Bakıda keçmiş polisin qətli ilə bağlı – RƏSMİ MƏLUMAT

Baş Polis İdarəsi və şəhər Prokurorluğu məlumat yaydı.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtda törədilən qətllə bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan daxil olan məlumatda bildirilir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 01.00 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapançanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məlumat üçün bildirək ki, güllələnən keçmiş polis şirkət rəhbəri olub. 

xural.com apa.az-a istinadən xəbər verir ki, Nizami rayonu, Əzimzadə küçəsi 20 ünvanında tapançadan açılan atəş nəticəsində qətlə yetirilən Nadir İbrahimov “Butastone” şirkətinin təsisçilərindən biri olub. Mətbuatda dəfələrlə adıçəkilən şirkətdə baş verən özbaşınalıqlar barədə məlumatlar yayılıb.

Belə ki, həmin şirkətdə çalışan və əmək haqlarını ala bilməyən fəhlələrin bir neçə dəfə mətbuatda şikayəti dərc olunub. Bu problemlərə səbəb kimi isə şirkətin həmtəsisçiləri olan Namiq Əsədovla Nadir İbrahimovun arasında olan konflikt göstərilib.

Mətbuatda yayılan məlumatlarda həmçinin qeyd olunur ki, N. İbrahimovun şəriki Namiq Əsədov bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır. Namiq Əsədov işinin öhdəsindən gəlmədiyi üçün N. İbrahimovu baş direktor vəzifəsindən uzaqlaşdırıb və səlahiyyəti öz üzərimə götürüb.

Qeyd edək ki, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Qətlə yetirilən N. İbrahimov keçmiş polis işçisidir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button