Azercell və Bakcellin 3G düyünü çözülür

Mobil rabitə operatorların nümayəndələri nazirlikdə 3G-ni müzakirə edib

Azərbaycanda 3-cü nəsil (3G) xidmətlərinin genişləndirilməsi məqsədlə Rabitə və İnformasiya Texnologiyaları (RİTN) tərəfindən tədbirlər davam etdirilir və bununla bağlı RİTN-də hər üç mobil operatorun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovun “Qafqazinfo”ya verdiyi məlumata görə, görüşdə 3G xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara yeni lisenziyaların verilməsi, operatorlararası mövcud problemlərin qüvvədə olan qaydalara uyğun
həlli, mobil rabitə xidmətləri bazarında sağlam rəqabətə təkan verəcək “Sellülar (mobil) nömrə daşınması qaydası”nın icrası ilə bağlı şəbəkələrində müvafiq hazırlıq işlərinin görülməsi, respublikanın telekommunikasiya şəbəkəsinin inkişafı və statistik təhlillərin aparılması məqsədilə məlumatların bu məqsədilə yaradılmış mərkəzi serverə ötürülməsi və qanunvericiliyə uyğun digər həlli vacib olan məsələlər müzakirə edilib.
Müzakirələrin nəticəsi operatorların iştirakı ilə protokollaşdırılaraq onlara təqdim edilib və protokolda qeyd olunan problemlərin həlli nəticəsində respublikada 3G xidmətlərinin əhatə dairəsinin genişlənməsinə, yeni xidmətlərin fəaliyyətə başlamasına və bu xidmətlərə olan tələbatın ödənilməsinə şərait yaranacağı barədə qərar qəbul edilib.
Protokolda qeyd olunan bəzi məsələlərin həlli məqsədilə operatorlar tərəfindən qismən tədbirlər görülsə də, təəssüf ki, protokol qərarlarının tam icrası istiqamətində indiyədək mobil operatorlar tərəfindən RİTN-ə dolğun və konkret məlumat təqdim edilməyib.
Yuxarıda qeyd olunan texniki problemlərin operatorlar tərəfindən vaxtında icra edilməsi respublikada yeni nəsil texnologiyaların tətbiqini sürətləndirəcək və müasir xidmətlərin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button