“Azadlıq Salnaməsi”ndə Pənah Məmmədov (II hissə): “Elçibəy hökuməti ilə Sürət Hüseynovu Nəcməddin Sadıqov üz-üzə qoydu”-VİDEO

Elçibəyin icra başçısı Pənah Məmmədov qiyamın səbəblərini açdı:

“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi…”-VİDEO

Pənah Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin komandasının üzvü kimi Xanlar (indiki Göygöl) rayonunun icra hakimiyyətinin başçısı olub. Onunla illərdən sonra görüşdük və sıradan bir görüşün nəticəsi olaraq onu “Azadlıq Salnaməsi”ndə danışdırmaq qərarına gəldim. Pənah bəyin danışdıqları mənə çox maraqlı gəldi – ona görə.

Mən onu tələbəlik illərindən tanıyıram. O zaman biz arzu dolu tələbələr, Pənah bəygil də arzu dolu başçılar idik. Biz ürəklə Azərbaycan üçün oxuyur, ölkənin gələcəyində iştirak etmək üçün alışıb-yanır, onlar da Azərbaycanı qurmaq üçün gecə-gündüz işləyirdilər. Yadımdadı, tələbə kimi tətilə gələndə şahidi olmuşdum onun çalışmağına. Bir-iki dəfə Atam məni onun rayonuna aparmış, onunla tanış eləmişdi. İndi xatırlayıram, mən nə qədər gələcəyə hazırlaşırdımsa, Pənah bəy də o qədər hazırlaşırdı. Onun gecəli-gündüzlü çalışmağının şahidi olmuşdum. Atamla bir cəbhədə idi – həm Xalq Cəhbəsində çiyin-çiyinə idilər, həm də həyatda dostluqları vardı. Sən demə, əvvəldən onun başçı olacağını bilən adamlardan biri də mənim Atammış. Mən də bunu indi – Pənah bəyin bu müsahibəsindən sonra bilmişəm. Xatirələr məni illərin o tayına apardı…

Və… biz növbəti il qayıdanda Azərbaycan hakimiyyətinin dəyişdiyini, hər şeyin pərən-pərən olduğunu gördük. Azərbaycanı idarə edənlər, ümid və pənah yerlərimiz vəzifələrinin öhdəsindən gələ bilməmiş, Pənah bəyin təmsil olunduğu siyasi komanda idarəetmədən uzaqlaşdırılmışdı. Ölkə əl dəyişdirmişdi.

Biz onunla son illərdə çox az-az görüşdük. Əvvəlcə o həbs olundu, sonra mən. Beləcə, illər bir-birini qovaladı və bu günlərdə bir araya gəldik. Söhbətimizdə maraqlı məqamlar vardı. Elə bu məqamlar da Pənah Məmmədovu “Azadlıq Salnaməsi”nə gətirib çıxardı. Xüsusən, Əbülfəz Elçibəy hakimiyyətinin əyalət rəhbərlərindən biri kimi onunla söhbət etmək tarixin pərdəarxasının açılmasında maraqlı məlumatlar verir. Pənah Məmmədov AXC-nin mərkəzdəki yox, əyalətdəki nümayəndələrindən biri olub. Onun baxışları çox maraqlıdır. Hətta AXC hakimiyyətində pərakəndəlik və müxtəlif siyasi komandalar şəklində təşkilatlanmaq o qədər bariz şəkildə özünü göstərib ki, Pənah Məmmədovu hakimiyyətdaxili komandalardan birinə açıqca dəvət ediblər. Bu gündən baxanda dəhşətli görünür, elə deyilmi? Təsəvvür etməsi belə çətindir. Bir hakimiyyətin daxilində ən azı 2 müxtəlif komanda olub və Pənah bəy Elçibəyin komandasında təmsil olunub. Özünün dediyinə görə, hətta sona qədər də mövqelərini dəyişməyib.

Bunlardan əlavə, Pənah Məmmədov Elçibəyin Gəncəyə səfərlərinin şahidi olub. Və o səfərlər zamanı illərdir şayiə kimi danışılan “Tamara söhbəti”nin canlı şahidi olub. Mən bir dəfə illər bundan əvvəl rəhmətlik Mürşüd Məmmədli ilə o haqda müsahibə götürmüş və o müsahibəni “Xural”da yayınlamışdım. Yadımdadır ki, o müsahibə böyük əks-səda da yaratmışdı. İndi Pənah bəyin də həmin “Tamara söhbəti”nin şahidlərindən biri olduğunu görüncə və söhbətin də şayiələrdə danışılan kimi olmadığını bilincə, daha bir şahidin danışmasını və tarixə qeyd düşməsini istədim. Sən demə, Tamara əslində cəmiyyətin yaxından tanıdığı adamlardan birinin ailə üzvü, Elçibəyin silahdaşlarından biri olan Xanım Xəlilovanın doğmaca bacısı imiş və Elçibəy heç Gəncədə Tamara ilə yox, onun anası Marus arvadla görüşməyə gedibmiş. Pənah Məmmədov o tarixçəni, o küçəni, o evi o qədər yaxından tanıyır ki. Səbəbi var. O, Xalq Dirçəliş Partiyasının Gəncə şəhər təşkilatının sədri olaraq, partiyanın sədri rəhmətlik Rafiq İsmayılovun xanımı Xanım Xəlilovanın anası Marus arvadın yanına tez-tez gedirmiş – Xanım müəllimənin tapşırığı ilə. Vəssalam. Tarixçə bu olduğu halda, 20 ildən çoxdur yayılan bir şayiə həqiqəti əks etdirmir – onu müzakirə etdik həm də. Bu gizli tarixi ortaya çıxarmaq baxımından Pənah Məmmədovun müsahibəsi önəmlidir.

