Bakı Apellyasiya Məhkəməsi 4 müxalifət fəalını həbsdə saxladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrliyi ilə 2 aprel mitinqi ilə əlaqədar həbs edilmiş 4 müxalifət fəalının apellyasiya şikayətinə baxılması yekunlaşıb.

Məhkəmə onların azad edilməsi haqqında şikayəti təmin etməkdən imtina edib.

Oktyabrın 10-da Nəsimi rayon məhkəməsi Müsavat partiyası gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Ülvi Quliyevi CM-in 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimətin göstərilməsi) maddələri üzrə təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib.

AXCP gənclər şöbəsinin üzvü Elnur Məcidli və Müsavat Partiyasının fəalı Rüfət Hacıbəyli 233-cü maddə ilə təqsirli bilinərək, müvafiq olaraq iki il və bir il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

Bugünki iclasda vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini və təkrar araşdırma aparılmasını tələb ediblər. Müttəhimlər özləri də təqsirsiz olduqlarını bildiriblər.

Quliyev deyib ki, fəallar yalnız korrupsiya və rüşvətxorluğa qarşı etiraz əlaməti olaraq dinc aksiya keçirdiklərinə görə həbs olunublar.

Məmmədli bildirib ki, fəallar ərəb ölkələrində diktator rejimlərinə qarşı hərəkatların nümunəsi ilə demokratik dəyişikliklər uğrunda dinc mübarizə aparırdılar.

Məcidli hakimləri ədaləti qərar qəbul etməyə çağırıb.

Zalda iştirak edənlər təqsirləndirilənlərin çıxışlarını alqışlayıblar.

Qısa müşavirədən sonra hakim Nəsimi rayon məhkəməsinin hökmünün qüvvədə saxlanması barədə qərarı elan edib.

Müttəhimlər məhkəmənin qərarını “Hakim, sən köləsən, sən qulsan!” şüarları ilə qarşılayıblar.

Vəkil Yalçın İmanov məhkəmənin qərarını gözlənilən adlandırıb. Proses Azərbaycan məhkəmələrinin vəziyyətini bir daha göstərib”, deyə İmanov bildirib.

2011 Dekabr 01

“CONTACT”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button