“Azerfon”dan xural.com-a cavab gəldi: ““NAR” satın alınmayıb”

“Azerfon” MMC mətbuat xidmətindən xural.com-un baş redaktoru Əvəz Zeynallıya məktub daxil olub. Məktubda bir neçə gün bundan əvvəl dərc olunan yazıya cavab verilib. Xural.com qarşı tərəfin cavab haqqını tanıyaraq “Azerfon” MMC-nin məktubunu olduğu kimi dərc edir:

 

Cavab haqqı

 

Hörmətli Əvəz müəllim,

8 may 2018-ci il tarixdə “Xural” xəbər agentliyində “Mobil operatorlar üzərində tam monopoliya” başlıqlı yazı dərc olunmuşdur. Əfsuslar olsun ki, yazıda “Nar” mobil operatoru haqqında dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yer almışdır. Bununla bağlı aşağıdakı açıqlamanı sizin diqqətinizə təqdim edirik:

Azerfon MMC (“Nar” ticarət nişanı) başqa mobil operatorla birləşməyib və ya satın alınmayıb.

“Nar” operatoru dünya telekommunikasiya təcrübəsində geniş yayılmış şəbəkə infrastrukturlarının 3-cü şirkətdən tədarükü (outsourcing) təcrübəsini Azərbaycanda tətbiq etmişdir. Bunun nəticəsində, “Nar” və “Bakcell” mobil operatorları bəzi İT və dəstək funksiyalarını kənardan tədarük edirlər.

Qeyd edilən təcrübə dünyanın bir çox ölkələrində telekommunikasiya şirkətləri tərəfindən geniş tətbiq olunmaqdadır. Məsələn, 2012-ci ildə “Vodafone UK” və “Telefonica” vahid şəbəkənin birgə istismarı və idarə olunmasına qərar verdilər. Bu təcrübəyə bənzər şəkildə Rusiyanın iki aparıcı mobil operatoru – MTS və “Vimpelkom” bəzi regionlarda 4G şəbəkəsində spektr paylaşımının pilotlaşdırılması barədə razılığa gəldilər. Vurğulanan strategiyanın tətbiqi mobil opeatorlara öz abunəçilərinə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, əməliyyat səmərəliliyinin artırılmasına da köməklik edir. Bununla belə, həmin mobil operatorlar marketinq və bazar siyəsətləri sahəsində tamamilə müstəqildirlər və rəqabət aparırlar.

Həmin yanaşmaya müvafiq olaraq “Nar” yerli bazarda fəaliyyət göstərən digər mobil operatorlarla rəqabət aparmaqla yanaşı, müstəqil inkişaf strategiyasını uğurla tətbiq etməkdədir.

Oxşar təcrübə bank sistemində də müşahidə olunur, belə ki, bir neçə rəqib bank birgə təsis etdikləri vahid kart prosesinq mərkəzinin xidmətlərindən yararlanır. Bununla belə, banklar arasında rəqabət muhiti saxlanılır.

Bundan əlavə, yayımlanmış məqalədə adı çəkilən şəxs “Azerfon” MMC-nin təsisçiləri arasında mövcud deyil və “Nar”-ın idarə edilməsində hər-hansı formada iştirak etmir.

Göstərilənləri nəzərə alaraq, dərc etdiyiniz məqaləyə müvafiq düzəlişlərin edilməsi və ya “Azerfon” şirkətinin rəsmi mövqeyinin agentliyinizin internet səhifəsində yerləşdirilməsini sizdən xahiş edirik.

“Azerfon” şirkəti öz fəaliyyətində şəffaflıq prinsipini əldə rəhbər tutur və kütləvi informasiya vasitələrinin müvafiq sorğularını hər zaman cavablandırmağa hazırdır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button