“Azadlıq Salnaməsi”ndə Rahim Qazıyevdir (II hissə): “…O gündən Zərdüşt Əlizadə və qardaşı Əbülfəz bəyin üstündə mənə düşmən oldular”

II hissə
Rahim Qazıyevdən şok açıqlamalar:“Nemət tapançanı Əbülfəz bəyə verdi ki, özünü öldür, səni qəhrəman kimi dəfn edək…”-VİDEO

“Bir dəfə tövbəni pozmuşam…” 

 

“Yollar 1990-cı ilin yanvarın 6-da ayrıldı…”

“Emosionallığımı özümə bağışlamıram…”

 

Rahim Qazıyev Azərbaycanın təkcə Müdafiə naziri olmayıb. Ya da Milli Azadlıq Hərəkatının önəmli simalarından biri olmaq da onu xarakterizə edən yeganə keyfiyyət deyil. Rahim Qazıyev bir dönəm Azərbaycanın ən önəmli simalarından biri olub. Milli Azadlıq Hərəkatının başladığı “Meydan” hərəkatını sıravi müəllim kimi tələbələri ilə aşağıdan – meydandan izləyən sadə bir adamdan hərəkatın liderlərindən biri statusuna qədər yüksəlib. 1988-ci ilin sıradan qış günlərindən birində – fevralın 18-də İnşaat Universitetinin 12-ci mərtəbəsində mühazirə oxuyarkən, bayırda bir şüar səslənir: “Biz gedirik Ağdama, siz də salamat qalın!” Bu, ilk şüarlardan biri. Rahim Qazıyev bir də baxır ki, sinif otağı boşaldı və tələbələr şüar oxunan küçələrə endilər. Tələbələrinin arxasınca bayıra çıxan Rahim bəy, elə onunla da millətin böyük hərəkatına qoşulur.

Heç kimi tanımayan, hərəkat başlayanda liderlərdən heç biri ilə şəxsi dostluğu olmayan Rahim Qazıyev çox keçmir ki, millətin önəmli simalarından biri kimi onun taleyində söz sahibi olanlardan birinə çevrilir. Azərbaycanda o illərdə hansı böyük və önəmli bir hadisə olubsa, Rahim Qazıyev orada olub. Bütün tarixi hadisələrdə bilavasitə iştirakçı olub. Torpaqların qorunmasında, Vətən müharibəsinin aparılmasında, ilk paradın təşkil olunmasında, Azərbaycan xalqına ilk qələbə hissinin yaşadılmasında onun rolu olub. Dünyanı idarə edən dövlətlərdən birinin Müdafiə naziri ilə dost olub, generallarına qan uddurub, 180 ildən çox çəkmələrinin altında əzildiyimiz rus əsgərini Azərbaycandan çıxaran müstəsna adamlardan biri olub. Elə bu qədər aktivlik də ona baha başa gəlib. Həm özünün yer aldığı hakimiyyət, həm də ondan sonrakı hakimiyyət Rahim Qazıyevin amansız düşməni olub. Onu hər zaman hədəfdə saxlayıblar, “rusların agentidir” deyiblər, amma elə olmayıb. “Sovet kəşfiyyat orqanları Rusiyanın Müdafiə naziri Pavel Qraçovla səs yazısını yazıb, Rahim Qazıyev Vətənə xəyanət edib” deyiblər, əsli-astarı olmayıb. “Şuşa getsə başıma bir güllə çaxıb özümü öldürəcəm” dediyi iddia olunub, amma kimsə Rahim Qazıyevin elə bir söz dediyini hələ sübut edə bilməyib. Beləcə, haqqında minlərlə əfsanə uydurulan, Şuşada yaralanan, Gəncədə Şerbakla danışıqlar aparıb silah-sursat alan, Seyfəli poliqonunda ordu yetişdirən, yaxın-uzaq ölkələrdən qəpik-quruşa tank-top alıb ölkəyə silahlı qüvvə quran adam, elə bu səbəblərlə də illərlə dəmir barmaqlıqlar arxasında qalıb. Ölüm hökmünə çarpdırılıb. İllərlə ölüm kamerasında ölümü gözləyib və hər gün ölümün addım səslərini eşidib.

