Bələdiyyəsinin sədri həbs oluna bilər

Əbülfəz Babayev

Bələdiyyə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklər

Sumqayıt şəhər bələdiyyəsinin üzvləri indiyədək bir neçə dəfə sədr Əbülfəz Babayevin istefası ilə bağlı məsələ qaldırsalar da, buna nail ola bilməyiblər. Sədrin toxunulmaz qalmasının əsas səbəbi isə onun hakimiyyətin yuxarı dairələrində ciddi müdafiə olunmasıdır. Əbülfəz Babayevi himayə edənlər arasında indiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı çəkilirdi. Bələdiyyə üzvləri sədrin artıq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qardaşı tərəfindən müdafiə olunduğunu bildirirlər.
Qeyd edək ki, Eldar Əzizov Sumqayıta icra başçısı gələndən bəri Əbülfəz Babayevə qarşı xüsusi təqib və təzyiq kampaniyası başlatsa da, onun öhdəsindən gələ bilmir. Mətbuatda dəfələrlə yazıldığı kimi, başçı bələdiyyə sədrinin külli miqdarda maliyyə israfçılığına yol verdiyi, müxtəlif vəzifələrə təyin etdiyi qohum-əqrabası vasitəsilə saysız-hesabsız qanunsuzluq edildiyindən xəbərdardır. İcra başçısı hətta vətəndaşlardan külli miqdarda pul alınması hesabına verilən qanunsuz torpaq sahələrinin geri alınması prosesinə şəxsən rəhbərlik edir. Amma Əbülfəz Babayev bu günədək yeni başçıya, necə deyərlər, meydan oxuyur. Əslində Babayevin fəaliyyəti Eldar Əzizov Sumqayıta gəlməmişdən əvvəl də bələdiyyə üzvlərinin bir hissəsini qane etmirdi. Bu səbəbdən ümumi yığıncaqlarda bir neçə dəfə onun istefası məsələsi gündəmə gətirilmişdi.
Bu dəfə isə məsələ daha ciddi şəkildə qaldırılıb. Bələdiyyə üzvlərindən aldığımız məlumata görə, iki həftə əvvəl Əbülfəz Babayevin istefası məsələsi yenidən aktuallaşıb. Onlar növbəti ümumi yığıncaqda bir daha istefa tələbi ilə çıxış edəcəklər. Bundan əlavə, Babayevə qarşı çıxan çoxluq onun fəaliyyətinin yoxlanılması ilə bağlı hüquq-mühafizə orqanlarına konkret faktlarla müraciət etməkdə də israrlıdırlar.

Azər Hüseynbala

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button