Bahəddin Həziyev “BOMJ”a şeir yazdı – Autsayder vətəndaş

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev bir zaman Elmlər Akademiyasında işləyən, amma indi “BOMJ” olan bir alimi zibillikdə qutuları qarışdıran görüb. Bahəddin bəy şahidi olduğu hadisəni nəzmlə təsvir edib. Baş redaktorun facebookdakı təəssüratlarını xural.com olduğu təqdim edir:

“Onu məşhur parklardan birinin yaxınlığında – zibil qutularını qarışdıran gördüm. Heç kimlə danışmır. Onu tanıdığını deyən bir nəfərin sözlərinə görə, həmin şəxs bir zamanlar Elmlər Akademiyasında işləyirmiş. Alim olmaq istəyib, amma… BOMJ olub. Bunu bəlkə də heç tərcümə etmək lazım deyil. ВОМЖ – “((человек) без определенного места жителства)” sanki artıq hamının qəbul etdiyi bir anlayışa çevrilib. Tərcümə etsək, bu, “dəqiq yaşayış yeri olmayan adam” demək olacaq. Amma bu da o anlamı tam ifadə etməz. “Həyatın dibinə yuvarlanmış insan” – bəlkə də budur. Həmin adamla və onun taleyini yaşayanlarla bağlı bir şeir də yazdım. Bu, gerçəkdən şeirdir, ya deyil – onu da bilmirəm. Bəlkə portret çəkməyə çalışdım, bəlkə də bunun adı reportaj olsun. Bu da belə bir reportajdı yəqin. Kədərlə qafiyələnmiş…
(Belə bir janr yoxdu, sadəcə, başqa ad tapmadım).

Autsayder vətəndaş

(BOMJ haqqında… ballada)

O başla bu küçəyə
deyim nədən düşmüsən?!
Neftini yad sümürüb,
“Zibil”ə sən düşmüsən.

Unut o nefti –
hər cür
karbohidrogeni sən.
Alış bu zibilliyə,
Hiss olunur, yenisən

Zibil eşələməkdə,
dilənməkdə naşısan
Necə çıxarsan yaza
gələn soyuq qışı sən?!

Saç-saqqalın pırtlaşıb,
Üzündə bit yeriyir.
Göz altın torbalanıb –
böyrəklərin çürüyür.

Axşamdan bəri acsan,
Gün də oldu günorta.
Tapdığın quru çörək,
zay pendir, lax yumurta

Bir zaman alim idin,
Bəs indi kimsən, qardaş?!
“Lider” məmləkətimdə
Autsayder vətəndaş

…Polis görənə qədər
gizlən, yat, bu bağda qal.
Ömrün acısı çıxmaz,
Gözünün acısın al!

Avqust 2016″

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button