Baş Prokurorluq kimin müdafiəçisidir: Dövlətin, yoxsa Nəqliyyat qoçularının? – İddia

İstənilən rejimin çöküşü ədalətə inamın çöküşündən başlayır. Məhz bu səbəbdən də böyük Atatürk “mülkün təməli Ədalətdir”, – deyirdi. Böyük mütəfəkkirlərdən birinin söylədiyi başqa bir aforizm də Atatürkün bu düşüncələrini təsdiqləyir: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, ya da günahsıza cəza veriləndə”. Sözsüz ki, günahkarın cəzasız qalması, günahsızın isə cəzalanması cəmiyyətdə ədalətsizliyin kök salması deməkdir və Atatürkün nöqteyi nəzərincə məsələyə baxanda dövlətin təməlinin sarsılması təəccüblü deyil.

Təəssüf ki, gənc müstəqil dövlətimizdə onun təməllərini sarsıdan hər iki amilin ikisinin də getdikcə vüsət aldığını müşahidə edirik. Ən qəribəsi isə odur ki, nəticə etibarilə təxribata bənzər bu hadisələrin meydana gəlməsində Azərbaycan hüquq mühafizə orqanları da mühüm rol oynayır. Təyinatı dövlətin iqtisadi strukturlarını tar-mar edən korrupsiyaya, sabotajlara qarşı mübarizə aparmaq olan orqanların öz işlərinin öhdəsindən gəlməməsi barədə mətbu orqanlarda tez-tez dərc olunan yazılar ölkə rəhbərliyini ciddi düşündürməli, vətəndaşların dövlətdən niyə narazı salındığının əsl səbəbi araşdırılmalıdır.

Redaksiyamıza şikayət edən iş adamı Adil Nəcəfovun dilə gətirdiyi bəzi məlumatlar da bu qəbildən olub hüquq mühafizə orqanlarının şüurlu, yaxud şüursuz dövlətin təməllərini sarsıdan ədalətsizliklərə imza atdıqlarının ən bariz nümunələrindəndir. Azərbaycan hakimiyyətinin bu gedişata “dur” deməsi üçün Adil Nəcəfovun şikayətini ictimailəşdirməyə qərar verdik.

İş adamının “Hürriyyət” qəzetinə verdiyi məlumata görə, təsisçisi olduğu “Uğurlu” MMC-nin banklara 750 min manat borcu var. O, hazırda borcunu ödəyə bilmir, görünən budur ki, heç ödəyə bilməyəcək də. Çünki borcunu ödəməsi üçün şirkətinin işləməsi lazımdır. Nəqliyyat Departamenti 2015-ci ildən etibarən “Uğurlu” şirkətinin işlədiyi 110, 103 nömrəli marşrutları onun əlindən alıb. Şirkət isə banklardan həmin kreditləri sözügedən marşrutlarda işləmək üçün alıbmış və hamısını Nəqliyyat Departamentinə ya rüşvət verib, ya da ona zorla satılan avtobusların alınmasına sərf edib. Ən sonunda da marşrutları iş adamının əlindən alıb onu quru düzdə qoyublar.

Bildirdiyinə görə, rəhbəri və təsisçisi olduğu “Uğurlu” şirkətinin 28 avtobusu var. Kreditlə aldığından hər nəqliyyat vasitəsi ona onminlərlə dollara başa gəlib: “Nəqliyyat Departamenti bizə yeni avtobusları zorla aldırırdı. Əks halda marşrutu tərk etmək məcburiyyətində qala bilərdik. Elə avtobuslar var ki, hər biri kredit ödənişləriylə 140 min manata (söhbət 2012-ci ildən gedir və o zaman bir manatın məzənnəsi 1.2 dollara bərabər idi) gəlib çıxdı. 80 min manata başa gələn avtobular da var. Ümumilikdə mən bu avtobusların alınması üçün 3 milyon manata yaxın kredit götürməli oldum”.

Nəqliyyat Departamentinin iş adamına qurduğu tələ bununla da bitmir. Şikayətçinin dediyinə görə, elə ki, avtobuslar alındı və şirkətin böyük həcmdə borcu yarandı, Departamentin rüşvət tələbi də artdı: “Hər il bizdən eyni marşrutda işləyə bilməyimiz üçün 300 min manat rüşvət istənilirdi. Məbləğin böyüklüyünə baxmayaraq, biz tələb olunanı verməyə məcbur idik. Əks halda, kreditləri ödəyə bilməz və çətin vəziyyətdə qalardıq. Hər maşın üçün 20 min manatı əvvəlcədən ilkin ödəniş kimi ödədiyimizdən bu öhdəlikdən qaça da bilmirdik”.

