“Azercell”ə qarşı abonentlərin ittihamları: “Oğurluq, dələduzluq, dilənçilik”

“Azercell” şirkəti abunəçilərinin iradəsinə zidd olaraq, internetdən onları müxtəlif xidmətlərə qoşaraq müxtəlif məbləğlərdə vəsait çıxır. Xural.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə abonentlər çox sayda paylaşım edirlər.

Jurnalist Esmira Cavadova isə yazır: “Azərcell ağ eləyib. Bayaqdan balansdan bir neçə dəfə 12 qəpikdən cıxır, sonra da başladı 24 qəpikdən cıxmağa. Niyə cıxır, səbəb nədir, bildiriş yalnız bu ekranda gördüyünüzdən ibarətdir. Ümumiyyətlə, son vaxtlar bakcell və azərcell özünü axırıncı yerə qoyub. Belə hallarla qarşılaşan dostlar, təklif edirəm ki, birləşib bunları məhkəməyə verək”.

Selcan Zeynallı isə bildirir ki, Azercell-in “Gənc Ol” tarifinə qoşulub. Bu tarifdə “Azercell” danışıq və internet paketi verməli olsa da, səbəbsiz yerə internet verilmir.

Azər Həsənov‎ adlı istifadəçi də səbəbsiz yerə balansının sıfırlanmasından narazıdır: “Salam #Azercell hәr xidmәtiniz yaxşıdır, ancaq bu NMS şirkәti xәbәrdarlıq sms göndәrilmәdәn balansımı sıfırladı, şirkәtә zәng etdim. Xanmdan xahiş etdim ki, nömrәmi qara siyahiya niyə atıblar? Ancaq heç dә ürәkaçan cavab verilmәdi. Bunun kimi frıldaqçı şirkәtlәrә bir tәdbir görsәniz sevinәrәm. Bu cür şirkәtlәr ucbatindan mәn balansmı artra bilmirәm” – deyə o, facebook-da yazır.

“Elan edin ki, “Azercell” dilənçidir”

Jurnalist Elməddin Muradlı isə hesab edir ki, “Azercell” lap ağ edib: “”Azercell” dələduzluqla məşğuldur. Birinə SMS göndərirəm, 3 qəpik çıxır, sonra da yazır ki, mesaj göndərilmədi. Təkrar göndərirəm, yenə 3 qəpik çıxır, amma yenə yazır ki, mesaj göndərilmədi. Sonra yenə bu hal təkrar olunur. Nəhayət, 4 dəfə 3 qəpiyimi çıxandan sonra mesaj gedir. Zəng elədim “Azercell”-ə. Leyla xanım dedi ki, mesajların hamısı gedib yəqin. Deyirəm, axı mənim mesaj qutumda cəmi bir dənə mesajın göndərildiyi qeyd olunur. O biriləri hara getdi? Deyir, yəqin telefonunuz xarabdı. İstədim deyəm, “Azercell”-in başı xarabdı, telefonum işləyir. Bunlar göndərilməyən mesaja görə niyə balansdan pul silir? Əgər mən 4 SMS göndərimişəmsə, bəs mesaj qutusunda niyə 1 dənəsi var? 9 qəpik haram xoşunuz olsun.

Mənə deyir, zəng elə o adamdan soruş gör neçə SMS çatıb? Deyirəm, o adam yüksək vəzifəli adamdı. Ayıb olmazmı ona zəng edib belə sual versəm? Deyir, biz də sistemdə görə bilmirik neçə SMS gedib. Başa düşə bilmirəm ki, bunun harası müştəri xidmətidir ki, mənə konkret cavab verə bilmir. Eləcə variant axtarır. Abrınız-həyanız olsun, dilənçilik edirsinizsə elan edin ki, “Azercell” diləncidir, mən sizə hər gün 9 qəpik verərəm. Amma camaatı avam yerinə qoymayın”.

