Bəzi qruplar din pərdəsi altında ölkənin ictimai-siyasi sabitliyini pozur

Ağcabədidə radikal dini cərəyanlara qarşı mübarizə tədbirləri müzakirə edilibKomitə sədrinin müavini: “Bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur”

Bu gün Ağcabədi rayonunda “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Laçın, Xocavənd, İmişli, Tərtər və Zərdab rayon prokurorluqlarının, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbər və məsul nümayəndələri, ziyalılar, dindarlar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Diqqəti din pərdəsi adı altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.

Səyavuş Heydərov qeyd edib ki, dünyanın belə böhranlı bir dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.

S.Heydərov diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir.

Tədbirdə Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxış edərək, ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.

Seminar–müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button