Beləcə, Nəqliyyat Departamenti bir tərəfdən şirkətə avtobus satmaqla, bir tərəfdən isə ondan külli miqdarda rüşvət almaqla iş adamını kredit götürməyə vadar edir, 2015-ci ildə isə marşrutları əlindən almaqla onu banklardan borclu vəziyyətə salır. Şikayətçinin bildirdiyinə görə, üst-üstə hardasa götürdüyü 3 milyon dolların böyük qismini ödəsə də, hələ də 750 min manat borcu var.

İş adamı rüşvət verdiyi şəxslərin adını da gizlətmir. Onun sözlərinə görə, Nəqliyyat Departamentinin məsul şəxsləri Yunis Abdullayev, Elxan Hüseynov, Mayıs Usubova üst-üstə 1 milyon 500 min manat rüşvət verib. Onlar isə rüşvət qarşılığında iş adamına verdikləri sözləri tutmayıblar. Nəticədə iş adamı kredit borclarını ödəyə bilmədiyindən həm də banklar öz fəaliyyətlərini yerinə yetirə bilmirlər. Bir sözlə, bir neçə acgöz məmurun hərisliyi həm iş adamının külli miqdarda zərərə düşməsinə, həm də bank sisteminin axsamasına səbəb olub.

Adil Nəcəfovu ən çox narahat edən isə başına gələnlərlə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayətlər zamanı qarşılaşdıqlarıdır.

İş adamının Prezident İlham Əliyevə ünvanladığı məktubda bu barədə deyilir:

“Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə “baxdılar” və heç bir nəticə olmadı. Əvvəl dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək, işin bağlanmasını istədi. Əlbəttə, mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə göndərdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa, onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər?

2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum.

Elə həmin İdarəyə ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, “işin araşdırılması mənə həvalə olunub. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm””.

İş adamının özünün yazdığı kimi insan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur:
“Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?

Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlardan öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susmuşdur. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maneə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcüd deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir…”.

İş adamının iddiasına görə, dövlət başçısına etdiyi müraciətlərdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev fevralın 6-da Adil Nəcəfovu qəbul edib. İş adamı Tendensiya.com-a verdiyi açıqlamada bildirib ki, Kamran Əliyev onu çox yaxşı qarşılayıb: “Korrupsiya İdarəsinin işçilərinin mənlə necə davrandığını onun nəzərinə çatdırdım. İşin obyektiv araşdırılmasını Kamran Əliyevdən istədim. Kamran Əliyev işin yenidən araşdırılacağı ilə bağlı məni arxayın etdi. Daha sonra Korrupsiya İdarəsindən mənə bildirildi ki, işi araşdırmaq üçün Rəşad İskəndərov adlı əməkdaşa tapşırıq verilib. Fevralın 20-də özüm Korrupsiya İdarəsinə gedib, işlə maraqlandım. Rəşad İskəndərov mənlə görüşməkdən imtina etdi, guya bunu qanun qadağan edir. Daha sonra növbətçi prokuror Arif Əyyubov məni qəbul edərək bildirdi ki, müraciətim əsasında Rəşad İskəndərovun apardığı araşdırmanın nəticəsi təsdiqini tapmayıb. Daha sonra öyrəndim ki, Rəşad iskəndərov ümumiyyətlə işi araşdırmayıbmış. Sadəcə Kamran Əliyev məni qəbul etməklə, bizi yola vermək istəyib.

Dəhşətlisi odur ki, Korrupsiya İdarəsi bu işə baxıb qərar verdiyi üçün başqa hüquq-mühafizə orqanları şikayətlərimə baxmaqdan imtina edirlər. Məhkəmə də Korrupsiya İdarəsi ilə üz-üzə gəlməmək üçün şikayətimi təmin etmir. Bu vəziyyətdə nə edəcəyimi bilmirəm. Sizin vasitənizlə dövlət başçısı İlham Əliyevə müraciət edirəm. Cənab Prezident!
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin cinayətkarları himayə etməsini araşdırın. Korrupsiyaya bulaşmış Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını cəzalandırın. Mənim kimi yüzlərlə vətəndaş niyə dövlətindən incik düşməlidirlər. Bu şəxslər Siz başda olmaqla Azərbaycana xəyanət edirlər. Baş Prokurorluğa Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə bağlı şikayət edirəm. Şikayəti araşdırmaq üçün onu yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərirlər. Bu hansı qanuna və hansı məntiqə sığır?”

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(gunaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button