Bəxtiyarın apellyasiya şikayətinə iyulun 5-də baxılacaq…

Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə gənc ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə Bəxtiyar Hacıyev, onun vəkili Əlayif Həsənov, Elçin Namazov və digər tanınmış hüquqçular, media nümayəndələri iştirak ediblər.

Proses başlayarkən vəkil Əlayif Həsənov bir neçə vəsatət qaldırıb. Bunlar ilkin instansiya məhkəməsində qəbul olunmuş qərarların surətinin cavabdeh tərəfə təqdim olunması, Bəxtiyar Hacıyevin  pul girov qoymaqla həbsdən azad edilməsi, 30-a yaxın ictimai xadimin onun zaminə götürülməsi ilə həbsdən buraxılması ilə bağlı vəsatətlər olub. Amma birinci instansiya məhkəməsində olduğu kimi Apellyasiya Məhkəməsində də vəsatətlər əsasən rədd edilib. Hakim yalnız sənədlərin surətinin Hacıyeva verilməsi ilə bağlı vəsatəti təmin edib.

Daha sonra Bəxtiyar Hacıyevin məhkəməsi iyul ayının 5-i saat 12.00-a qədər təxirə salınıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. 18 mart 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button