Azay Quliyevin qətnaməsi ATƏT PA-da qəbul olundu

azay quliyev01.07.2013

ATƏT Parlament Assamblyeasının İstanbulda keçirilən illik sesiyasında  Milli Məclisin deputatı Azay Quliyevin müəllifi olduğu “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti Institutlarının Gücləndirilməsi” qətnamə layihəsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Modern.az-ın məlumatına görə, qətnamə layihəsinin preambula hissəsində ATƏT-in 1999-cu ildə İstanbulda qəbul edilən Nizamnaməsinə, BMT-nin 2000-ci il Milenium Bəyannaməsinə və ATƏT-in 2006-cı ildə qəbul etdiyi qətnaməyə müraciət edilib. Sənəddə iştirakçı dövlətlər qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyətləri institutlarının informasiya resurslarına çıxışları üzərində olan məhdudiyyətləri yüngülləşdirməyə, onlarla dialoqa, qərar qəbulu prosesinə və sosial problemlərin həlli məsələlərinə vətəndaş cəmiyyəti institutlarını cəlb etməyə, QHT-lərin birgə əməkdaşlığının təmin edilməsi üçün təcrübə və informasiya mübadiləsinin təşviqinə çağırılır.

Ən vacib maddələrdən biri kimi regionda münaqişələrin beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında  həllinin vacib olduğu vurğulanır və bu prosesə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının yaxından cəlb edilməsi ilə əlaqədar ATƏT-in üzv ölkələrinə çağırış edilir.

Daha sonra QHT-lərə ATƏT-in müvafiq institutlarında məşvərətçi statusunun verilməsi, (qeyd: QHT-lərin BMT-nin müvafiq institutlarında məşvərətçi statusları var, ATƏT-də isə onlar yalnız müşahidəçidirlər) demokratiyanın və qanunun aliliyinin qorunmasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması qətnamədə əksini tapan müddəalardandır.

Sənəd bununla yanaşı iştirakçı dövlətlərə vətəndaş cəmiyyəti institutları və hökumət arasında vasitəçilik və birgə əməkdaşlığı həyata keçirmək üçün müvafiq mexanizmlər yaratmağı və inkişaf etdirməyi və onların öz işlərinin yüksək səviyyədə yerinə yetirmək üçün hüquqi mühitin yaxşılaşdırılmasını məsləhət görür.

Qətnamə həmçinin, iştirakçı dövlətləri QHT-lərin fəaliyyətinin davamlılığını və maliyyə resurslarının müxtəlifliyini, o cümlədən daxili və xarici maliyyə mənbələrinə çıxışlarını təmin etmək üçün münbit şəraitin yaradılmasına və onların cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrə yaxından cəlb etməyə həvəsləndirir.

Xatırladaq ki,  Azərbaycan ATƏT-ə üzv olduqdan sonra ilk dəfədir ki, qətnamə müəllifi kimi çıxış edir. Qətnamə layihəsi (ABŞ-dan sonra)  ən çox ölkələrin dəstəyini qazanan ikinci layihə olmuş,  ATƏT PA iyunun 17-də bu haqda mətbuata açıqlama yayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button