“AzTV qaralama kampaniyası ilə məşğuldur”

“Bu tip qaralama kampaniyasına vəsait ayırmaq özü belə dövlət pullarını çar-çür etməkdir”

Heç kimə sirr deyil ki, bu gün qəzetlər bazarda meyvə-tərəvəz bükməkdən başqa heç bir işə yaramır. İndi əhalinin əksəriyyəti bütün xəbərləri elektron mediadan alır. Bu gün elektron media nəinki qəzetlərdən, hətta televiziyalardan da öndə durub. Bu zaman bəzi suallar yaranır ki, belə bir dövrdə qəzetlərə maliyyə yardımı ayırmağa dəyərmi? Qəzetlərə ayrılan vəsaiti elektron mediaya yönəltməklə çox doğru iş görmək olmazdımı?
Moderator.az-ın bu suallarına tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu aydınlıq gətirib.
Ə.Əhmədoğlu media qurumlarının dövlət tərəfindən maliyyələşməsini doğru hal hesab etməyib: “Ümumiyyətlə, hər hansı bir media qurumunun dövlət tərəfindən maliyyələşdirilməsinə birmənalı olaraq qarşıyam. Əgər medianı dövlət maliyyələşdirirsə bu o deməkdir ki, onlar ictimai funksiya həyata keçirə, dövlət qurumlarına qarşı hər hansı bir tənqidi məsələlərə obyektiv yanaşa bilmir. Bir müddətdən sonra təmamən öz müstəqilliklərini itirərək ələbaxımlılıq vəziyyətinə gəlirlər. Bu baxımdan da indiki halda nə qəzetlərin maliyyələşməsi effektli deyil, nə də irəlidə elektron mediaya dövlət tərəfindən bu formada ayrılacaq vəsaiti effektiv hesab etmirəm. Və bunu elektron medianın gələcəyi üçün təhlükə hesab edirəm”.
Ekspert, həmçinin elektron medianın imkanlarının genişləndirilməsi istiqamətində bir neçə təkliflər irəli sürüb: “Burada üzərində durulacaq məqam o ola bilər ki, elektron medianın özünün faktiki olaraq imkanları genişləndirilsin. Bu imkanların genişləndirilməsi bir neçə istiqamətdə ola bilər. Birincisi, müəyyən vergidən azad olunma məsələləri gündəmə gətirilə bilər, ikincisi, sərbəst bazar mühiti yaradaraq reklam bazarının inkişaf etdirilməsi mümkün ola bilər. Və beləliklə də elektron media özü bazarda mövcud olma yarışında müəyyən ayaqda durma imkanlarını təmin edə bilər. Bu aspektdən baxdıqda bir daha qeyd edirəm ki, medianın dövlət tərəfindən dəstəklənməsinə birmənalı olaraq qarşıyam. Bunu azad medianın qarşısında ən böyük baryer hesab edirəm. Ölkədə mediaya ayrılan pulların dəyərinə baxsaq, son beş ildə dörd yüz milyon ABŞ dolları məbləğində dövlət mediaya vəsait ayırıb. Bu gün həmin dörd yüz milyonun dörd qəpiklik faydası olmadığını aydın şəkildə görürük”.
Ə.Əhmədoğlu sonda AzTV tərəfindən professor Qulu Məhərrəmli haqqında çəkilmiş “filmə” də münasibət bildirib: “Azərbaycan dövlət televiziyası faktiki olaraq təbliğatla, qaralama kampaniyası ilə məşğuldur. Bu tip qaralama kampaniyasına vəsait ayırmaq özü belə dövlət pullarını çar-çür etməkdir. Dövlət vəsaitinin bu formada sərf edilməsini Azərbaycan xalqına hörmətsizlik kimi qiymətləndirirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button