Bəxtiyar Hacıyevin həbsindən bir il ötür

04.03.2012

4 Mart 2012–Bu gün gənc fəal, keçmiş deputatlığa namizəd, Harvard universiteti məzunu Bakhtiyar Hajiyevin ədalətsiz həbsindən bir il keçir. Keçən ilin bu günü sosial şəbəkələrdə sürətlə yayılan fikirlərindən dərhal sonra Gəncə RPŞ-nə çağrılan Bəxtiyar Hacıyev, eyni gündə ikinci dəfə getdiyi PŞ-də saxlanıb və həmin gecə polis işçilərinin yalançı şahidliyi ilə keçirilən qapalı məhkəmədə həbs edilib. Bundan sonra may ayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Artıq on iki aydır ki, həbsdə saxlanan Bəxtiyar Hacıyev Amnesty International və bir sıra beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib, ona qarşı irəli sürülmüş ittihamlar Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, ABŞ dövlət departamenti,Almaniya Bundestaqı və s. qurumlar tərəfindən siyasi motivli olması barədə narahatlıqla qarşılanıb.

Bu günə kimi Bəxtiyarın məzunu olduğu Harvard Universiteti professor və tələbə heyətinin, üzv olduğu AIESEC, EEYPL şəbəkələrinin, Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən fərdi və kütləvi müraciətlərə baxmayaraq, Bəxtiyar Hacıyev hələ də həbsdə saxlanır.

Bu gün həm də cəza müddətinin yarısı bitən Bəxtiyar Hacıyev bununla əlaqədar “vaxtından əvvəl azadlığa buraxılma” hüquqi imkanını qazanır. “Bəxtiyara Dəstək Kampaniyası” üzvləri tərəfindən (www.facebook.com/SupportBakhtiyar )verilən məlumata görə bu barədə məhkəməyə müraciət ediləcək və mart ayının ortalarında bu işə baxılmalıdır. Xatırladaq ki, fevralın 27-də Bəxtiyar Hacıyevin cəzasının 1/3 hissəsinin bitməsinə görə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi ilə bağlı müraciəti Apellyasiya məhkəməsi tərəfindən rədd edilib. Məhkəmədə iştirakının təmin edilməsi üçün saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstentaq təcridxanasına etap olunmuş Bəxtiyar Hacıyev hələ də 14 saylı cəzaçəkmə müəssisəsinə geri etap edilməyib. Bakı İstentaq Təcridxanasından gənc fəalın şənbə günü etap edilməməsinin səbəbini məhkəmə qərarının onlara çatmaması ilə əlaqələndirirlər. Məhkəmədən isə qərarın poçta verildiyi deyilir. Lakin, məhkəmə və Penitensiar xidmət arasındakı növbəti anlaşmazlığa görə Bəxtiyar Hacıyevlə ailə üzvlərinin və vəkilinin görüş hüququ pozulur. Bakı İstentaq Təcridxanası görüşə şərait yaratmır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button