AzadlıqRadiosunun iddiası üzrə icraat dayandırılıb

Avqustun 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində «RFE/RL Inc.» şirkətinin (Azad Avropa/Azadlıq Radiolarının) Vergilər Nazirliyinə iddiası üzrə proses davam edib.

İddia ərizəsində AzadlıqRadiosunun Azərbaycan Nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılması, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qərarının ləğvi istənilir. Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edib.

«İSTİNTAQ DAVAM ETDİYİ HALDA VERGİ ÖZ YOXLAMASINI NECƏ BAŞA ÇATDIRIB?»

Vergilər Nazirliyinin nümayəndəsi Xamis Seyranov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində «RFE/RL Inc.» şirkəti ilə bağlı istintaq başa çatmadığından, iddiaya baxılmaması barədə vəsatət qaldırıb.

AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov buna qəti etirazını bildirərək,istintaqın hələ bitmədiyinə dair qarşı tərəfin məhkəməyə sübut təqdim etməsini istədi:

«İstintaq davam etdiyi halda, vergi öz yoxlamasını necə başa çatdırıb və necə akt tərtib edərək, bizi cərimələyib? Fikrimcə, məhkəmədə icraat davam etdirilməlidir».

XƏDİCƏ İSMAYILIN HƏBSİNDƏN SONRA…

AzadlıqRadiosunun Bakı Bürosunda aparılan axtarış zamanı nümayəndəliyin bütün sənədləri, o cümlədən möhür aparılıb və bugünədək qaytarılmayıb. Adil İsmayılov bildirib ki, yoxlama Xədicə İsmayılın işi ilə bağlı olub və aktdakı bəndlərdən ikisi üzrə də ona bəraət verilib.

Hakim Elçin Məmmədov qısa müşavirədən sonra icraatın dayandırılması barədə qərardad qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button