rahim-evez1

“Azadlıq Salnaməsi”ndə Rahim Qazıyevlə ilk söhbətimizdır. Biz 20 yanvardan, 20 yanvardan sonrakı İran səfərindən və “Lefortovo” həbsxanasından danışmağı planlaşdırırdıq. Əslində, Rahim bəylə “Azadlıq Salnaməsi”ndə mövzularımız çoxdur və zaman-zaman Azərbaycan tarixinin gələcəyi üçün o söhbətlərin hamısını edəcək, o mövzuların hamısını müzakirə masasına yatıracağıq. Amma indi yalnız 20 yanvardan danışmaq istədik. İstədik, lakin uzaqbaşı 1 saat planlaşdırdığımız söhbəti 2 saata zor bitirdik. Rahim Qazıyev təkcə 20 yanvardan danışmadı – 20 yanvara gətirən yollardan da danışdı. Bu millətin tarixi o qədər dolanbaclı, o qədər mürəkkəb, o qədər məşəqqətlidir ki, dinləməmək, dinləyib heyrətlənməmək olmur. Rahim Qazıyevlə elə də söhbətləşdik. 20 yanvardan, 20 yanvara gələn yollardan, AXC-dən, AXC-nin quruluş zamanlarından, AXC-daxili münasibətlərin gərginliyindən, ilk dəfə ortaya çıxan radikal-liberal qarşıdurmasından danışdıq. İlmə-ilmə hadisələr mürəkkəbləşib və böyük qana, eyni zamanda böyük qəhrəmanlıqlara gətirib. Qəhrəmanlıqların demək olar ki hamısı, zatən qandan doğur və Azərbaycanın son 25-30 illik tarixi bu Qan və Qəhrəmanlıqlarla günbəgün üzbəüz gəldiyimiz tarixdir. Biz bu şanlı tarixin müasirləriyik, Rahim Qazıyev isə əsas iştirakçı, təşkilatçı və şahidlərdən biridir. Onu danışdırmağımızın da digərlərində olduğu kimi əsas səbəbi budur. Tarixi yaradanlardan, iştirakçılardan, şahidlərdən tarixi olduğu kimi alıb, gələcək nəsillərə çatdırmaq. Əsas missiyamız budur.

rahim-evez2

Rahim Qazıyevlə “Azadlıq Salnaməsi”ndə bu dəfə 20 yanvar hadisələrindən, hadisələrdən bir neçə gün əvvəl yaradılan Milli Müdafiə Şurasından, Etibar Məmmədovla, Nemət Pənahovla və Əbülfəz Elçibəylə necə tanış olmasından, Əbülfəz Elçibəylə Nemət Pənahlının Almurad Ağanın evində necə “razborka” etdiklərindən, Nemətin Əbülfəz bəyə tapança uzadaraq, “al, özünü vur” deməsindən, Nemət Pənahlı ilə İrana səfər etməsindən danışmışıq. Şəxsən mən indiyə qədər Rahim Qazıyevin 20 yanvardan sonra Nemət Pənahlı ilə İrana getməsindən xəbərsiz olmuşam. Bu haqda ilk dəfə Nemət Pənahlının “Azadlıq Salnaməsi”nə müsahibəsindən öyrənmişəm və Rahim bəyin “Azadlıq Salnaməsi”nə dəvət olunmasının əsas səbəblərindən biri də bu olub. İndi müzakirə edəndə 20 yanvar və 20 yanvar sonrası vəziyyət bu gündən daha aydın görünür. İntriqalar və xəyanətlər hərəkatımızı və millətimi, onun tarixini və tarix yaradan balalarını heç bir gün də tərk etməyib. Buna hadisələrdə iştirak edən hər kəs daxildir. Hamısı bir-birini günahlandırıb, hamısı bir-birini sıradan çıxarmağa çalışıb və bu mənhus tale indiyə qədər – günü bu günə qədər davam edir. Ölkə hər gün daha çox yara alır, bunlar birləşə bilmirlər – hamısı yenə bir-birini sıradan çıxarmağa çalışırlar.

Mən indiyə qədər elə bilirdim ki, ağdamlılar ayağa qalxıb ermənilərin üzərinə yeriyəndə onların qarşısını kəsən o zaman Ağdamdan deputat olan Xuraman Abbasova adlı bir qadın və olun kəlağayısı olub. Elə deyilmiş. Rahim Qazıyevin dediyinə görə, o adam Xuraman Abbasova yox, Seyid Lazım Ağa olub və hadisələri də o dayandırıb. Bununla da ermənilər Qarabağda qalası olublar.

Bu və ya bir çox tarixi olaylar haqqında Rahim Qazıyevlə söhbətləşirik “Azadlıq Salnaməsi”ndə. Qonağımız müstəqil Azərbaycanın Müdafiə naziridir.

rahim-evez

Əvəz Zeynallı

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button