Bakıda tramvay çəkmək üçün yolqalmayıb

tramvay

Tramvayların ictimai nəqliyyatın ilk növü olduğunu desək, yanılmarıq. Bu gün də dünyanın bir çox inkişaf etmiş ölkələrində tramvaylardan geniş istifadə olunur.

Bir vaxtlar Bakıda da mövcud olan tramvaylar sonradan müxtəlif səbəblərdən istismardan çıxarıldı. Lakin bu gün paytaxtımızda tramvayların fəaliyyətinin bərpa edilməsi yenidən gündəmə gəlib və hətta Nazirlər Kabinetinə təqdim olunan “Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsində də öz əksini tapıb.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Bakıda tramvayların fəaliyyətinin bərpa edilməsi müsbət hal olardı:

“Lakin bunun üçün qarşıda iki əsas məsələ dayanır. Birincisi, tramvay yolu üçün məkan tapmaq lazımdır, çünki tramvay yolu konkret küçələrdə, prospektlərdə yer tutmalıdır, o cümlədən, tramvay parkı olmalıdır. Bu məkanın müəyyən edilməsi elə də asan məsələ deyil. Çünki bu gün Bakının yollarında sıx hərəkət var, hətta hansısa bir yolda təmir işi aparanda nəqliyyat vasitələrinin sıxlığı yaranır. Belə bir vəziyyətdə tramvay yolu çəkmək çox çətin işdir, lakin mümkündür”.

Ə.Hüseynovun fikrincə, tramvayların bərpa edilməsi üçün ikinci məsələ maliyyə vəsaitinin tapılmasıdır:

“Tramvayların bərpa edilməsi üçün böyük məbləğdə vəsait lazımdır. Tramvay xətlərinin tikilməsi, tramvay parkının yaradılması, tramvayların alınıb Bakıya gətirilməsi xeyli vəsait tələb edir. Tramvayların qiyməti avtobuslardan bahadır. Burada bir məsələ də var ki, tramvay rentabelsiz nəqliyyat növüdür, çünki ictimai nəqliyyat olduğu üçün qiymətini qaldırmaq olmur. Bu baxımdan tramvayların bərpasına sərf edilən vəsaiti sərnişinlərin gediş haqqı ilə geri qaytarmaq da asan məsələ deyil. Burada gərək dövlət dotasiyaları ayrılsın. İndiki vaxtda bunun nə dərəcədə mümkün olmasını demək çətindir”.

Ekspert hesab edir ki, yuxarıda qeyd olunan məsələlər həll olunsa, tramvayların fəaliyyəti bərba edilsə, çox yaxşı olardı: “Tramvay elektriklə işləyən nəqliyyat vasitəsidir, bu, həm ekoloji cəhətdən, həm də sərnişin tutumu baxımından çox faydalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button