AzTV sədri ilə Qulu Məhərrəmli qarşıdurması davam edir

qulu alis

Bu gün saat 14.00-da Yasamal rayon məhkəməsində AzTV sədri Arif Alışanovla teletənqidçi, professor Qulu Məhərrəmlinin məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, teletənqidçi, professor Qulu Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsi AzTV sədri Arif Alışanovu qəzəbləndirib. Həmin müsahibədə səslənən fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən Alışanov telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində tanınmış jurnalistin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə səsləndirdiyi fikirlərə görə, professordan 100 min manat təzminat tələb edir.

Aprelin 1-də Yasamal rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə cinayət məsuliyyəti iddiasına baxış iclasında müvafiq qanunun tələbi ilə A.Alışanovun prosesə gəlməsinin zəruriliyi barədə vəsatət qaldırılıb. Vəsatət qəbul edilib və A.Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə iddianın baxılması mümkünsüz sayılıb.

Q.Məhərrəmlinin vəkili Cavid Rzayev Strateq.az-a açıqlamasında bildirib ki, A.Alışanov öz iddiasını müdafiə edirsə, mütləq bu gün məhkəməyə gəlməlidir:“Çünki insanın ayrılmaz hüququ olan şərəf və ləyaqətin qorunmasını başqa adama həvalə etmək olmaz. Azərbaycan CM-nin müvafiq maddəsi də yalnız iddiaçının özü müraciət etdiyi təqdirdə cinayət işinə baxmağı mümkün sayır”.

Yasamal rayon məhkəməsindən verilən məlumata görə isə A.Alışanov jurnalistə qarşı iddiasını geri götürməyib. Deməli, o məhkəməyə gəlmək və onu tənqid etmiş Q.Məhərrəmli ilə üz-üzə durmaq niyyətindədir. Məhkəməni izləyən jurnalistlərin də indiyədək ictimai tribunalardan səsi eşidilməmiş A.Alışanova suallar vermək imkanı olacaq.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button