AzTV sədri Qulu Məhərrəmliyə qarşı daha bir “cəbhə” açdı –Məhkəmə

arif-alisanov-qulu

AzTV-nin sədri Arif Alışanov rəhbərlik etdiyi telekanalı tənqid etdiyinə görə professor Qulu Məhərrəmliyə qarşı cinayət işi tələbi ilə bərabər, maddi təzminat davası da açıb.

O, artıq tanınmış jurnalist Qulu Məhərrəmlidən 100 min manatlıq mənəvi təzminat tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə Ölkə.az-a açıqlamasında Arif Alışanovun maddi təzminat tələbini əsassız adlandırıb:

“Mən Alışanovun peşəkarlıqla bağlı müəyyən problemləri olduğunu bilirdim. Amma görünür, həm də maddi problemləri var imiş. Alışanov mənim hesabıma xeyriyyəçi olmaq istəyir, pulu da uşaq evinə verəcəkmiş. Mən bu adama xatırladıram ki, əvvəla, artıq 7-8 ildir heç bir uşaq müəssisəsi, o cümlədən ölkədəki iki körpələr evi kənardan yardım qəbul etmir, yəni xərcləri dövlət özü ödəyir. İkincisi, xeyriyyəçilik həvəsinə düşən adam zəhmət çəkib öz kisəsinin ağzını açmalıdır. Üçüncüsü isə AzTV sədri üçün indi ən böyük xeyriyyəçilik işçilərə normal maaş vermək, dövlətin büdcədən ayırdığı qonorar və quruluş haqqını kəsməmək olardı”.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində mülki iddia ilə bağlı hakim Etibar Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button