“Azercell” və Limon.az-ın birgə fırıldağı

Rəşad Əliyev adlı abonent isə hesab edir ki, xəbərdarlıqsız pul silinməsi ilə bağlı məsələdə “Azercell”-in özü də iştirak edir: “11 avqust tarixində telefona ard-arda mesaj gəldi ki, iki ayrı-ayrı xidmətə abunə oldunuz və hər xidmət üçün ayrılıqda 0.59 manat çıxıldı. “Azercell”-ə müraciətmə cavab olaraq dedilər ki, internetdən istifadə zamanı limon.az saytında iki xidmətə abunə olmusunuz. Heç yerə abunə olmadığımızı, nə olduğunu belə bilmədiyimiz bu xidmətlərdən çıxarılmağımızı xahiş etsəm də, operator xanım abunəliyi dayandırmaqdan və kod göndərməkdən imtina edib, həmin şirkətin nömrəsini verdi. Verilən nömrə isə bağlıdır. Yenidən “Azercell”-ə zəng edib həmin şirkətlə müqavilələrinin olub olmamasını soruşdum. Operator xanım limon.az ilə partnyor təşkilat olduqlarını etiraf etdi və abunəliyi dayandırmaq üçün kod göndərdi. Əlavə etdi ki, şirkətin nömrəsinin bağlı olması ilə bağlı limon.az-a sorğu veriləcək və araşdırıldıqdan sonra məlumat veriləcək” .

Şikayətçi qeyd edir ki, bunun ardınca, yenə də onun balansından pul silinib. Özü də həmin vaxt telefon istifadədə olmayıb. “Belə ki, həmin vaxt masanın üzərində idi, ancaq yenidən abunəlik barədə mesaj gəldi və balansdan pul silindi…”.

Limon.az saytından isə problemlə bağlı şikayətçiyə bildirilib ki, şikayətlə əlaqədar nömrə “qara siyahı”ya salınıb və bundan sonra heç bir xidmətə abunə olmayacaq. “Ona hansısa xidmətə qoşulmağın texniki tərəfləri barədə sual versəm də, düz-əməlli cavab verə bilmədi. Bircə onu dedi ki, “Azercell”-lə partnyor şirkətdirlər və əslində, abunə olmamışdan əvvəl “Azercell” tərəfindən qoşulmaq istəyib-istəməmə barədə ekrana sorğu çıxmalıdır. Yalnız təsdiqlənəcəyi təqdirdə, xidmətə qoşulma mümkündür. Qeyd etdiyim ki, heç bir sorğu, xəbərdarlıq gəlmir və qəfildən qoşulma barədə mesaj gəlir, dərhal da balansdan pul silinir…” – deyə R.Əliyev bildirib.

Bununla bağlı “Azercell”-ə edilmiş müraciətə əsasən aşağıdakı cavab verilib: “Biz təəssüf edirik ki, siz çətinliklə rastlaşmısınız. Qeyd edək ki, bu xidmət tam olaraq müştərək şirkətə aiddir. Hər hansısa iradınız varsa, birbaşa müraciət edə bilərsiniz.

“Azercell”-in standart cavabı…

Abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətləri həyata keçirən məzmun təminatçısı olan təşkilatlardan da reklam\məlumat xarakterli sms-lərin göndərilməməsi üçün “Azercell Telekom” MMC-yə, “Azercell Telekom” MMC-də öz növbəsində məzmun təminatçılarına müraciət edə bilər. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi – SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Müraciətiniz üçün təşəkkür edirik.”

İki nazirlik məsələni araşdırır

Bununla bağlı şikayətlərdən sonra sözügedən nömrənin balansına cəmi bir manat geri qaytarılıb. “Azercell” isə bununla bağlı abonentə məlumat verməklə işini bitmiş hesab edib.

R.Əliyev əlavə edir ki, məsələnin araşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun imzası ilə məktub araşdırılması üçün “Azercell” Telekom-a göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev tərəfindən R.Əliyevə cavab verilib ki, müraciətə baxılacaq və nəticəsi barədə məlumat veriləcək.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button