Bakıda telefon kabel-kanal sistemi təkmilləşdirilir

1461588737575677663_1000x669

Paytaxtın telefon kabel-kanal sistemi təkmilləşdirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bildirilib ki, son zamanlar aparılan araşdırılmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri mümkün olması, kabel-kanal sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib.

Hazırda RYTN Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 kilometr telefon kanalizasiyası və 4006 kilometr kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1800 kilometr fiber optik (FO), 13.371 kilometr fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3500 kilometr müxtəlif tutumlu FO kabeli mövcuddur.

BTRİB-in mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda BTRİB tərəfindən kabel-kanal sisteminin auditi davam etdirilir.

Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir, habelə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.

Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir.

Qeyd olunan səbəblər quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vermir ki, bu da, öz növbəsində, dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən verilən məlumata görə, bu qanunsuz fəaliyyətə yol vermiş şəxslərin cəzalandırılması ilə yanaşı, baş vermiş nöqsanların aradan qaldırılması istiqamətində də ciddi layihələr başlanılıb. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına daim dəstək verən kabel-kanal sistemi yaradılacaq.

Bunu nəzərə alaraq, BTRİB kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button