Bahəddin Həziyev ölümünün ildönümündə Əlisəfaya şeir yazdı

Bu gün məşhur “Yurd” təşkilatının qurucularından və ilk sədri olan Əlisəfa Qədirovun faciəli vəfatından 23 il keçir. 1993-cü il noyabrın 3-də avtomobil qəzasında həyatını itirən Əlisəfa Qədirov indiyə qədər dostlarının xatirindədir. “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev son statusunu Əlisəfa Qədirova həsr edib və onun xatirəsinə bir şeir ithaf edib. xural.com Bahəddin Həziyevin statusunu olduğu kimi dərc edir:

“Sirrlə doludur bu dünya,
Hər kəs özü də sirdir.
Dünyaya “hökm edən” insan,
həm də ona əsirdir…

Bu sirrlərlə, kontrastlarla… dolu dünyamızda ən böyük sərvətim ailəm və dostlarımdır. Kimsə inciməsin. Dostlarımın siyahısının başında Əlisəfa gəlir. Əlisəfa Qədirov. Həmişə düşünmüşəm ki, onun yeri məndə ömrüm boyu bir başqa olacaq. Bir neçə insan var ki, heyrət doğuracaq qədər saf və səmimi dost ola bilir, yəni heyrətamiz dərəcədə gözəl ürəkləri var (və ya vardı). Onlardan biri mənim üçün Əlisəfadır. Onu tez itirdik. Həmişə deyirəm, Allah gözəl insanları bizə, bu dünyaya qısqanır, ona görə öz yanına tez çağırır. Əlisəfa da belə bir oğlan idi. Zərdabda, kənd yerində sadə, tərtəmiz kənd ziyalısının ailəsində doğulub böyümüşdü. Azərbaycana, türk dünyasına, bütün bəşəriyyətə nəhəng simalar bəxş etmiş qədim, möhtəşəm Şirvan mahalının suyunun, havasının, torpağının saflığını daşıyırdı Əlisəfa qardaşım. Dünyaya orada salam vermişdi, orada da ”əlvida” dedi. Tələbəlik – gənclik illərimin ən yaxşı dostlarından idi. Bu gün onun faciəli ölümündən 23 il keçir. Ancaq onu unutmadıq. 23 əvvəl bir soyuq gündə – 1993-cü il noyabrın 3-də avtomobil qəzasında həyatını itirdi. Bilirsiniz, hərdənbir şeir şəklində cızmaqaralarım olur. Bu şeirimi Əlisəfanın ruhuna və onun kimi sadiq, səmimi dostlarımın hamısına hədiyyə edirəm. Lütfən qüsurlarımı bağışlayın!

Dünyanın bir üzü zülmət,
bir üzü də işıqdır.
Sevgisi var, şəhvəti var –
Durumu qarışıqdır.

Nə onu dəyişmək olur,
Nə onunla barışmaq.
Nə əmrinə boyun əymək,
Nə işinə qarışmaq.

Bu belə gələn dünyadı,
Elə belə gedəcək.
Doğula-doğula gəlir,
Ölə-ölə gedəcək.

Bir gözümüz ağlayanda,
Bir gözümüz güləcək.
Bir gün kimsə doğulanda.
O gün kimsə öləcək.

Dünya durduqca duracaq
sevinc, kədər yanaşı.
Axşamla səhər yanaşı,
Xeyirlə şər yanaşı.

Hansı zirvəyə qalxsan da,
endiyin düz olacaq.
Gecə yumduğun gözünü
açdın – gündüz olacaq.

Kimsə özünə ölümsüz
bir ömür biçə bilməz.
Allah yazdığı qədərin
önünə keçə bilməz.

Baharda açılan yarpaq,
payızda xəzəl olur.
Ruhu gözəl olan hər kəs,
hər yaşda gözəl olur.

Duyğusuz insan – daş olar,
ağlı getsə – dəlidir.
Ruh bədənsiz yaşasa da,
bədən ruhsuz – ölüdür.

Kimi Vətənsiz yaşayar,
Kimi ölər Vətənsiz –
Kimi yerdə ruhsuz gəzər,
Kimi göydə bədənsiz.

Balıqlar üzməz quruda,
İnsan suda boğular.
Quşlar yerdə uça bilməz,
Daşlar göydən “yıxılar”.

Dəmiri əridən oddur,
Odu da söndürən – su.
Kimsə kimin sevgisidir,
Kimsə kimin qorxusu.

Qadın bətnindəki körpə
bir gün qəfil tərpənər.
Necə xoşbəxt olar ana!
Həm də necə ürpənər!

Ürək bir dəfə sındısa,
bitişməsi çətindir.
Fəqət iki sevən könül
qovuşanda bütündür.

Uşaq tez böyümək istər,
Gənc qocalmaq istəməz.
Ancaq qurdla qiyamətə
Heç kəs qalmaq istəməz…

Sirrlə doludur bu dünya,
Hər kəs özü də sirdir.
Dünyaya “hökm edən” insan,
həm də ona əsirdir.

Öz nəfsinə qul olanlar
dünyaya şahlıq edər.
Göydəki Allahı danıb,
Yerdə “allahlıq” edər.

Kimisi Cənnət qazanar
bu dünyada özünə
Kimisi də Axirətdə
bir gün döyər dizinə.

Biri savab eləyəndə ,
Birində günah olar.
Allahına yaxın olan
Şeytandan uzaq olar.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button