“Azadlıq Salnaməsi”nin 22-ci qonağı Elçibəy hakimiyyəti zamanı Göygöl (keçmiş Xanlar) rayonunun icra hakimiyyətinin keçmiş başçısı Pənah Məmmədovdur. Onunla yaxın tarixdən danışırıq…

 

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

I hissəni buradan oxuya bilərsiniz: 

“Azadlıq Salnaməsi”ndə Pənah Məmmədov (I hissə): “Nizami məqbərəsində Elçibəy məni çağırıb dedi ki…”-VİDEO

 

 II hissə

“Azadlıq Salnaməsi”ndə Pənah Məmmədov dedi ki:

– Babalı, günahı öz boynuna, o vaxt Elxan Qədimovla bağlı elə bir şayiə çıxdı. Amma… “od olmayan yerdən də tüstü çıxmaz” deyiblər, görünür, nəsə olmuşdu

– Mürşüd Məmmədli Gəncədə çox sakit işlədi

– Mürşüd Məmmədlinin Gəncə şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılmasının bilavasitə səbəbkarı Rahim Qazıyev idi. Rahim Qazıyevi işdən çıxaranda o, Azərbaycan hakimiyyətinə ultimatum vermişdi: “Məni çıxarırsınızsa, ya Arif Hacılı, ya da Mürşüd Məmmədli vəzifəsindən azad olunmalıdır.”

– Rahim Qazıyevin Mürşüd Məmmədli ilə problemi vardı. Bu problemin kökü Gəncə batalyonuna, Mehman Ələkbərova gedib çıxırdı

– Mehmanı Milli Qəhrəman adına təqdim etmələrinə baxmayaraq, Müdafiə naziri Rahim Qazıyev ona cinayət işi açdırır ki, onlar orada talançılıq işləri ilə məşğul olublar

– Ən böyük çatışmazlığımız reklam olunmamaq, təbliğat olunmamaq idi

– Gördüyümüz işləri xalqa çatdıra bilmirdik

– Digər rayon rəhbərləri ilə müqayisədə mən tez-tez görünürdüm ekranlarda

– “Günün ekranı”ndakı 15 dəqiqəlik çıxışımdan sonra Arif Hacılı zəng edib dedi ki…

– Bizim hakimiyyətdən küsəndən sonra Sürət Hüseynovla yeganə görüşən dövlət adamı mən olmuşam

– Demirəm, Sürət qeyri-adi adam olub, amma onun xidmətlərini danmaq olmaz

– 33 rayon – mən də daxil olmaqla – prezident Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olan Sürət Hüseynova tabe idi

– Arada 3-cü qüvvə var idi və həmin qüvvə hakimiyyətlə Sürət Hüseynovu üz-üzə qoydu – o qüvvələrdən biri bu gün də yüksək vəzifə tutan Nəcməddin Sadıqov idi

– Həm İsgəndər, həm də Sərdar Həmidovla Sürət Hüseynovun arasındakı narazılıqların səbəbi də Nəcməddin Sadıqovla bağlıdır. Tərtərdə aranı Nəcməddin qarışdırdı və bu iki qüvvəni üz-üzə qoydu. Hətta o dərəcədə ki, Sərdar Həmidovla Sürət Hüseynov bir-birilərinə əl qaldırmaq səviyyəsinə gəlib çıxdılar. Hansı ki, bunlar bir yerdə oturub yeyib-içirdilər.

– Fərəc Quliyev Bakıya gələn kimi AzTV-də bir bəyanat verdi, Sürəti xalq düşməni elan elədi, Sürət də başladı Azərbaycan hakimiyyəti ilə döyüşməyə

– Fevral ayından Azərbaycan hakimiyyətinin prezidentdən başqa bütün rəhbər vəzifəli şəxslərinə demişəm ki, siz bilirsinizmi, burada Sürət Hüseynovun rəhbərliyi ilə hərbi qiyam hazırlanır? Mənə dedilər ki, işinlə məşğul ol, onların hamısı boş şeydir.

– Tahir Məmmədovu və adamlarını Sürət Hüseynovun adamları güllələdilər

– İndi Rahim Qazıyev də, Sürət Hüseynov da, Ayaz Mütəllibov da özlərini milli qəhrəman hesab edirlər

– İyun ayının 4-də – qiyam başlayan gün Gəncə şəhər icra başçısı Elxan Qədimov telefonla Arif Hacılıya məlumat verdi ki, narahat olmayın, heç nə yoxdur. Mənə də dedi ki, sən panika etmə…

– İxtiyar Şirinov Əli Ömərova Gəncə şəhər prokuroru olması ilə bağlı sənədə qol çəkdirmişdi

– Əli Ömərov məni nəzərdə tutaraq, “o filankəsi tutub gətirib içəri atmaq lazımdır” deyirdi

– Əli Ömərov mənə dedi ki, mitinqdə Əbülfəz Elçibəyi və İsa Qəmbəri söyüb təhqir eləsən, mən Ömərov söz verirəm ki, səni yerində saxlatdıracam

– “Qiyamın yatırılması mümkün idimi” sualına gəlincə…

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button