Banka borcu olanların ölkədən çıxışına yalnız məhkəmə qərarı qadağa qoya bilər

vəkil Asif Abdullayev
“Azərbaycan Respublikasının vətəndaşı sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Bu hüquq yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Vətəndaşın banka kredit borcu olduğu təqdirdə borcunun qaytarılmaması ilə bağlı vətəndaşların ölkədən çıxışına yalnız məhkəmə qərarı əsasında qadağa qoyula bilər”.

Bu fikirləri femida.az-a vəkil Asif Abdullayev deyib.  Vəkil qeyd edib ki, ilk növbədə kredit borcunun qaytarılması barədə məhkəmə qərarı (qətnamə və ya əmr) qəbul edilməli və həmin qərar qanuni qüvvəyə minməlidir:

“Daha sonra həmin qərarın icra olunması üçün müvafiq İcra şöbəsinə göndərilməlidir. İcra məmuru borclu üçün ən çoxu 10 gün olmaqla, məhkəmə qərarını könüllü icra etmək üçün vaxt verir. İcra haqqında qanuna əsasən, məhkəmə qərarı könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”.

Asif Abdullayev onu da vurğulayıb ki, borclu tərəf ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardan şikayət verə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button