhərrəmovla “Azadlıq Salnaməsi”ndə təqdim etməyin vaxtıdır. Möhtəşəm Məhərrəmov “Azadlıq Salnaməsi”nin 15-ci qonağıdır. Onunla Şuşadan – onun düşmənə təslim olunmasından danışırıq…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz: 

https://www.xural.com/46693-2/ (“Azadlıq Salnaməsi”ndə Möhtəşəm Məhərrəmov Şuşadan danışır (I hissə): “Qaçqınları köçürməyə Telman Orucov gəlmişdi”)

II sonuncu hissə

Möhtəşəm Məhərrəmov “Azadlıq Salnaməsi”nin II-sonuncu hissəsində nə dedi:

– İlk dəfə Şuşaya 60 avtomat gətirdik – Mikayıl Gözəlovun sayəsində

– Mikayıl Gözəlovu müəmmalı şəkildə kabinetində güllələdilər

– Mikayıl Gözəlova öz əsgərimiz mənim gətirdiyim avtomatla atəş açdı – niyəsini bilmədik

– Bu gün qədrini bilən yoxdur, amma Mikayıl Gözəlova Milli Qəhrəman adı düşür

– Şuşanı saxlamaq mümkün deyildi, çünki Prezident Aparatı öz işini görmüşdü

– Bizi Rahim Qazıyevin güllələndiyi yerə buraxmadılar

– Rahim Qazıyev nə təxribat törədib, özü törədib, öz əməli, öz işidir

– Rahim Qazıyev özü atmamışdısa, niyə ayağında barıt ləkəsi, tüstüsü var idi. Əgər insana yaxından silahla atəş açırlarsa, barıtın tüstüsü ayağa yapışır

– Rahim Qazıyev, tam əmin deyilsənsə, o əsgərləri niyə gətirmişdin?

– Naməlum səbəbdən Rahim Qazıyevin əmri ilə bizim hərbi hissənin şəxsi heyəti buraxıldı, amma buraxılmamalı idi

– Rahim Qazıyev bizi ermənilərin mühasirəsinə salmaq istəyirdi ki, bizi ermənilər məhv eləsin

– Rahim Qazıyev Şuşada haray-həşir salıb Bakıda Müdafiə naziri təyin olundu

– Ovaxtkı hakimiyyət olmasaydı, Şuşa getməyəcəkdi

– Hərb yolu ilə torpaqlarımızı azad etməliyik

– Şuşa yaddan çıxarmı heç?

– Niyə bizim içdiyimiz o suyu erməni içməlidir indi?

– Şuşanın qiymətini erməni bildi, bizim hakimiyyət bilmədi

– Niyə Ermənistandan gələnləri Şuşadan çıxardınız?

– Şuşanı bilərəkdən, anlaqlı şəkildə ermənilərə təhvil verdilər

– Azərbaycanı o zaman idarə edənlərə sualım var: “Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov, Şuşaya niyə o yük maşınlarını göndərdiniz?!”

– Şuşaya qayıtmaq istəyirəm, amma elə bir işıq görmürəm, 25 il keçib, daha neçə 25 il keçməlidir?!

– Erməninin alnı yastı olur – yumruq yeridir, ora mütləq yumruq vurulmalıdır ki, anlasın ki, Şuşa onun deyil

– Niyə ermənilər bizim məscidlərin içində donuz saxlayır, bizsə onların kilsələrini Bakının içində təmtəraqlı şəkildə qoruyuruq?!

– Arzudan başqa gücümüz nəyə çatır ki?

SON

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button